Məhkəmə qərarları › İş №e-2(005)-2640/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2640/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2640/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: cərimənin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 1306 manat 26 qəpik, hesablanmış cəriməyə görə 237 manat 74 qəpik və ödənilmiş dövlət rüsumuna görə 35,44 manat olmaqla, cəmi 1 579 manat 44 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Goranboy” filialı və Cavabdeh arasında bağlanmış 23 *** **** saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsinə əsəsən, Cavabdeh 2.9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu İddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə müqavilə şərtlərinə əsasən, İddiaçı tərəfindən Cavabdehə avans olaraq ümumilikdə 3425,28 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif aqrotexniki xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı Cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam-pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh, təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Buna baxmayaraq nəticədə Cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 1306,26 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması İddiaçının tapşırığıəsasında xam-pambığın tədarükünü həyata keçirən müvafiq filialı ilə Cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 237,74 manat təşkil edir. Cavabdeh tərəfindən İddiaçının pretenziyasına cavab verilməmişdir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. Bununla belə, İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə icraatı zamanı Cavabdeh əsas və rüsum borcunu tam, cərimədən isə 37.70 manat pul ödədiyini, Cavabdeh cərimə borcunun 200 (iki yüz manat) təşkil etdiyini bildirmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - "xxxx" MMC-nin Goranboy filialı ilə Cavabdeh arasında bağlanmış 23 *** **** saylı 22 dekabr 2022-ci il tarixli müqavilədən görünür ki, müqavilənin predmeti 2023 il mövsümü üzrə xam-pambığın istehsalı üçün zəruri olan vəsaitlərin, mallann və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə Satıcının sahəsində apanlan işlər) xidmətlərin Alıcı tərəfindən Satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması. Satıcı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə Alıcıya təhvil verilib satılması və Alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəsinin Satıcıya ödənilməsindən ibarətdir. - Cərimə məbləğinin hesablanması barədə maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-ci il tarixinə 1306.26 manat əsas, 237.74 manat cərimə borcu vardır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 30 mart 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 2 gün ərzində borcun ödənilməsi xahiş olunmuş, əks təqdirdə borcdan əlavə cərimə, icra xərcləri və dövlət rüsumu ödəməli olduğu bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh arasında ********* saylı 2023-cü il mövsümü üzrə xam-pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yetinə yetirsə də, üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bununla da cavabdehin iddiaçıya 1306,26 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ünvanlanmasına baxmayarq borc ödənilməmiş, bu səbəbdən də iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı – xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə icraatı zamanı Cavabdeh əsas və rüsum borcunu tam, cərimədən isə 37.70 manat pul ödədiyini, Cavabdeh cərimə borcunun 200 (iki yüz manat) təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyini gecikdirməklə də olsa yerinə yetirmiş, iddiaçıya hazırki tarixə müqavilə üzrə əsas borcu qalmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ödənişlər edildiyindən iddia tələbinin əsas borcun tutulması hissədə təmin olunması üçün əsaslar aradan qalxmışdır. Bu baxımdan məhkəmə iddiaçının cavabdehin borc məbləği barədə etiraflarını, o cümlədən, “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilən eyni tarixli ərizəni nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cəriməyə görə 237,74 (iki yüz otuz yeddi manat 74 qəpik) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərdən birinin öhdəliklərini gecikdirdiyi təqdirdə digər tərəf qarşısında götürdüyü öhdəlik kimi cərimə ödənilməsi müəyyən olunmuşdur. Belə ki, müqavilənin 4.2-ci bəndinə əsasən, satıcı müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1% həcmdə Alıcıya cərimə ödəyir. Əsas borc dedikdə bu müqavilə ilə bağlı Satıcı tərəfindən Alıcı qarşısında bu müqavilə üzrə tədarük mövsümü bitənədək ödənilməyən avans məbləği nəzərdə tutulur. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş cərimə məbləğinin hesablanması barədə maliyyə arayışından müəyyən olunur ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə cərimə məbləği hər iki tərəf arasında bağlanmış 23 *** **** saylı xam-pambığın alqı-satqı müqaviləsinin müvafiq bəndlərinə əsasən, hesablanır. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, cavabdeh xx.xx.2023-ci il tarixdən gec olmayaraq istehsal etdiyi xam-pambığı mövcud bütün standartlara uyğun iddiaçıya təhvil verməli və son hesablaşmanı həyata keçirməli idi. Cərimənin hesablanması üçün ilkin tarix olaraq xx.xx.2023-ci il qəbul edıtır. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh müqavilədə göstərilən həcmdə xam-pambıq təhvil verməsə, bunun nəticəsində yaranmış əsas borcun hər gecikdirilən gün üçün 0,1% həcmində iddiaçıya cərimə ödəməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixində iddiaçıya təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə 1306.26 manat əsas borcu qalmışdır. Beləliklə, xx.xx.2023-ci və iddia ərizəsinin tarixi, yəni xx.xx.2024-ci il tarixləri arasında 1306.26 manat əsas borcun ödənilməsinin gecikdirilmiş günləri üzrə (182 gün) cərimə hesablanır: (1306.26 x 0,1%) x 182 gün = 237,74 manat. Cəmi cərimə məbləği 237.74 manat təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə icraatı zamanı Cavabdeh cərimədən 37.70 manat pul ödədiyini, cərimə borcunun 200 (iki yüz) manat təşkil etdiyini bildirmişdir. Məhkəmə dəbbə borcu ilə əlaqədar məhkəmə müqavilə üzrə iddiaçı tərəfindən istənilən cərimə hissəsində işin faktiki hallarını, əsas borcun məbləğini, cavabdeh tərəfindən qeyd olunan borcun ödənilməsini, hazırki tarixdə iddiaçıya əsas borcunun olmamasını, bu barədə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, 200 (iki yüz) manat cərimə borc məbləğinə mütənasib olmadığından azaldılmalı, 20 (iyirmi) manata endirilməlidir. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən 35,44 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı rüsum məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş rüsum məbləği artıq cavabdeh tərəfindən iddiaçıya ödənildiyindən, bu hal iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi ilə təsdiq olunduğundan, hazırki qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə rüsum tutulması zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20 (iyirmi) manat məbləğində cərimə tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində cərimə tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar