Məhkəmə qərarları › İş №e-2(005)-2776/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2776/2022

25.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2776/2022 25.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlaka məcburi payın payına əlavə edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum X4 adına açıq saxlanılmış 1/10 hissədə payın İddiaçı vərəsəlik payına əlavə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı mərhum anası Rakiya Alimova xx.xx.1996-cı il tarixdə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilini oğlu İddiaçı vəsiyyət etmişdir. X3 01 iyul 2002ci il tarixdə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən V-15 nomrəli vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə notarial orqan tərəfindən xx.xx.2016-cı il tarixli 2V-42 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilərək qeyd olunan miras əmlakın 9/10 hissəsi vərəsələrə verilmişdir, miras əmlakın 1/10 hissəsini məcburi payda hüququ olan digər vərəsə (iddiaçının qardaşı) Boris Alimovun adına açıq saxlamışdır. X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Boris Alimovun vərəsələrinə aid edilən qanunla nəzərdə tutulan müddətlər bitdikdən sonra İddiaçı notariat ofisinə müraciə edərək Boris Alimovun adına açıq saxlanılmış 1/10 hissənin də ona verilməsini xahiş etmişdir. 38 saylı xususi notariat ofisi xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Alimov Boris miras əmlakı faktiki qəbul etdiyindən həmin 1/10 hissəyə vərəsəlik şəhadətnaməsinin İddiaçı verilməsi mümkün deyildir. Notarial kontorun qeyd etdikləri ilə razı deyil. Notarial Kontor tətbiq edilməli hüquq normasını tətbiq etməmişdir, əksinə tətbiq edilməməli hüquq normasına istinad etmişdir. Notarius “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə istinad edərək hesab etmişdir ki, vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd... əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər... Beləliklə, müəyyən olunur ki, iddiaçının anası Alimova Rakiyanın xx.xx.2002-ci il tarixdə vəfatından sonra, və ümumiyyətlə öz vəfatı anına qədər (xx.xx.2021-ci il tarixə qədər) X8 anasından miras qalmış əmlakda məcburi payının ona verilməsi üçün müraciət etməmişdir. Notarial orqan, əsas qanunu kənara qoyaraq, Təlimata əsasən Boris Alimovun həmin ünvanda qeydiyyatda olmasını nəzərə alaraq onun da miras əmlakda məcburi payını tanımışdır, həmin hissəni açıq saxlamışdır. Lakin, Boris Alimovun vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə onun heç bir vərəsəsi həmin payın irsi transmissiya qaydasında da keçirilməsini tələb etməmişlər. Beləliklə, 7/10 paya sahib olan İddiaçı mülkiyyətində olan əmlak üzərində tam hüquqlarını həyata keçirə bilmir, əmlak üzərində açıq qalmış 1/10 hissəyə görə sərəncam verə bilmir. Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən, açıq saxlanılmış həmin pay vəsiyyətnamədə qeyd olunan vərəsələrə (yəni İddiaçı) verilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin ediməsini xahiş etdi. Cavabdeh Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə müraciət edərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 1016 №-li A.Semyonoviçə ünvanlanmış məktubundan görünür ki, Sizin, xx.xx.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildiririk ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X2 məxsus əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün xx.xx.2016-ci il tarixdə V- 15 nömrə ilə qeyd edilmiş vərəsəlik işi Bakı şəhəri 38 saylı notariat ofisində açılmışdır. Tərəfimdən 9/10 hissəsinə dair vərəsələrə xx.xx.2016-ci il tarixdə 2V- 42 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakın 1/10 hissəsi mirasda məcburi payı olan X8 hissəsində açıq saxlanılmışdır. Tərəfinizdən təqdim edilmiş xx.xx.2016-ci il tarixli 20/1088 nömrəli 20 Saylı MKİS-nin arayışına əsasən X8 miras qoyanla birlikdə və onun ölümündən sonra qeydityatda olduğundan miras əmlakını faktiki qəbul olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99 bəndinin dördüncü hissəsinə əsasən Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd. Belə ki, X2 məxsus əmlaka dair vərəsəlik şəhadətnaməsini açıq qalmış X6 düşən 1/10 hissəsini faktiki qəbul olunduğundan, lakin şəhadətnamə almadan xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.Yuxarıda qeyd olunanları nəzərə alaraq, X8 tərəfindən faktiki qəbul olunmuş 1/10 hissəsinə dair vərəsəlik şəhadətnaməsi mümkün deyil. xx.xx.2016-cı il tarixdə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 38 saylı notariat kontorunun notariusu İ.M.Xəlilov, təsdiq edirəm ki, Bakı şəhəri 9 saylı kontoru tərəfindən xx.xx.1996cı ildə təsdiq edilən və reyestrdə E-6/2045 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən “01" iyul 2002-ci il tarixdə vəfat etmiş X1 vərəsələri bunlardır: -ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı 7/10 hissəsini və -məcburi payları olan: Rusiva Federasivasının vətəndaşları X5 1/10 hissəsini X7 1/10 hissəsini və ünvan 2 ünvanda qeydiyyatda olan X8 1/10 hissəsini (açıq qalır) miras əmlakdan pay almalıdırlar. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan Bələdiyyəsi xx.xx.2021-ci il tarixli, 118 nömrəli arayışdan görünür ki, Nərimanov rayonu Təbriz küçəsi ev 97 mənzil 38-də qeydiyyatda olan İddiaçı həmin ünvanda qardaşı X8 xx.xx.2021-ci il tarixdə vəfat edib. Mərhum Əmircan qəsəbəsi tatar qəbiristanlığında dəfn edilmişdir. Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontorunun 21 iyul 2022-ci il tarixli məhkəmə sorğusuna alınmış cavab məktubuna əsasən, xx.xx.2016-cı il tarixli 2V/42 nömrəli reyestrdə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və əsas olmuş notariat işinin təsdiq olunmuş surəti göndərilmişdir. Rusiya Federasiyası Yesenovsk şəhəri VVAQD şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş İ-VA 582316 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 iyul 2002-ci il tarixdə ölmüş, bu barədə akt qeydləri kitabında 1425 nömrəli ilə qeyd aparılmışdır. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ 223826 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 961 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, X3 01 iyul 2002-ci il tarixdə Yesenovsk şəhərində ölmüşdür. xx.xx.1996-cı il tarixdə sonuncu ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzili oğlu (iddiaçı) İddiaçı vəsiyyətnamə ilə vəsiyyət etmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 38 saylı xüsusi notariat ofisi tərəfindən V-15 nomrəli vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işi üzrə notarial orqan tərəfindən xx.xx.2016-cı il tarixli 2V-42 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilərək qeyd olunan miras əmlakın 7/10 hissəsi İddiaçı verilmişdir, miras əmlakın 1/10 hissəsini məcburi payda hüququ olan iddiaçının qardaşı Boris Alimovun adına açıq saxlamışdır. 38 saylı xususi notariat ofisi xx.xx.2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, Alimov Boris miras əmlakı faktiki qəbul etdiyindən həmin 1/10 hissəyə vərəsəlik şəhadətnaməsinin İddiaçı verilməsi mümkün deyildir. Hazırda mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçının anası Alimova Rakiyanın xx.xx.2002-ci il tarixdə vəfatından sonra, habelə öz vəfatı anına qədər (xx.xx.2021-ci il tarixə qədər) X8 anasından miras qalmış əmlakda məcburi payının ona verilməsi üçün müraciət etməmişdir. Notarial orqan, əsas qanunu kənara qoyaraq, Təlimata əsasən Boris Alimovun həmin ünvanda qeydiyyatda olmasını nəzərə alaraq onun da miras əmlakda məcburi payını tanımışdır, həmin hissəni açıq saxlamışdır. Lakin, Boris Alimovun vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə onun heç bir vərəsəsi həmin payın irsi transmissiya qaydasında da keçirilməsini tələb etməmişlər. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, məcburi pay tələb etmək hüququnun vəsiyyətnamənin mövcudluğundan asılı edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair qeyd edilməlidir ki, Mülki Məcəllənin 1193-cü maddəsi məhz cəmiyyətdə təşəkkül tapmış hüquqi və mənəvi prinsiplərə uyğun olaraq, məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir. Qeyd olunduğu kimi, qanunverici Mülki Məcəllənin birinci növbə vərəsələri nəzərdə tutan 1159.1.1-ci maddəsinin məqsədlərindən çıxış edərək məcburi pay hüququ olan şəxslərin dairəsini təsbit etmişdir. Bu isə onu göstərir ki, Məcəllənin 1159-cu maddəsinin müddəaları 1193-cü maddəyə münasibətdə müəyyənləşdirici norma kimi çıxış edir və orada sadalanan şəxslər Məcəllənin 1159.1.1-ci maddəsində də göstərilmişdir. Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, qanunverici vərəsəlik və ailə hüquq institutlarının konstitusiya əhəmiyyətindən çıxış edərək Mülki Məcəlləyə “məcburi pay” anlayışını daxil etmiş və Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə ailə münasibətlərinin himayə edilməsini, bununla da vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin (məcburi vərəsələrin) qanunla onlara verilmiş minimum paylarının qorunması hüquqlarını təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə huquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən, əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 96-cı bəndinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. 99-cu bəndinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunanlarla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı anası Rakiya Alimovanın vəsiyyətnamə üzrə vərəsəsi kimi bəhs edilən daşınmaz əmlakla bağlı qanuna uyğun şəkildə notariusa müraciət etmiş, lakin vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün xx.xx.2021-ci il tarixdə ölmüş qardaşı Boris Semyonoviçin məcburi pay hüququ ilə əlaqədar ona 1/10 hissədə pay ayrılmış və həmin hissədə cavabdeh tərəfindən iddiaçının pay haqqının tanınmasından imtina edilmişdir. MM-nin 1202.2-ci, 1262-ci, 1273-1-ci maddələrinin təhlilindən göründüyü kimi hazırki mübahisəli halla bağlı olan daşınmaz əmlakla bağlı hüquqlar vəsiyyətnamə ilə bütünlüklə iddiaçının xeyrinə bölüşdürülmüş, habelə məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməsi işin faktiki halları ilə müəyyən olunmur, bunun əksinə məcburi pay haqqı müəyyən edilmiş vərəsə Boris Semyonoviçin öldüyü, habelə sonuncunun məcburi payı tələb edəcək vərəsəsinin olmadığı işin halları ilə aşkar görünür. Belə ki iddiaçı vəsiyyətnamə üzrə vərəsə kimi açıq qalmış 1/10 hissəyə şəhadətnamə ala bilməsə də, həmin əmlaka faktiki sahiblik etməsi və yuxarıda qeyd olunan hallar məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunur. Beləliklə, həmin əmlaka hazırda iddiaçı tərəfindən faktiki sahiblik edilir, o cümlədən əmlaka dair (1/10 hissəsinə) hər hansı bir şəxsin məcburi payı tələb etmək hüququ mövcud deyil, iddiaçının hazırda vəsiyyətnamə üzrə yeganə vərəsə olması işin mübahisəsiz halları ilə müəyyən olunur. Göstərilənlərə görə də, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum X4 adına açıq saxlanılmış 1/10 hissədə payın İddiaçı payına əlavə edilməli və həmin hissədə paya vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum X4 adına açıq saxlanılmış 1/10 hissədə pay İddiaçı payına əlavə edilməsi və həmin hissədə paya vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı Şəhəri 38 saylı Dövlət Notariat Kontoruna həvalə edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar