Məhkəmə qərarları › İş №e-2(005)-2508/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2508/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2508/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı Sadıq oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Sadıq oğlunun Cavabdehnə “müqavilə şərtlərinin pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sadıq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ondan qanunsuz alınmış 7380 ABŞ dolları və 13 il ərzində ona dair faiz qismində hesablanmış 7694.388 ABŞ dolları, binanın saxlanılmasına dair artıq alınmış 557 manatı, 30 manat dövlət rüsumunu, etibarnaməyə sərf edilmiş 11.5 manatı, ümumilikdə 15074.388 ABŞ Dolları İcra gününə olan Mərkəzi Bankın məzənnəsi ilə, Qaz sayğacına dair 400 manat, Antenaya dair 120 manat, Su Sayğacına dair 70 manat, işıq Sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləği və 598.5 manat məbləğlərini Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İnam Bayram-M MTK ilə 118 saylı 07 dekabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MTK-ya Yasamal rayonu X4 massivi X6 ev 20 ünvanında yerləşən yaşayış massivində 22 saylı ümumi sahəsi 106.5 kv.m yaşayış sahəsi isə 60 kv.m olan mənzili təhvil verməyi öz öhdəsinə götürmüşdür. Mənzilin 1 kv.m sahəsinin qiyməti 450 ABŞ dolları məbləğində müəyyən edilərək ümumilikdə 47925 ABŞ dolları hesablanmış və tərəfindən müəyyən vaxtlarda hissə-hissə ödənilmişdir. Sonuncu dəfə ödəniş tərəfindən ödənilən zaman ona bildirilmişdir ki mənzilin sahəsi artıqdır yəni 110 kv.metrdir və buna görə o əlavə 3.5 kv.m sahənin dəyərini ödəməlidir, əks halda ona maliyyə arayışı verilməyəcək. Məcbur qalaraq qeyd edilmiş 3.5 kv.m sahənin dəyərini ödəməli olmuş və buna dair 23.02.2021-ci il tarixli 03 nömrəli Maliyyə Arayışı təqdim edilmişdir, Maliyyə Arayışında müqavilədən fərqli olaraq 106.5 kv.m yox real ödənilmiş 110 kv.m sahənin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Bundan sonra o bütün sənədləri Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə təqdim edərək, müvafiq qaydada Çıxarış əldə etmişdir. Çıxarış əldə edəndən sonra mənzilin real sahəsi 93.6 kv.metr olduğu müəyyən olunmuşdur, beləliklə mənzilin sahəsinin fərqi 110-93.6=16.4 kv.m təşkil etmişdir. Qeyd edilməlidir ki, iddiaçı daima 2012-ci ildən bu günə qədər binanın saxlanılmasında dair mənzilin sahəsinin hər kv.m görə (106.5 kv.m hesabı ilə) 0.40 manat (aylıq 43 manat olmaqla) məbləğində pul ödəmişəm. Müvafiq hesablamalar nəticəsində ondan qanunsuz olaraq 106.5- 93.6=12.9 kv.m aylıq ödənişlər alınmışdır ki, 9 il ərzində bu məbləğ 108 ay x 12.9 kv.m x 0.40 manat=557 manat təşkil etmişdir. Mənzilin sahəsinin müqavilədə az olmasından 16.4 kv.m sahənin məbləği alınmışdır ki, bu da 16.4 X 450 ABŞ dolları=7380 ABŞ dolları məbləğində olmuşdur. Bundan əlavə cavabdeh MTK ondan qanunsuz və müqavilənin şərtlərinə uyğun olmayan tələblər irəli sürmüş və o məcbur olub müəyyən ödənişlər etməli olmuşdur, belə ki, Qaz sayğacına dair 400 manat, Antenaya dair 120 manat, Su Sayğacına dair 70 manat, işıq Sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləğində ödəniş etməli olmuşdur. Normanın tələbinə əsasən qanunsuz alınmış 7380 ABŞ dolları məbləğinə 2007- 2020-ci illər ərzində bank uçot dərəcəsinə əsasən (2007-2020-ci illər ərzində bank uçot dərəcəsi 43-dəfə dəyişmiş və toplam 345.25 faiz olmuşdur 345.25/43=8.02 % illik orta faiz dərəcəsi hesablanmışdır) 7380 X 8.02 % X 13 il=7694.388 manat məbləği təşkil etmişdir. Məhkəmə iclasında İddiaçı Sadıq oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmədə verdiyi izahatında bildirmişdir ki, işin hallarında göründüyü kimi tərəflər arasında müqavilə 07 dekabr 2006cı il tarixində bağlanmışdır, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı isə ondan 6-il sonra qəbul olunmuşdur ki, onun təsiri hazırki mübahisə ilə əlaqəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə işgüzar ədalətlərə əsasən bu tip müqavilələr bağlanarkən mənzilin bütün sahəsi nəzərdə tutulurdu və mənzilin hesablanmasında hər hansı əmsal tətbiq olunmurdu. 2. Ekspert mənzilin oxdan-oxa olan (yəni faktiki) sahəsinin 99.35 kv.m olduğunu qeyd edir ki, burada hər hansı əmsaldan söhbət gedə bilməz. Yəni mənzilin real sahəsi (hər hansı əmsalsız) 99.35 kv.m Lakin sonradan Ekspert sahənin müqavilə ilə uzlaşmamasının səbəbini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə uzlaşdırmağa çalışır. Real (faktiki) sahə 99.35 kv.m olan halda birmənalı şəkildə müəyyən olunur ki, sahə uyğun deyil heç burada əmsalın tətbiqinə ehtiyac belə qalmır, çünki müqavilə üzrə Cavabdeh hazırki iş üzrə iddiaçı olan İddiaçı müqavilənin 2.1.1-ci maddəsinə əsasən ümumi sahəsi 106.5 kv.m, yaşayış sahəsi isə 60 kv.m olan mənzil təhvil verməli idi. Real (faktiki) sahənin ölçülməsində hazırki qüvvədə olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarını tətbiq etsək sahə daha az olacaq. Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarını tətbiq etməklə mənzilin sahəsinin 93.6 kv.m hesablamışdır. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq müəyyən olunur ki, Ekspertin 2-ci suala cavabı təhrif olunmuş və reallığı əks etdirmir. Məhkəmə Qərara qəbul edərkən ilk öncə nəzərə almalıdır ki, müqavilə bağlanan zaman Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı mövcud deyildir, və işgüzar ədalətlərə əsasən bu tip müqavilələr bağlanarkən mənzilin bütün sahəsi nəzərdə tutulurdu. Bundan əlavə Ekspert Rəyinə əsasən hal-hazırda mənzilin real, faktiki sahəsi 99.35 kv.m təşkil etdiyindən müqavilə üzrə qeyd edilmiş 106.5 kv.m və sonradan əlavə ödənilmiş 3.5 kv.m ümumilikdə 110 kv.m tələblərinə cavab vermir. Bu səbəbdən iddia tələbi əsaslıdır, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MTK-a məlumat verilmiş, lakin onlar üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlar: İddiaçı Sadıq oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdehnə göndərilmiş pretenziyanın surətində “Normanın tələbinə əsasən qanunsuz alınmış 7380 ABŞ dolları məbləğinə 2007- 2020-ci illər ərzində bank uçot dərəcəsinə əsasən (2007-2020-ci illər ərzində bank uçot dərəcəsi 43-dəfə dəyişmiş və toplam 345.25 faiz olmuşdur 345.25/43=8.02 % illik orta faiz dərəcəsi hesablanmışdır) 7380 X 8.02% X 13 i 1=7694.388 manat. Bütün yuxarıda qeyd edilənləri rəhbər tutaraq yazıb sizdən xahiş edirəm ki, məndən qanunsuz alınmış 7380 ABŞ dolları və 13 il ərzində ona dair faiz qismində hesablanmış 7694.388 ABŞ dolları, binanın saxlanılmasına dair artıq alınmış 599 manatı, ümumilikdə 15074.388 ABŞ Dolları və 599 manat məbləği ödənilməsini 3 gün ərzində təmin edəsiniz, əks halda məhkəməyə müraciət olunacaq” göstərilmişdir; İddiaçı Sadıq oğlu ilə Cavabdeh MMC arasında bağlanmış 07 dekabr 2006-cı il tarixli müqavilənin məzmunundan görünür ki, “Cəmiyyət” Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, X5, ev 20 ünvanda yerləşən yaşayış binasını tikməyi və həmin binanın 2 otaqdan ibarət, ümumi sahəsi 106,5 kv.m, yaşayış sahəsi 60 kv.m olan 22 saylı mənzili “Payçıya” təhvil verməyi, “Payçı” isə bu müqavilə ilə müəyyən edilmiş qaydada 22 saylı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür; İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, X5, ev 20, mənzil 22, giriş-1 93,660 kvm-li mənzil İddiaçı Sadıq oğlunun adına 01.04.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Cavabdeh 23.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X4 Massivi, X6 bina 20 ünvanda inşa edilmiş 18 mərtəbəli yaşayış binası Cavabdeh MTKya məxsusdur. Bu binanın 1-ci girişində 5-ci mərtəbəsində yerləşən 2 otaqlı ümumi sahəsi 110 kv.m olan 22 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, Qərardadın birinci sualı üzrə Bakı şəhəri, Yasamal rayonu, X4 massivi X6 20 ünvanında yerləşən yaşayış massivində 22 saylı mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) faktiki olaraq 99.35 m2 təşkil edir. Qərardadın ikinci sualı üzrə Mənzilin oxdan-oxa olan sahəsinin (99.35m2) 07.12.2006-ci il tarixli müqavilədə göstərilən (106.5 m2) sahəyə uyğun olmadığı və Bakı şəhəri, Yasamal rayonu, X4 massivi X6 20 ünvanında yerləşən 22 saylı mənzilin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən müəyyən edilmiş sahəsi 01.04.2021-ci il tarixli çıxarışında göstərilən sahəyə və 07.12.2006-ci il tarixli müqavilədə göstərilən sahə arasındakı fərqin yaranmasının səbəbi “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları” və digər əlaqəli qanunlarda nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən nəzərə alınmayan sahələr (divarlar, arakəsmə divarlar, azalma əmsallarının tətbiq olunması və.s) olduğu müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Mülki işin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, 07 dekabr 2006-cı il tarixində onunla Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən “Cəmiyyət” Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, X5, ev 20 ünvanda yerləşən yaşayış binasını tikməyi və həmin binanın 2 otaqdan ibarət, ümumi sahəsi 106,5 kv.m, yaşayış sahəsi 60 kv.m olan 22 saylı mənzili “Payçıya” təhvil verməyi, “Payçı” isə bu müqavilə ilə müəyyən edilmiş qaydada 22 saylı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra Bakı şəhəri, Yasamal rayonu, X4 massivi, X5, ev 20, mənzil 22, giriş-1 93,660 kvm-li mənzil İddiaçı Sadıq oğlunun adına 01.04.2021-ci il tarixdə çıxarış verilmişdir. İddiaçı həm texniki pasport, həm də çıxarış verilən zaman onun mənzili səlahiyyətli orqanın nümayəndələri tərəfindən ölçülmüş və əslində onun Cavabdeh MTK-dan müqavilə əsasında aldığı mənzilin sahəsinin 106,5 kv.m olduğunu bilmişdir. Mənzilin sahəsinin müqavilədə göstərildiyindən az olduğunu bildirərək, aldığı mənzilin sahəsindəki fərqə görə artıq ödədiyi ondan qanunsuz alınmış 7380 ABŞ dolları və 13 il ərzində ona dair faiz qismində hesablanmış 7694.388 ABŞ dolları, binanın saxlanılmasına dair artıq alınmış 557 manatı, 30 manat dövlət rüsumunu, etibarnaməyə sərf edilmiş 11.5 manatı, ümumilikdə 15074.388 ABŞ Dolları İcra gününə olan Mərkəzi Bankın məzənnəsi ilə, Qaz sayğacına dair 400 manat, Antenaya dair 120 manat, Su Sayğacına dair 70 manat, işıq Sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləği və 598.5 manatın ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə əsasən: tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhcərlərinin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən, məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2010-ci il tarixli 695 nömrəli Fərmanına əsasən 59.1-ci maddə göstərilmiş müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsini Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci bəndinə əsasən “Lociya”- xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahə; “Eyvan”-binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş keçid yerləşgə; “Balkon” – fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança hesab olunur. Həmin qərarın 3.2-ci bəndinə əsasən- yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 3.3.-cü bəndinə əsasən açıq yerləşgələrin (balkon, lociya, terras, eyvan) sahələri onların daxili konturu boyu (binanın divarı ilə məhəccər arasında məhəccərin yerləşdiyi sahə nəzərə alınmadan hesablanmış ölçüləri üzrə müəyyən edilir). Həmin qərarın 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar 0,5; eyvanlar (verandalar) – 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə araşdırması zamanı aparılmış ekspertiza tədqiqatının nəticəsi olaraq mənzilin faktiki sahəsinin müqavilə ilə qeyd edilmiş sahəyə uyğun gəldiyindən iddiaçı şəxsin pul tələbi ilə bağlı iddia tələbi tam əsassızdır, qeyd edilən faktın əksinə olmasını sübut və ya təsdiq edən hər hansı hallar müəyyən olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ondan alınan 7380 ABŞ dolları və 13 il ərzində ona dair faiz qismində hesablanmış 7694.388 ABŞ dolların ona qaytarılması tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, ididaçı mənzilin faktiki sahəsinin 107.6 kv.m-dən ibarət olmadığını qeyd etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə bu hal öz təsdiqini tapmamışdır. Digər tərəfdən iddiaçının «binanın saxlanılmasına dair artıq alınmış 557 manat, Qaz sayğacına dair 400 manat, Antenaya dair 120 manat, Su Sayğacına dair 70 manat, işıq Sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləği və 598.5 manat məbləğlərin» tələbləri əsacsızdır və iddiaçı həmin plun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, mənzil artıq iddiaçının xüsusi mülkiyyətdədir. Həmin mənzilə dair iddiaçının kommunal xidmətlərə görə və binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün pul ödəməsi, cavabdehdən quraşdırılmış soyuq su və təbii qaz smart sayğaclar üçün ümumilikdə 670 manat ödənilməsi, cavabdehdən məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə tələblər əsassızdır, təmin oluna bilməz. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün hər hər hansı məbləğin aylıq ödənilməsi barədə razılığa gəlmələri, müqavilə öhdəlikləri götürmələri barədə sənəd mövcud deyil, bu barədə İddiaçı Sadıq oğlu Cavabdeh qarşısında öhdəlik götürməmişdir. Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, iddiaçının qeyd etdiyi kimi binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün arıtq ödənilmiş pul tələb etsə də, mənzilin hazırkı sahəsinin dövlət qeydiyyatına alınmış çıxışda və müqavilədə fərqli olmasının səbəbi ekspert rəyi ilə izah edilmişdir. Cavabdehdən quraşdırılmış soyuq su və təbii qaz smart sayğaclar üçün ümumilikdə 670 manat ödənilməsini tələb etməsi üçün hüquqi əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Sadıq oğlunun Cavabdehnə “müqavilə şərtlərinin pozulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü tələbləri əsaslandıra bilmədi. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sadıq oğlunun Cavabdehnə “müqavilə şərtlərinin pozulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizanın xərci olaraq 50 manat İddiaçı Sadıq oğlundan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar