Məhkəmə qərarları › İş №e-2(005)-263/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-263/2023

11.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-263/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzilindən istifadə hüququna 16200 manat kompensasiya ödənilmək şərtilə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək yekunda, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzildən istifadə hüququna 16200 manat kompensasiya ödənilmək şərtilə xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzilindən çıxarılmaları, “X9” MMC-yə ekspertiza xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi və Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli olan 100 manat xərcin cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun doğma oğlu, digər Cavabdeh1 oğlu Cavabdeh2 2012-ci ilin noyabrında nikaha daxil olduğu arvadı, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 isə onların birgə nikahlarından olan övladlarıdırlar. Cavabdehlərlə hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzil onun xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə **********42-05101-093065 reyestr və ********** qeydiyyat nömrəsi ilə qeyd edilmişdir. Həmin mənzildə ondan və cavabdehlərdən başqa digər oğlu X5, qızı X6 öz azyaşlı övladı ilə yaşayırlar. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 özlərinin birgə yaşayış qaydalarına yaraşmayan davranışları ilə mütəmadi olaraq onunla və mənzildə yaşayan digər şəxslərlə əsassız mübahisələr yaradırlar, mənzilə verilən elektrik, su və qaz təchizatından qənaətsiz istifadə etsələr də, onların ödənişində iştirak etmirlər və bunu işsiz olmaları ilə əsaslandırırlar. Bu zəmində yaranan mübahisələr əsasında münasibətləri normal olmadığından, cavabdehlərlə bir “dam” altında yaşamaqları qeyri-mümkündür. Belə ki, uzun illərdir tanıdıqları qonşular arasında da cavabdehlərin yaratdıqları mübahisələr səbəbindən rəzil vəziyyətə düşmüşlər. Onun sağlamlıq vəziyyəti cavabdehlərin həmin hərəkətlərinə uzun müddət ərzində dözməyə imkan vermir. O, özü epilepsiya xəstəsidir və bir qədər də belə davam etsə, onların verdikləri əsəb və stress onu ağır xəstəliyə düçar edə bilər. Cavabdehlərin çalışdıqları əsas məsələ də budur. Cavabdehlərlə onun və digər ailə üzvlərinin birgə yaşayışı mümkünsüz hala gəldiyindən, cavabdehlərə mülkiyyətində olan mənzilin satılaraq, onlara ayrılmalarını təklif etsə də, cavabdehlər onu sözün əsl mənasında “şantaj” və mənzilin özgəninkiləşdirilməsi zamanı onların notarial razılığının tələb edilməsi hüquqlarından suiistifadə edərək, onlara 70000 manat verməyəcəyi təqdirdə, mənzilin satılmasına razılıq verməyəcəklərini bildirirlər. Cavabdehlərdən Cavabdeh1 nikahı 2012-ci ilin noyabr ayında bağlandığından, Cavabdeh1 mülkiyyətində olan mənzildən çıxarılması kompensasiya ödənilmədən təmin edilməlidir. Belə ki, Cavabdeh1 onun gəlini olsa da, faktiki olaraq Cavabdeh2anın arvadı olaraq, sonuncunun ailə üzvüdür. Məhkəmə tərəfindən Cavabdeh2 istifadə hüququna kompensasiya ödənilməsi şərtilə xitam veriləcəyi təqdirdə, hər iki cavabdeh və onların yetkinlik yaşına çatmayan uşaqları mənzildən çıxarılmalıdırlar. Mülkiyyətində olan mənzilin bir otağı ailə olaraq cavabdehlərin istifadəsindədir. “Bina.az” saytından xx.xx.2022-ci il tarixdə əldə edilmiş məlumatlardan görünür ki, Bakı şəhəri Nərimanov rayonunda yaşadıqları ərazidə 1 otaqlı mənzilin kirayə haqqı ortalama olaraq 450 manat həddindədir. Orta aylıq kirayə haqqının 36 aylıq məbləği, yəni 450 x 36 ay = 16200 manat olduğundan, cavabdehlərə 16200 manat kompensasiya ödənilməsi kifayət qədər ədalətli məbləğdir və həmin kompensasiya məbləğinin onlara ödənilməsi şərtilə cavabdehlərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzilindən istifadə hüququna xitam verilməklə, həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin anasının iradə ifadəsi olmadığını, bacı və qardaşı tərəfindən öyrədildiyini, təzyiq olunduğunu bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 72 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli 210 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev 1A, 72 saylı mənzil xx.xx.1989-cu il tarixli 027776 nömrəli orderə (mərhum X3 adına olan order), Cavabdeh1, Cavabdeh2, X1, X2 razılıq ərizələrinə əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir; “Bina.az” saytından çıxarışdan görünür ki, Bakı şəhəri Gənclik bölgəsində 1 otaqlı köhnə tikililərdə 25-50 m2 aralığında olan evlərin icarə qiyməti 350-450 manat civarındadır; “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1, 72 saylı mənzildə X6, Cavabdeh2, X8, X5, İddiaçı, X7 və Cavabdeh1 qeydiyyatdadırlar; İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli təklif məktubundan görünür ki, o, ünvan 1, 72 saylı mənzili satmaq qərarına gəldiyini, 3 gün müddətində müvafiq razılıq ərizələrinin təqdim edilməsi tələbini və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Operativ express poçt xidmətinin 001621 saylı qəbzindən görünür ki, təklif məktubu xx.xx.2022-ci il tarixdə Cavabdeh2 çatdırılmışdır; "xxxx" MMC-nin 0111 saylı xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, ünvan 1, 72 saylı mənzilin bazar dəyəri 130000 manat və son üç il nəzərə alınmaqla aylıq kirayə haqqı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində müvafiq olaraq 18000 (aylıq 500 m.) manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzinin 10/396- 9/421 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 1, 72 saylı mənzilin hazırki vəziyyətdə orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 142000 manat və son 3 il üzrə orta bazar kirayə haqqı təxminən 16200 manat məbləğində müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 72 saylı mənzil iddiaçının mülkiyyətindədir, cavabdehlər isə onun oğlu və gəlini (oğlunun arvadı) olmaqla iki azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə pasport qeydiyyatındadırlar. Cavabdeh1 2012-ci ildən sözügedən mənzildə yaşayır. Cavabdehlərdən Cavabdeh2 həmin mənzildən istifadə hüququnun yaranmış olduğu işin mübahisələndirilməyən halıdır. Digər Cavabdeh1 isə mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə, iddiaçının digər ailə üzvü olmuş Cavabdeh1 ünvan 1, 72 saylı mənzildə qeydiyyatda olsa da, həmin mənzildən istifadə hüququ qazanmamışdır. Belə ki, adı çəkilən cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun (cavabdehin) istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Beləliklə, iddiaçı məhz mülkiyyətində olan mənzildən istifadə hüququnun mövcudluğu mübahisəsiz olan Cavabdeh2 16200 manat kompensasiya ödəmək şərtilə onun həmin hüququna xitam verilməsini, o cümlədən onun ailə üzvləri (arvadı və yetkinlik yaşına çatmayan uşaqları) ilə birlikdə mənzilindən çıxarılmalarını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına görə, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edir ki, “Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi” tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/396-9/421 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə mübahisəsi gedən mənzilin (cavabdehin istifadə etdiyi sahənin) orta bazar kirayə haqqının 16200 manat – yəni, aylıq kirayə haqqının 450 manat məbləğində olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı məhz məhkəmə tərəfindən təyin edilmiş sonuncu ekspert rəyinə əsaslanaraq kompensasiyanın məbləğini azaltmış və cavabdehə istifadə hüququna xitam verilməsinin əvəzi (kompensasiya məbləği) kimi 16200 manat təklif edərək həmin məbləğ müqabilində onun mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsini tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir”. Məhkəmə hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh2 ailə üzvləri (arvadı və yetkinlik yaşına çatmayan uşaqları) ilə birlikdə 3 (üç) il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur. Məhkəmə xüsusilə qeyd edir, kompensasiyanın məbləği mənzilin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə mənzil (ev) almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Həmçinin kompensasiya məbləği müəyyənləşdirilərkən mütləq qaydada mülkiyyətçinin razılığı nəzərə alınmalıdır. Ekspert rəylərində kirayə haqqı müxtəlif (450 və 500 manat) göstərilsə də, məhkəmə sonuncu ekspert rəyini daha mötəbər sübut hesab edir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsinə əsasən 3 illik kompensasiya məbləği müəyyənləşdirilsə də, qanunvericilikdə kompensasiya müəyyən edilərkən onun məhz həmin müddət üçün hesablanmasına dair hər hansı birbaşa göstəriş yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Cavabdehin iddiaçının təzyiq altında, iradə ifadəsi əleyhinə iddia ərizəsini verməsi dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, həmin dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı oğlunun mənzildən çıxarılması ilə bağlı iradə ifadəsini aydın şəkildə bildirmişdir. İddianın cavabdehlərin uşaqları ilə birlikdə mənzildən çıxarılması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə isə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. İşin hallarından göründüyü kimi, mübahisəli mənzildən istifadə hüququ olan Cavabdeh2 həmin mənzildə arvadı (digər cavabdeh) Cavabdeh1 ilə yanaşı, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır. Bu baxımdan məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzilindən çıxarılmaları” hissəsini də əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə hesab edir ki, iddiaçıdan kompensasiya məbləğinin alınıb Cavabdeh2 verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, o cümlədən onun və digər Cavabdeh1 və uşaqlarının mübahisəli mənzildən çıxarılmaları eyni vaxtda icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən "xxxx" MMC-yə ekspertiza xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 400 manat pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 100 manat pul cavabdehlərdən tutularaq ekspertiza mərkəzinin müvafiq hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə etmələri sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildən istifadə hüquqlarına 16200 manat kompensasiya ödənilməklə xitam verilməli, Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzilindən çıxarılmalıdırlar. İddiaçıdan kompensasiya məbləğinin alınıb Cavabdeh2 verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, o cümlədən onun və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları eyni vaxtda icra olunmalıdır. Həmçinin "xxxx" MMC-yə ekspertiza xərci olaraq iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olan 100 manat pul cavabdehlərdən tutularaq müvafiq hesaba köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 72 saylı mənzildən istifadə hüququna 16200 (on altı min iki yüz) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 1A saylı evin 72 saylı mənzilindən çıxarılsınlar. İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb Cavabdeh2 verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, onun və Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxarılmaları eyni vaxtda icra olunsun. İddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X4, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar