Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-261/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı (açar sözlər: sudan istifadəyə görə yaranmış borcun silinməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən hesablanmış 43.482,49 manat (qırx üç min dörd yüz səksən iki manat qırx doqquz qəpik) məbləğində borcun silinməsi öhdəliyi "xxxx" ASC (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) və "xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) Nərimanov Rayon Sukanal İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 498407 nömrəli xəbərdarlıq məktubuna əsasən xx.xx.2024-cü il tarixinə 1 saylı Bakı Ərazi İdarəsinin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə 43482,49 manat son ödəmə tarixi keçmiş ödənilməmiş borcu yaranmışdır. Həmin borcun 7 iş günü müddətində ödənilməsi tələb olunur. Əks təqdirdə göstərilən xidmət dayandırılacaq, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması təmin ediləcəkdir. Bununla əlaqədar olaraq bildirir ki, cavabdehin tələb etdiyi borc ünvan 1 ünvanında yerləşən inzibati binanın İdarənin balansına verilməmişdən öncə yaranmışdır. Belə ki, xx.xx.2009cu il tarixli təhvil-qəbul aktına əsasən inzibati bina İdarənin hüquqi varisi olduğu Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin balansına qəbul edilmişdir. Həmin tarixə qədər İdarə qeyd olunan ünvanda yerləşən inzibati binada fəaliyyət göstərməmişdir. Belə ki, İdarə tərəfindən istifadə edilməmiş su təchizatı xidmətlərinə görə yaranmış borca görə məsuliyyət daşımır. "xxxx" ASC tərəfindən təqdim edilmiş “Abonent haqqında məlumat cədvəli”ndən görünür ki, cavabdehin tələb etdiyi borc məbləği 2009-cu ilə qədər yaranmış borcdur. xx.xx.2009-cu il tarixli təhvil-qəbul aktı əsasında İdarənin balansına verilmiş binada istifadə edilən əvvəllər yaranmış su təchizatı borcuna görə İdarə məsuliyyət daşıya bilməz. Bu borcun tələb edilməsi isə qanunsuz və əsassızdır. Həmçinin cavabdeh mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, abonent kodu məlumatlarına əsasən abonent kodunun yaradılması 1998-ci il tarixdən göstərilir və həmin ildən müəyyən məbləğdə pullar göstərilir, hansı ki həmin məbləğlər hesablamalarına görə 1998-ci il və 1999-cu illərə aid məbləğlərdir, sadəcə olaraq müəyyən ödənişlər olunub və silinib. 2009-cu ildən inzibati bina iddiaçının balansına verildiyindən, həmin borclarla bağlı idarə məsuliyyət daşıya bilməz və bu pul idarədən tələb oluna bilməz. Qarşı tərəfə borcun yarı hissəsinin ödənilməsi təklif olunmuş, lakin onlar razı olmamışdırlar. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, borcun əsası 2000-ci ildən başlayır. İddiaçı tərəf özünün satışa dair borclarını ödəmişdir. Lakin tərəflər arasında 2015-ci ildə 35000 manata dair üzləşmə aktı imzalanmışdır. Bu abonent kartı ilə də müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən tərəf həmin kod əsasında fəlaiyyət göstərirsə, digər tərəfə borcu ödətdirdikdən sonra həmin ərazidən istifadə edən zaman ya yeni kod, ya da borcsuz kod verməli idi. Kod bir dəfə açılır, ikinci dəfə müqaviləni dəyişmək isə iddiaçının öhdəliyindədir və onlar tərəfindən müraciət olunmalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 2 ünvanında 090438 abonent kodu üzrə borc cəmi 43482,49 manat təşkil edir. - 17 sentyabr 2009-cu il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, 5 mərtəbəli inzibati bina digər maddi qiymətlilər ilə birlikdə İXMİM-nin balansından DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin balansına verilmişdir. - 20 may 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cəmiyyət tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi ilə xəbərdarlıq göndərilmiş və yaranmış borcun 7 iş günü ərzində ödəməyi tələb olunmuşdur. -"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs Nərimanov rayon Sukanal İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış bildirişlə müəyyən olunur ki, ünvan 4 ünvan üzrə xx/xx/2025-ci il tarixə qalıq borc 43.482,49 manat təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydalarının": - 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayma uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. -7.20-ci bəndinə əsasən STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. -7.21-ci bəndinə əsasən, istehlakçı ödəyicinin adı, hüquqi ünvanı, fəaliyyət növü, təsisçisi (təsisçiləri) dəyişdikdə, STKM-i yazılı xəbərdar etməli və zərurət yarandıqda, STKM ilə qarşılıqlı hesablaşmalarda dəyişiklik olan tarixə üzləşmə aktının tərtib edilməsi barədə müraciət etməlidir. - 8.3-cü maddəsinə əsasən, istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. - 8.4-cü maddəsinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun: - 30.2-ci maddəsinə görə Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2002-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinin istifadəsində olan ünvan 4 binanı su ilə təchiz edilmişdir. Hazırda iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsi ünvana dair 090438 abonent kodu üzrə hesablanmış 43.482,49 manat məbləğində borcun bina balansa götürülməmişdən əvvəl yarandığını, həmçinin iddia müddətinin ötürüldüyünü bildirərək silinməsini xahiş edir. Cavabdeh isə mübahisəli borcun iddiaçı tərəfindən üzləşmə aktına əsasən qəbul edildiyini bildirərək, iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi, sudan istifadə Qaydalarının tələblərinə əsasən mülkiyyətçi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Həmin Qaydalarda əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Lakin hazırki iş üzrə əvvəlki mülkiyyətçi – abonent sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə ünvan üzrə borcu (090438 abonent kodu) xx.xx.2015-ci il tarixli üzləşmə aktına əsasən qəbul etmişdir. Məhkəmə iddiaçının mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətinin ötürülməsi və borcun əvvəlki illərə məxsus olmasına dair dəlillərinə münasibətdə isə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -375.2-ci maddəsinin tələbinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. -551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. -554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı). İddia müddəti tələb hüququ üçün xarakterikdir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarı). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər (Müddətin keçməsinə görə öhdəliyin xitamı, maddələr 550- 554) hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenum qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qanunvericiliyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddəti (onun tətbiqi) cavabdehə aid fərdi müdafiə vasitəsi olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanını təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da, cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan azad olsun. Hazırki iş üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Yəni, qeyd olunan hal yalnız “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinə qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman sonuncunun ərizəsinə əsasən mümkün ola bilərdi ki, hazırda da belə bir bir hal mövcud deyil. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmədənkənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Çünki tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə ı onu da qeyd edir ki, subyektiv mülki hüquqlar mənafe və maraqların mühafizəsinə yönəlmişdir. Bu baxımdan, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən, müəyyən halın mövcud olub-olmadığını təsbit etməyi tələb etmək səlahiyyətinə malik şəxslərə çevrilirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia müddətinin ötürülməsi barədə dəlilləri əsassız olduğundan, məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı “"xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən hesablanmış 43.482,49 manat (qırx üç min dörd yüz səksən iki manat qırx doqquz qəpik) məbləğində borcun silinməsi öhdəliyi "xxxx" ASC (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) və "xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) Nərimanov Rayon Sukanal İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2nə qarşı “"xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən hesablanmış 43.482,49 manat (qırx üç min dörd yüz səksən iki manat qırx doqquz qəpik) məbləğində borcun silinməsi öhdəliyi "xxxx" ASC (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) və "xxxx" ASC-nin (indiki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2) Nərimanov Rayon Sukanal İdarəsinə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-261/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-261/2025
12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver