Məhkəmə qərarları › İş №e-2(005)-2760/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2760/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2760/2023 01.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Şabran Rayon İcra Şöbəsinə qarşı, "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən keçirilmiş “Qızıl-zinyət əşyalarımın satılması” barədə X3 haqqında 52/02-1.1 saylı, 01 sentyabr 2022-ci il tarixli Protokolunun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" BOKT ASC məhkəmədə iddia qaldıraraq İddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 27 may 2014-cü il tarixli, PB/0xx/xx/0422895 saylı kredit (borc) müqaviləsi üzrə 31651.10 ABŞ dollan asas. 45409,14 ABŞ dolları hesablanmış faiz, 48077,34 ABŞ dolları dəbbə pulu borcu olmaqla, cəmi 125137,58 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, girov qoyulmuş qızıl-zinət əşyaları- sep klonla (əyarı: 585, əşyaların sayı-11, çəkisi-79,9 gram), komplekt sırğa (əyarı:585, əşyalanın sayı-5, çəkisi-53,1 qram), kişi və qadın üzükləri (əyarı: 583, əşyaların sayı-11, çəkisi-70,1 qram), sırğa, üzük (ayarı: 583, eşyaların sayı-6, çəkisi-26,2 gram), qadın saatı (əyarı:583, əşyaların sayı-2, çəkisi-28,3 qram), sep, qolbaq (eyarı:500, əşyaların sayı-6 çəkisi-98,3 qram), sep, qolbaq klon, üzük (əyarı:583, əşyaların sayı-10 çəkisi 57,3 qram), komplekt sırğa, üzük, sırğa (əyarı:500, əşyaların sayı-7, çəkisi- 58 qram), sep, klon, qolbaq, sırğa (əyarı: 750, əşyaların sayı 28, çəkisi 269,3 qram), sep. qolbaq, sırğa (əyarı:750, əşyaların sayı-3, çəkisi-65 qram), sep (əyarı:750, əşyaların sayı- 1, çəkisi-20,5 qram), qolbağ (əyarı: 750, əşyaların sayı-1, çəkisi 7,6 qram), sep, qolbağ (ǝyarı: 750, əşyaların sayı-2, çəkisi-17,4 qram) açıq hərracda satılaraq tələb edilən borcun bir qisminin ödənilməsi, girov qoyulmuş qızıl-zinət əşyaları borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin digər əmlaklarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia verǝrǝk "xxxx" ASC-nin (indiki "xxxx" BOKT ASC) Quba filialı ilə onun arasında imzalanmış xx.xx.2014-cu il tarixli, PB/0xx/xx/042895 saylı kredit (Borc) və girov müqavilələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (Borc) və girov müqaviləsi üzrə əsas borc 31653,67 ABŞ dolları, faiz borcu 20173,94 ABŞ dolları olmaqla, cəmi 51827,62 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “PARA» BOKT ASC-nin (əvvəlki "xxxx" ASC) xeyrinə tutulması, girov qoyulmuş - dəyəri 67341.6 manatdan müxtəlif adda qızıl-zinət əşyalarının açıq hərracda satılaraq tələb edilən borcun bir qisminin ödənilməsi, girov qoyulmuş qızıl-zinət əşyaları borcun ödənilməsinə kifayət etmədikdə borcun cavabdehin digər əmlaklarına yönəldilməsi qət edilmiş, ilk iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, "xxxx" ASC-nin (indiki "xxxx" BOKT ASC) Quba filialı ilə X4 arasında imzalanmış xx.xx.2014-cu il tarixli, PB/0xx/xx/042805 saylı kredit (Borc) və girov müqaviləsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 1462/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(102)-699/2022 nömrəli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1462/2021 nömrəli, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 01 sentyabr 2022-ci ildə İddiaçı heç bir rəsmi xəbərdarlıq və məktub göndərilmədən cavabdehlər tətəfindən hərrac keçirilmişdir və hərracın nəticələri haqqında protokolu № 52/02-1.1 tərtib etmişlər. İddiaçı ürəyində olan xəstəliyi ilə əlaqədar olaraq 2022-ci ilin avqust ayından Türkiyə Respublikasında müalicədədir və bugünədək Azərbaycan Respublikasına qayıtmamışdır. Hesab edir ki, İddiaçı qızıl və zinyət əşyaları cavabdehlər tərəfindən gizli surətdə satılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Babalı oğlu ayrı-ayrılıqda iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barəfdə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı, "xxxx" BOKT ASC-yə və məlumat üçün Cavabdeh2nə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdə qeyd olunur ki, Şabran Rayon Məhkəməsinin 2(031)-5/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi, Cavabdeh2 99910/22 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus qızıl-zinət əşyalarının ilkin satış qiyməti 67341,6 manat olmaqla xx.xx.2022-ci il tarixdə “Birja Yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2022-ci il tarixə, saat 11:00-a hərracı təyin olunmuşdur. İddiaçı ünvanlanmış bildirişə dair xəbərnamədən görünür ki, bildiriş xx.xx.2022-ci il tarixdə imza atılmaqla təhvil alınmışdır. “Birja yenilikləri” qəzetinin 09 avqust 2022-ci il tarixə olan buraxılışından görünür ki, İddiaçı məxsus cəmi dəyəri 67341,60 manat olan qızıl-zinət əşyalarının xx.xx.2022-ci il tarixdə saat 11:00da hərraca çıxarılmasına dair elan yerləşdirilmişdir; xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında 52/02-1.1 nömrəli protokoldan görünür ki, İddiaçı məxsus çəkisi 851,78 qram olan qızıl-zinət əşyaları 67341,60 manata "xxxx" BOKT ASC tərəfindən əldə edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində olan məlumatlardan İddiaçı sərhədkeçmə məlumatlarından xx.xx.2021-ci il tarixdə ölkədən çıxmış, xx.xx.2021-ci il tarixdə ölkəyə giriş; xx.xx.2022-ci il tarixdə ölkədən çıxış; xx.xx.2022-ci il tarixdə ölkəyə giriş; xx.xx.2022-ci il tarixdə ölkədən çıxış qeydə alınmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı "xxxx" BOKT ASC ilə bağladığı kredit müqaviləsi əsasında "xxxx" BOKT ASC-dən borc pul məbləği almış, müqavilə üzrə öhdəliklərinin təminatı olaraq özünə məxsus qızı zinət əşyalarını "xxxx" BOKT ASC-yə girov qoymuşdur. İddiaçı öz üzərinə götürdüyü öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə "xxxx" BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən İddiaçı müqavilə üzrə borc məbləğinin "xxxx" BOKT ASC-nin xeyrinə tutulması, İddiaçı məxsus girov qoyulmuş əşyaların açıq hərracdan satılması və əldə edilmiş pulun borcun ödənilməsinə yönəldilməsi və s. qət olunmuşdur. Qızıl-zinət əşyalarının "xxxx" BOKT ASC tərəfindən əldə edilməsinə dair xx.xx.2022-ci il tarixdə protokol tərtib olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərracın ona məlumat verilmədən keçirildiyinini iddia edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 297-ci maddəsinə əsasən Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü – bu Qanunun 4-cü maddəsində göstərilən əsaslarla öhdəliyin icrasının təmin edilməsi üçün qanun və ya əqd əsasında daşınar əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılmasıdır; 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir; 4.1-ci maddəsinə əsasən daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. 4.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu xüsusi yüklülüyə daxildir. 12.2-ci maddəsinə əsasən xüsusi yüklülükdə yüklülük predmetinə tutma yönəldilməsi bu Qanunun 13-19-cu maddələri ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Məhkəmə qeyd edir ki, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini (həm də müəyyən müddət daxilində göndərilməsini) müəyyən etməklə, onsuz da məhrumiyyətə məruz qalmış borcluya müəyyən müddət verməklə, məhz onun özü tərəfindən girov predmetinin alınmasına şərait yaradır, başqa sözlə, girov qoyana bir şans (üstünlük) verir. Hərracın təşkilatçısı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaması (bildirişin göndərilməməsi və ya lazımi qaydada göndərilməməsi) ipoteka qoyanı qanunla ona verilmiş bu imkandan məhrum edərək, həmin normanı əhəmiyyətsiz edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlardan aydın olur ki, qızıl-zinət əşyalarının hərracdan satılması zamanı iddiaçı Azərbaycan Respublikası sərhədlərinin xaricində olmuş, ona məxsus daşınar əşyaların hərracdan satılmasına dair bildiriş ona təqdim olunmamış, keçirilən hərracdan xəbərdar olmamışdır. Hərrac bildirişinin iddiaçının qeydiyyatda olduğu ünvan 3 ünvanına göndərilməsi göstərilsə də, poçt xəbərnaməsini iddiaçının şəxsən imzalaması mümkün deyildir. Digər tərəfdən, əgər o hərrac barədə məlumatlı olsaydı, hərracda iştirak edə və girov qoyulmuş əşyaları özü əldə edə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, girov qoyan İddiaçı xəbərdar edilməklə yenidən hərrac keçirilməsi tərəflər arasında yaranmış mübahisənin daha ədalətli həll yoludur. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində hərracın yekunlarına dair protokolun ləğvi barədə qətnamə qəbul edilməsini qeyd etsə də, iddia ərizəsinin əsaslandırılmasından və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsini xahiş etdiyi aydın olur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən keçirilmiş “Qızıl-zinyət əşyalarımın satılması” barədə X3 haqqında 52/02-1.1 saylı, 01 sentyabr 2022-ci il tarixli protokolu etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən keçirilmiş “Qızılzinyət əşyalarımın satılması” barədə X3 haqqında 52/02-1.1 saylı, 01 sentyabr 2022-ci il tarixli protokol etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar