Məhkəmə qərarları › İş №e-2(005)-2711/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2711/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2711/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, yaranmış borcun və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 395 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 200 manat peniya və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 625 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İCEBERG AQUA TREATMENT" MMC “Ortimax Neo” markalı sutəmizləyici filtr Cavabdeh mülkiyyətinə verməyi, sonuncuisə malı qəbul edib dəyərini pul şəklində Satıcıya ödəməyi öz üzərinə götürmüşdür. Müqavilə üzrə göstərilən mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, sonuncu isə bu malları qəbul etmişdir. xx.xx.2021-ci il tarixli müqavilənin 1 saylı əlavəsinə əsasən satılan malın cəmi dəyəri 955 manat təşkil etmişdir. Müqavilənin 1.1, 3.12 və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və ya tam ödəməlidir. Alıcı tərəfindən alınan mallara görə Satıcıya 600 manat ödəniş edilsə də, 395 manat borc bu günə kimi ödənilməmiş qalmışdır. Bununla bağlı dəfələrlə şifahi şəkildə cavabdehə müraciət etməklərinə, danışıqlar aparmaqlarına baxmayaraq onun tərəfindən pulun ödənilməsi istiqamətində heç bir tədbir görülmür və hazırda həmin pullar iddiaçıya ödənilmir. Beləliklə iddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qüsursuz şəkildə yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdeh iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmışdır. Bu pulların ödənilməsini gecikdirməklə özündə özündə saxlayaraq həmin vəsaitlərdən faydalanmışdır. Müqavilənin 4.6-cı maddəsinə əsasən, alıcı satıcıya hər gecikdirilmiş gün üçün qalıq məbləğinin 1% miqdarında penya ödəməyi üzərinə götürür. Buna görə də cavabdehdən əlavə olaraq penya şəklində 200 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “Neo” markalı sutəmizləyici filtr almış və nəticədə onun 395 (üç yüz doxsan beş) manat borcu yaranmışdır. Həmin tarixli müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, “Neo” markalı sutəmizləyici filtr üçün o AZN ilkin ödəniş olmuş, “Alıcı” 18 ay müddətinə hər ay 50 manat olmaqla qalan məbləği tam ödəməyi öhdəsinə götürmüşdür. Həmin Əlavədən görünür ki, “Alıcı” malı “Satıcı”dan tam komplektdə təhvil almış, bunu öz imzası ilə təsdiqləmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 995 (doqquz yüz doxsan beş) manat (yəni 18 ay x 50 manat + 0 manat ilkin ödəniş) “Ortimax Neo” markalı sutəmizləyici filtr üçün ümumilikdə, 995 (doqquz yüz doxsan beş) manat olmaqla ondan 395 (üç yüz doxsan beş) manat ödənilməmiş hissə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 200 manat cərimə borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 35manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 395 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu olmaqla, ümumilikdə 430 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 395 manat ödənilməmiş hissə, 35 manat cərimə borcu olmaqla, ümumilikdə 430 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar