Məhkəmə qərarları › İş №e-2(005)-2736/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2736/2023

17.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2736/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun anası X14 xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 1-i ona vəsiyyət etmişdir. Anası 2007-ci ildə vəfat etmişdir. O, qardaşı Elxana xx.xx.2007-ci il tarixdə 10 il müddətinə etibarnamə vermişdir ki, anasının ona vəsiyyət etdiyi evə dair vərəsəlik işi açsın və ona məxsus əmlaka çıxarış almaqla dövlət qeydiyyatına aldırsın. Həmin zaman qardaşının vəziyyəti maddi baxımdan ağır olduğu üçün, həm də ev boş qalmasın deyə qardaşı Elxan və ailəsinin həmin evdə qalmasına razılıq vermişdir. Bir müddət sonra qardaşı həmin evə dair MH ******* saylı çıxarışın surətini göndərmişdir. Sonuncu dəfə 2015-ci il tarixdə Bakı şəhərində olarkən qardaşı və qardaşının həyat yoldaşı ona evin sənədinin surətini vermiş, daha sonra Rusiya Federasiyasına qayıtmışdır. xx.xx.2017-ci il tarixdə Elxan ona verilən etibarnamənin müddətinin bitməsinə 2 ay qalmış ona xəbər vermədən həmin əmlakı arvadı Cavabdeh2 bağışlamışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində mübahisəli mənzilə dair onun iradəsinə zidd olaraq bağışlama müqaviləsinin bağlandığını bildirmişdir. Lakin cavabdeh tərəf bu halı qəbul etmir və qeyd edir ki, Cavabdeh3 qardaşı Eldarın iradə ifadəsinə əsasən Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 1-i Cavabdeh2 bağışlamışdır. Elxan, Eldar, Etibar və Firəngiz doğma bacı-qardaşlardır. Gülbəniz isə Elxanın həyat yoldaşıdır. Gözəl Bağırova isə qeyd olunan şəxslərin anasıdır. Gözəl Bağırovanın ünvan 1 ünvanında fərdi yaşayış evi olmuşdur. Etibarın təkidi ilə həmin ev 2002-ci il tarixdə 143000 manata satılmış, həmin pulun 15000 manatı Firəngizə vermiş, qalan vəsaitə Elxan, Etibar və Gözəl Bağırova hər biri ayrılıqda mənzil almışlar. İş üzrə mübahisəli mənzili Gözəl Bağırova almışdır. İddiaçı gənc yaşlarından Rusiya Federasiyasına getmiş, həmin ölkənin vətəndaşı olmaqla, 50 ildən çoxdur ki, orada yaşayır. 2002-ci ildən 2007-ci ilədək X12 və onun ailə üzvləri baxmış, qulluq etmişdir. Hətta, Gözəl Bağırovaya 2004-2006-cı illərdə onlar sonuncunun yaşlı olması və xəstəliyi, etirazda sadalanan səbəblər ilə öz evlərində baxmışlar. 2006-cı il tarixdə Gülbəniz və Elxan maddi vəziyyətləri yaxşı olmadığı üçün yaşadıqları mənzili satmaq qərarına gəlmiş, lakin Eldar onlara Gözəl Bağırovaya məxsus evdə yaşamağı, öz mənzillərini kirayəyə verməyi təklif etmişdir. X17 saxlanması üçün hər ay 300 manat göndərmişdir. Etibar bundan xəbər tutduqda, ona da göndərməsini tələb etmiş, Eldar Etibara da pul göndərməyə başlamışdır. xx.xx.2007-ci il tarixdə Gözəl Bağırova vəfat etmiş, onun dəfn və yas mərasimlərinin xərcini Cavabdeh3 çəkmişdir. Anası öldükdən sonra qardaşlar arasında münaqişə başlamış, İddiaçı Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 1-i anasının ona vəsiyyət etdiyini, lakin o, daimi olaraq Rusiyada yaşadığı üçün həmin mənzilə ehtiyacının olmadığını, Gülbənizin illər boyu onun yaşlı və xəstə anasına qulluq etdiyi üçün həmin məzilə Gülbənizin haqqı çatdığını və bu məqsəqlə də qardaşı Elxana etibarnamə verəcəyini bildirmişdir. Həmin söhbətdə, Elxan, Eldar, Firəngiz, Gülbəniz, Gülər və Bəxtiyar Bağırov iştirak etmişdir. Elxan və Cavabdeh2 övladları ilə birlikdə 2007ci il tarixdən hazırkı vaxtadək həmin mənzildə yaşamış, mənzili əsaslı təmir etdirmişlər. 2015-ci ildə Eldar Bakıya gəldikdə bunu görmüşdür. Həmin zaman Eldar hələ də mənzilin Gülbənizin adına özgəninkiləşdirilmədiyini gördükdə, qardaşı Elxana bunu ləngitməməyi tövsiyə etmişdir. Mənzil 2017-ci il tarixdə Cavabdeh2 bağışlanmışdır. Elxan mənzili Gülbənizə bağışlayarkən Eldara telefonla məlumat vermiş, 2017-2023-cü il tarixləri arasında buna etiraz etməmişdir. Qeyd olunanlar mənzilin iddiaçının iradəsinə uyğun Cavabdeh2 bağışlandığını təsdiq edir. Bundan başqa iddiaçı əqdin etibarsızlığını mübahisələndirmək üçün müddəti ötürmüşdür. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh2, onun və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verib, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdilər. Bakı şəhəri 51 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, Cavabdeh2 Elxan adlı dayısının arvadı, İddiaçı isə digər dayısıdır. Dayısı Eldar qardaşı Elxanın onun evindən çıxmasını istəmiş və onun anası bu barədə dayısı Elxana məlumat vermişdir. Lakin dayısı Elxan evdən çıxmaq istəməmişdir. Bir gün Cavabdeh2 onlara gəlmiş və bildirmişdir ki, ərinin vəziyyəti ağırdır, ona görə bütün əmlakları onun adına keçirdir. Həmçinin Eldar dayısının evini də ona bağışlayıb. Bu barədə o dərhal, 2023-cü ilin fevral ayında dayısı Eldara zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, İddiaçı onun qaynıdır. Mübahisəli mənzil Eldarın olmuş, heç vaxt evin Gülbənizə bağışlanması barədə söhbət olmamışdır. Gülbəniz də həmişə demişdir ki, ev Eldarındır, nə zaman qayıtsa, onlar həmin mənzili tərk edəcəklər. 2007-ci il tarixdən həmin mənzilə getməmiş, lakin ümumilikdə əlaqələri olmuşdur. Eldar həmişə öz ətrafına maddi baxımdan kömək etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Mübahisəli mənzil Eldarın olmuşdur. O, qardaşı Elxan və həyat yoldaşı Gülbənizin heç vaxt belə bir şey edəcəyini düşünməmişdir. O, Eldar 2023-cü il tarixdə Bakıya gəldikdən sonra bu məsələdən xəbər tutmuşdur. Eldarın mənzili Gülbənizə bağışlaması barədə heç vaxt hər hansı söhbət olmamışdır. Anası dünyasını dəyişəndən sonra o, heç vaxt həmin mənzilə getməmiş, lakin Gülbənizin həmin mənzilin öz adına keçirəcəyi barədə şəxsən eşitmişdir. Qardaşı Eldar öz evindən Elxan və ailəsinin çıxmasını istəmiş və hesab etmişdir ki, mənzil ona məxsus olduğu üçün Elxan və ailəsi mənzili tərk etməlidir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Bütün söhbətlər onun yanında olmuş, anasına Gülbəniz baxmış və onun yanında Eldar demişdir ki, anasına baxdıqları üçün qardaşı Elxana etibarnamə verir ki, o da bağışlasın Gülbənizə. O, anası öləndən sonra hər kəsdən uzaqlaşmışdır. Eldar Bakıda olanda ona bu barədə nəsə deməmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, İddiaçı onun əmisidir. Atasının xahişi ilə nənəsinə baxmış, heç kəs yaxın durmayanda nənəsinə anası Gülbəniz baxmışdır. Əmisi Eldar özü demişdi ki, anasına kim baxsa mənzil ona qalmalıdır. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, İddiaçı onun əmisidir. Atasının xahişi ilə nənəsinə bir müddət bacısı baxmış, heç kəs yaxın durmayanda nənəsinə anası Gülbəniz baxmışdır. Əmisi Eldar özü demişdir ki, anasına kim baxsa ev ona qalmalıdır. Həmin söhbət olanda orada anası Gülbəniz, atası Elxan, bacısı Gülər və özü olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 26 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 1 51 saylı Notariat Ofisinin xx.xx.2017-ci il tarixli 4Ə-235 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Sonuncuya RX seriyalı ******* nömrəli çıxarış verilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzil 4Ə-10-881 saylı, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyata alınmışdır; xx.xx.2007-ci il tarixli, 2-V-İ-114 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzil İddiaçı Məmməd oğlunun adına özgəninkiləşdirilmişdir. Sonuncuya MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir; xx.xx.2007-ci il tarixli, ƏN-İ 093981 saylı etibarnaməyə əsasən İddiaçı Cavabdeh3 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən edilməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən ..... almaq, satmaq, bağışlamaq, hədiyyə etmək ..... etibar etmişdir. Etibarnamə 10 il müddətinə verilmişdir; 51 saylı Notariat Ofisinin xx.xx.2017-ci il tarixli, 4Ə-235 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh3 (İddiaçı əvəzinə) Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 52, mənzil 1-i Cavabdeh2 bağışlamışdır; Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü ildən dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında bu məlumatlar qeyd alınmışdır: xx.xx.2015 – Giriş, xx.xx.2015 – Çıxış, xx.xx.2023 – Giriş, xx.xx.2023 – Çıxış. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin mübahisələndirdiyi hallar aşağıdakı kimidir: İddiaçı ünvan 3 ünvanında yerləşən 1 nömrəli mənzilə cavabdeh X1 qanunsuz olaraq mülkiyyət hüququ əldə etdiyini, qardaşı Cavabdeh3 xx.xx.2007-ci il tarixdə verdiyi etibarnamə əsasında, onun müddətinin bitməsinə az qalmış, xx.xx.2017-ci il tarixli 4Ə-235 nömrəli bağışlama müqaviləsinə əsasən qardaşı Elxan həmin mənzili arvadına bağışlamışdır. İddiaçının bundan xəbəri olmamış, olsa əsla icazə verməyəcəyini bildirmişdir. İddiaçı 2023-cü ilin fevral ayında bağışlama müqaviləsi barədə məlumat əldə etmiş, Azərbaycana cari ilin mart ayında gəldiyi zaman dərhal vəkil ilə müqavilə bağlamış və məhkəmədə iddia qaldırmaq üçün sübutlar toplamağa başlamışdır. İddiaçı cavabdehlərin belə müqavilə imzalamaqla onun etibarından sui-istifadə etdiyi qənaətindədir. Cavabdehlər isə iddiaçının mənzilin bağışlanması barədə məlumatlı olduğunu, iddiaçının özü Rusiya Federasiyasında olduğu müddətdə anasına baxdıqları üçün iddiaçının özünün də həmin mənzilin Cavabdeh2 bağışlanmasına etiraz etmədiyini, həmin mənzilin əsaslı təmir edildiyini, 2007-ci il tarixdən həmin mənzildə fasiləsiz yaşadıqlarını bildirmişlər. Cavabdehlər iddiaçının 2017-ci il tarixdən mənzilin bağışlanmasından məlumatlı olduğunu, lakin bu barədə hər hansı etirazı olmadığını qeyd etmişlər. Məhkəmə mübahisə üzrə ilk növbədə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı mübahisəyə, daha sonra isə Mülki Məcəllənin 354-cü maddəsi baxımından kəsici müddətin tətbiqinin əsassızlığı barədə ərizəyə qiymət verilməlidir. Mübahisə ilə bağlı məhkəmənin gəldiyi nəticəni əsaslandırması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ... Nəzərə alınmalıdır ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü həm iddiaçının, həm də cavabdehlərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Göründüyü kimi Konstitusiya Məhkəməsi tərəfindən bu qəbildən olan əqdlərlə bağlı formalaşdırılmış hüquqi mövqe tərəflərin gəldiyi iddia edilən razılıq, onların əsl niyyətlərinin ifadə olunduğu müqavilənin mövcudluğunun müəyyən edilməsi vacib həlledici əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, İddiaçı (onun əvəzinə Cavabdeh3) ilə Cavabdeh2 arasında bağlanmış müqavilədə qanunla müəyyən edilmiş və nəzərdə tutulan şərtlərə riayət edilsə də, tərəflər arasında belə bir sövdələşmə barədə İddiaçı niyyəti müəyyən edilməmiş, 2007-ci il tarixdə qardaşına verdiyi etibarnamə əsasında bu sövdələşmə baş tutmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh3 bu etibarnamədən istifadə etməklə, hərçənd ki, Eldar məlumatlı olacağı təqdirdə razılıq verməyəcəyi müqaviləni bağlamağa nail olmuşdur. Məhkəmə bu halı hüquqdan sui-istifadə kimi qiymətləndirir. Çünki, iş materialları və tərəflərin izahatları ilə sübuta yetir ki, iddiaçının Azərbaycanda olmadığı müddətdə belə müqavilə barədə məlumatı olmamışdır. Məhkəmə cavabdehlərin də bu halın əksini müəyyən edəcək sübutları məhkəməyə təqdim edə bilmədiyi qənaətinə gəlmişdir. Cavabdehlər etirazında iddiaçıya bağışlama müqaviləsi barədə məlumatın verildiyini qeyd etsə də, yazışma və yaxud bu müqavilə ilə bağlı telefon danışıqları və s. təqdim etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı bağışlama müqaviləsi bağlanmamışdan əvvəl sonuncu dəfə 2015-ci ildə Azərbaycan Respublikasına gəlmiş, həmin zaman cavabdehlər ona məxsus mənzildə yaşamış, öz mənzillərini kirayəyə vermişdir. İddiaçı mənzilinə dair müvafiq hüquq müəyyənedici sənəd olduğu üçün hər hansı şübhə duymamışdır. Cavabdehlər iddiaçının bağışlama müqaviləsinin bağlanması barədə iddiaçının məlumatlı olmasını şahid ifadələri ilə sübuta yetirməyə çalışmışdır. Mülki Prosessual Məcəllənin 104-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş şahid ifadədələrində qeyd olunur ki, iddiaçının belə bir müqavilənin bağlanmasından xəbəri olmuş, hətta X9 Cavabdeh2 və Cavabdeh3 tərəfindən qulluq edildiyi üçün İddiaçı da həmin mənzili onlara bağışlamaq niyyətdində olmuşdur. Bu ifadələri Cavabdeh3 qızı Gülər, oğlu Bəxtiyar və bacısı Firəngiz bildirmişdir. Hər üç şahid mübahisəli mənzil Eldara məxsus olsa da, Gülbəniz X2q etdiyi üçün Eldarın da Gülbənizə bağışlanması niyyətinin olduğunu bildirmişdir. Məhkəmə nəzərə alır ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə ifadələrinin qiymətləndirilməsi zamanı alınma mənbəyini göstərə bilməyən şahidlər tərəfindən verilən məlumatlara əsaslanıb əqdi legitim hesab edə bilməz. Bunun əksi isə mülkiyyətə müdaxiləyə gətirib çıxara bilər. Məhkəmə ifadə vermiş digər şahidlər ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 80, 81 və 217.4-cü maddələri) Göründüyü kimi digər şahidlər ifadələrində qeyd olunanların hüquqi qüvvəsi mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyət kəsb etmir, lakin işin mübahisələndirilməyən halları ilə uzlaşır. Məhkəmənin əqdin etibarsızlığı ilə bağlı sadaladığı əsaslardan savayı nəzərə alınmalı hal ondan ibarətdir ki, cavabdehlərin hərəkətlərində mülki hüquq münasibətləri baxımından hüquqdan sui-istifadə mövcuddur. Belə ki, hər bir kəs özünə məxsus subyektiv hüquqlardan istifadə edə və onları həyata keçirə bilər. Lakin hüquqların həyata keçirilməsi zamanı sui-istifadəyə yol verilməsi qadağandır. Hüquqlardan sui-istifadə-mülki hüquq münasibəti iştirakçısı olan səlahiyyətli şəxsin özünə məxsus subyektiv hüquqları, hüquqların həyata keçirilməsi üçün nəzərdə tutulan həddi aşmaqla gerçəkləşdirməsi başa düşülür. Yəni bu zaman şəxs həmin hüquqa sahib olsa da, onu düzgün formada həyata keçirmir. Bu zaman başqa şəxslərin hüquq və mənafelərini əsaslı şəkildə pozur. Hüquqlardan sui-istifadə əslində hüquq pozuntusunun xüsusi bir formasıdır. Bu, hüquqlardan yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə istifadə etmək, zərər vurmaq niyyəti olmadan, lakin obyektiv surətdə başqa şəxsə ziyan vurulmasına gətirib çıxaran hərəkətlərin törədilməsi, bazarda üstün mövqedən istifadə olunması və mülki hüquqlardan rəqabətin məhdudlaşdırılması məqsədi ilə istifadə olunması kimi başa düşülə bilər. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsində də hüquqdan sui-istifadə və onun qadağan edilməsi barədə müvafiq müddəalar mövcuddur. (Maddə 16, 152.5 və 152.6, 560) Bundan əlavə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı Protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 17-ci maddəsində qeyd olunur ki, Konvensiyada heç nə hər hansı dövlətin, qrupun və ya şəxsin burada təsbit olunan hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulandan daha artıq məhdudlaşdırmaq hüququna malik olması kimi şərh oluna bilməz. Həmçinin hüquqlardan sui-istifadə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsində sadalanan maddələrə geniş təfsir verilmiş, Konstitusiya Məhkəməsinin əvvəlki qərarları ilə əlaqəli şəkildə təhlil edilmişdir. Məhkəmə MPM-in 13.7-ci maddəsi baxımından bu şərhin iş üzrə tətbiqinin məcburi olduğu qənaətindədir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda qeyd edir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Həmin qərarda qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Bundan başqa cavabdehlər ərizə təqdim edərək, iddiaçının əqdin etibarsızlığı ilə bağlı bir illik kəsici müddəti ötürdüyünü qeyd edərək, bu əsasla da iddianın rədd edilməsini xahiş etmişlər. Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 354-cü maddəsi ilə bağlı əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini cavabdehlərin diqqətinə çatıdırmağı zəruri hesab edir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd arzuolunan hüquqi nəticəyə səbəb olmadığından predmetini fərdi müəyyən əşya təşkil etdiyi halda, həmin əşyanın geri qaytarılması ilə bağlı irəli sürüləcək iddia hər hansı müddətlə məhdudlaşmır. Belə ki, fərdi müəyyən əşya hüquqi əsas olmadan qarşı tərəfin sahibliyinə keçdiyinə görə, qarşı tərəf həmin əşya üzərində mülkiyyət və s. əşya hüquqları əldə etmir. Ona görə də mülkiyyətçi özünün mülkiyyət hüququna istinad edərək qanunsuz sahib olan müqavilənin qarşı tərəfindən` müddətsiz olaraq öz əşyasını Mülki Məcəllənin 157.2 və 157.5-ci maddələrinə əsaslanmaqla istəyə bilər. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 (bir) il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar). Məhkəmə iddiaçının 2023-cü ilin fevral ayında müqavilədən xəbər tutduğu qənaətindədir, bunun əksi sübuta yetmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-235 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Cavabdeh2 adına rəsmiləşdirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 1-ə dair verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 621 nömrəli reyestr kitabının 57019 nömrəli vərəqində qeydə alınmış, RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-235 nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, Cavabdeh2 adına rəsmiləşdirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 1-ə dair verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 621 nömrəli reyestr kitabının 57019 nömrəli vərəqində qeydə alınmış, RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar