Məhkəmə qərarları › İş №e-2(005)-2554/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2554/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2554/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, 3400 (üç min dörd yüz) manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 324,67 (üç yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat, cəmi 3724,67 (üç min yeddi yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat pulun və ödənilmiş 57,25 (əlli yeddi manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh arasında 44/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı- Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhviltəslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitəsini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə verir, “Alıcı” isə nəqliyyat vasitəsini dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 saylı Əlavəsinə əsasən 4700 (dörd min yeddi yüz) manat məbləğində “SYM X Pro 125cc” markalı, LXMAEA303LXA34343 ban nömrəli nəqliyyat vasitəsini Cavabdeh istifadəsinə vermişdir. Bunun müqabilində cavabdeh ilkin ödəniş olaraq 500 (beş yüz) manat, daha sonra isə 4200 (dörd min iki yüz) manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borcunu bir müddət ödəsə də, daha sonra borcunu ödəməkdən imtina etmişdir. Cavabdehə dəfələrlə Alqı-Satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada müraciətlər olunsa da, bu günə qədər cavabdeh ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Həmçinin, tərəflərindən şəxsin son məlum olan ünvanına da pretenziya məktubu ünvanlansa da məktubun çatdırılması mümkün olmamışdır. Bundan əlavə, Cavabdeh əvvəllər daxili işlər orqanının əməkdaşı olmuşdur. Buna görə də, iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin müvafiq idarələrinə müraciət olunaraq şəxs barəsində tədbir görülməsi xahiş olunmuşdur. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixində 3-13-17/2-6615/2023 nömrəli məktub ünvanlanaraq şəxsin daxili işlər orqanlarından xaric edilməsi barədə məlumat verilmişdir. Lakin Cavabdeh borcu yenə də ödəməkdən boyun qaçırmışdır. İdiaçı hesab edir ki, Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin Nisyə Alqı-Satqı Müqaviləsi üzrə əsas borcu 3400 (üç min dörd yüz) manat təşkil etməkdədir. Cavabdeh məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş cavabdehin iddiada qeyd olunan ünvanın tam olmaması səbəbindən qəbul edilməmiş, beləliklə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı Cavabdeh arasında 44/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsi bağlanmış, Satıcı” xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitəsini ona məxsus texniki sənədləri ilə birlikdə “Alıcı”nın mülkiyyətinə vermişdır. - Müqavilənin 1 saylı Əlavəsinə əsasən 4700 (dörd min yeddi yüz) manat məbləğində “SYM X Pro 125cc” markalı, LXMAEA303LXA34343 ban nömrəli nəqliyyat vasitəsini Cavabdeh istifadəsinə vermişdir. Bunun müqabilində cavabdeh ilkin ödəniş olaraq 500 (beş yüz) manat, daha sonra isə 4200 (dörd min iki yüz) manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin Nisyə Alqı-Satqı Müqaviləsi üzrə əsas borcu 3400 (üç min dörd yüz) manat təşkil edir. -İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdeh gecikdirilən günlərə görə hesablanmış borcunu ödəməsi tələb olunur. Əks halda 3 iş günü ərzində riayət olunmadığı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -xx.xx.2025-ci il tarixə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, 44/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh İddiaçınə 3400 (üç min dörd yüz) manat məbləğində əsas borcu, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 324,67 (üç yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat borcu var. -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİNnin BPQMİ-nin MAPS şöbəsnin arayışından müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. -xx.xx.2025-ci il tarixli, **********60 №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 57,25 AZN məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış 44/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Cavabdeh tərəfindən 500 manat ilkin ödəniş edilmişdir. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti (12 ay) və məbləği (hər ay 350 manat olmaqla) göstərilmişdir. Cavabdeh 4700 (dörd min yeddi yüz) manat məbləğində 2020-ci il buraxılışlı qara rəngli “SYM X Pro 125cc” markalı, LXMAEA303LXA34343 ban nömrəli nəqliyyat vasitəsini Cavabdeh istifadəsinə vermiş, cavabdeh nəqliyyat vasitəsini tam saz şəkildə təhvil almışdır. Bunun müqabilində cavabdeh ilkin ödəniş olaraq 500 (beş yüz) manat, daha sonra isə 12 ay müddətinə, hər ay 350 manat olmaqla, cəmi 4200 (dörd min iki yüz) manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri etməmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 3400 (üç min dörd yüz) manat əsas ödənilməmiş borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 324,67 AZN manat faiz borcunun ödənilməsini tələb edir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki iş üzrə xx.xx.2022-ci il tarixdə 12 ay müddətinə bağlanmış müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Cavabdeh iddiaçının müraciətindən sonra da pul vəsaitini banka geri qaytarmamışdır. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MMin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Qeyd olunanlara əsasaən məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə əsaslı olduğundan, gecikdirilmiş vaxt üçün illik 5%-lə 324,67 (üç yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tam təmin edildiyindən, cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 57,25 AZN məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 44/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə əsasən 3400 (üç min dörd yüz) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə 324,67 (üç yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 3724,67 (üç min yeddi yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat və 57,25 (əlli yeddi manat 25 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinəödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 44/22 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-Satqı müqaviləsinə əsasən 3400 (üç min dörd yüz) manat məbləğində əsas borc, gecikdirilmiş vaxt üçün illik 5%-lə 324,67 (üç yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla cəmi 3724,67 (üç min yeddi yüz iyirmi dörd manat altmış yeddi qəpik) manat və 57,25 (əlli yeddi manat 25 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar