Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2542/2025 22.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5975 manat borcun, habelə hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat pulun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 79,75 manat pulun Cavabdeh tutularaq İddiaçı X1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 10/24 nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə Müqavilənin 1 nömrəli Əlavəsində göstərilmiş Jiangmen MT 250 CC adlı malı satmağı, cavabdeh isə iddiaçıya həmin malın dəyərini ‘lavə 1-də göstərilmiş ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və şərtlərlə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin təqdim olunmuş mala görə nəzərdə tutulmuş malın dəyəri cavabdeh tərəfindən tam ödənilməmişdir. Belə ki, əlavə 1-də qeyd olunmuş ödəniş cədvəlinə əsasən malın dəyərinin yalnız bir hissəsi, yəni 280 manat ödənilmiş və cavabdehin addiaçıya 5.975 manat borcu qalmışdır. Qeyd edilən hallar onu göstərir ki, cavabdeh öz müqavilə öhdəliklərini pozmuşdur. Belə ki, Müqavilənin 2.4.1-ci maddəsinə əsasən, cavabdehin aüqavilə ilə müəyyən olunmuş qaydada ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında və tam ödəmək vəzifəsi var. Lakin cavabdeh əlavə 1-də göstərilmiş ödəniş cədvəlinə uyğun olaraq ödənişləri həyata keçirməmiş, ilkin ödəniş tarixi xx.xx.2024-cü il tarixi olmasına baxmayaraq indiyə kimi ödəniş cədvəli üzrə heç bir ödəniş etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, müqavilənin 2.1.1-ci bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilmiş ödənişlər alıcı tərəfindən 3 təqvim günündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 dəfədən çox gecikdirildikdə satıcı müqavilə üzrə bütün qalıq borcu tam tələb edə bilər və müqavilənin 2.4.1-ci bəndinə əsasən, bu halda alıcının müqavilə üzrə bütün qalıq borcu vaxtından əvvəl tam olaraq ödəmək vəzifəsi var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx/xx/2024-cü il tarixli, 10/24 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, "Satıcı" "Alıcı'ya siyahısı Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən Mal(lar)ı satır, "Alıcı" isə həmin Malı qəbul edir və bu Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Əlavə 1-də ödəniş cədvəlinə əsasən müəyyənləşdirilmiş müddətdə və şərtlərlə "Satıcı" ya ödəyir. - xx/xx/2024-cü il tarixli, 10/24 nömrəli əlavə 1-dən görünür ki, Cavabdeh ilkin ödəniş olaraq 350 AZN ödəmiş, 12 ay müddətinə 493 manat ödəməklə cəmi 5905 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - xx/xx/2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Jiangmen MT 250 CC adlı məhsul İddiaçı MMC tərəfindən Cavabdeh təhvil verilmişdir. - xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixində bağlanmış 13984226 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya 'ABC'-nin əmlakı hesab olunur və “Müştəri” tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə, 'Mal'a tam sahiblik hüququ “Müştəri”-yə keçir. - xx.xx.2025-ci il tarixli, 36/25 nömrəli Cavabdeh ünvanlanmış bildiriş məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 10/24 nömrəli Müqavilə üzrə qalan 5,975 manat məbləğində olan borcunuzu bu məktubu aldığı gündən etibarən 10 (on) təqvim günü ərzində ödəməsi tələb olunub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixində bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdeh öhdəliklərini icra etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 5975 manat məbləğində borc cavabdehdən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin iddianın 300 manat məbləğində vəkil xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. MPM-nin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə bağlı xərclərə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 300 manat hüquqi yardım görə ağlabatan məbləğdə, yəni 300 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş 79,75 manat dövlət rüsumunun müvafiq olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, bildirişi və təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi alqı-satqı müqaviləsi üzrə borcun tutulması hissəsində əsaslıdır, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5975 manat borc, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat pul və 79,75 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 5975 manat borc, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 300 manat pul və 79,75 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2542/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2542/2025
22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver