Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2697/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ECK5733972 nömrəli, 27 iyun 2019-cu il tarixli müqavilə üzrə 400 manat əsas, 119 manat dəbbə pulu və ECK5793291 nömrəli, 27 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 880 manat əsas, 264 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1700 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 27 iyun 2019-cu il və 27 sentyabr 2019-cu il tarixlərində Cavabdeh (Alıcı) ilə İddiaçı (Satıcı) aralarında ECK5733972 nömrəli və ECK5793291 nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən ECK5733972 nömrəli müqavilə üzrə 1742 manat dəyəri olan 1 ədəd “Beko” markalı kondisioner Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini Satıcı öz üzərinə götürmüşdür. ECK5793291 nömrəli müqavilə üzrə 2080 manat dəyəri olan 1 ədəd “Samsung” markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini Satıcı öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı ECK5733972 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 1692 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 94 manat olmaqla, hər ayın 26-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı ECK5793291 nömrəli müqavilə üzrə 100 manat ilkin ödəniş olmaqla, qalan 1980 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 110 manat olmaqla, hər ayın 26-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 % həcmində Satıcının xeyrinə cərimə ödəməlidir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun ECK5733972 nömrəli müqavilə üzrə 400 manat əsas, 119 manat dəbbə pulu olmaqla, 519 manat və ECK5793291 nömrəli müqavilə üzrə 880 manat əsas, 264 manat dəbbə pulu olmaqla, 1144 manat borcu yaranmışdır. Alıcı tərəfindən ECK5733972 nömrəli, 27 iyun 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 38 manat ödəniş və ECK5793291 nömrəli, 27 sentyabr 2019-cu il müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 110 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı ilə bağladığı 27 iyun 2019-cu il tarixli və 27 sentyabr 2019-cu il tarixli müqavilələrə əsasən 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “Beko” markalı kondisioner almış və nəticədə 1663 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 27 iyun 2019-cu il tarixli, ECK5733972 saylı müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1742 manat olan 1 ədəd “Beko” markalı kondisioner üçün ümumilikdə, 400 manat əsas borc, 119 manat dəbbə pulu və 27 sentyabr 2019-cu il tarixli, ECK5793291 saylı müqavilə üzrə 880 manat əsas, 264 manat dəbbə pulu olmaqla, ümumilikdə 1663 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş cədvəllərindən görünür ki, Cavabdeh İddiaçı ödənilməyən ümumi borcu 1663 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə kredit yolu ilə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğini nəzərdən keçirib hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə cərimə borcunun cavabdehdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cərimə məbləği əsas borc məbləğinə tənasübsüz çox olduğundan azaldılmalı və ECK5733972 nömrəli, 27 iyun 2019-cu il tarixli müqavilə üzrə 40 manata, ECK5793291 nömrəli, 27 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 88 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ECK5733972 nömrəli, 27 iyun 2019-cu il tarixli müqavilə üzrə 400 manat əsas, 40 manat dəbbə pulu və ECK5793291 nömrəli, 27 sentyabr 2019cu il tarixli müqavilə üzrə 880 manat əsas, 88 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1445 (bir min dörd yüz qırx beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ECK5733972 nömrəli, 27 iyun 2019-cu il tarixli müqavilə üzrə 400 manat əsas, 40 manat dəbbə pulu və ECK5793291 nömrəli, 27 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 880 manat əsas, 88 manat dəbbə pulu və 37 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1445 manat pulun İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2697/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2697/2023
28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver