Məhkəmə qərarları › İş №e-2(005)-2792/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2792/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2792/2022 01.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STN07-0098 № alqı-satqı müqavilə üzrə 635 (altı yüz otuz beş) manat əsas borc, 190,50 (yüz doxsan manat 50 qəpik) manat dəbbə pulu (cərimə borcu) və MOB07-0107 № alqı-satqı müqavilə üzrə 156 (yüz əlli altı) manat əsas borc, 46,80 (qırx altı manat 80 qəpik) manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 31 (otuz bir) manat dövlət rüsumu ilə birlikdə iddiaçıya cavabdeh tərəfindən 1059,30 (min əlli doqquz manat 30 qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 ilə Cavabdeh arasında xx.xx.2019cu il tarixində STN07-0098 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 1176 manat dəyərində “Lenova V330- 15İKB” markalı noutbuk almışdır. Hədiyyə verən X1 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-012/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2019-cu il tarixli STN07-0098 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqaviləyə əsasən borclu qalıq 1176 manat ümumi məbləği ilkin ödəniş etmədən 12 ay ödəniş etmək şərti ilə, hər ay 98 manat olmaqla ödəniş etməli idi. Cavabdeh cəmi 541 manat ödəniş etmişir. Cavabdehin qalıq borcu 635 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 190,50 manat təşkil edir. Cavabdeh iddia qaldırmadan öncə ödəniş etməsi barədə, həm də bağışlama müqaviləsi ilə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun İddiaçı MMC-yə verilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa təkrarən, İddiaçı MMC ilə Cavabdeh Zaki oğlu arasında xx.xx.2019-cu il tarixində MOB07-0107 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 360 manat dəyərində 01 ədəd “X3 8GB Black” markalı mobil telefon almışdır. Müqavilə ilkin ödənişsiz, 20 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu 360 manat ümumi məbləği 20 ay ödəniş etmək şərti ilə, har ay 18 manat ödəniş etməli idi. Cavabdeh cəmi 204 manat ödəniş etmişir. Cavabdehin qalıq borcu 156 manat olaraq qalır. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 46,80 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. TAB MMC Cavabdeh ilə aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Beləliklə cavabdehdən STN07-0098 № alqı-satqı müqavilə üzrə 635 manat əsas borc, 190,50 manat dəbbə pulu (cərimə borcu) və MOB07-0107 № alqı-satqı müqavilə üzrə156 manat əsas borc, 46,80 manat dəbbə pulu (cərimə borcu) və məhkəməyə ödənilən 31 manat dövlət rüsumu olmaqla ümumilikdə 1059,30 (bir min əlli doqquz manat 30 qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh tərəfindən qəbul edilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - X1 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində STN07-0098 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 1176 manat dəyərində “Lenova V330-15İKB” markalı noutbuk almışdır. - İddiaçı MMC ilə Cavabdeh Zaki oğlu arasında xx.xx.2019-cu il tarixində MOB07- 0107 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 360 manat dəyərində 01 ədəd “X3 8GB Black” markalı mobil telefon almışdır - X1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-012/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı MMC-nə xx.xx.2019-cu il tarixli STN07-0098 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. - xx.xx.2022-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh STN07-0098 №-li alqı-satqı müqavilə üzrə 635 manat əsas borcu, 190,50 manat cərimə borcu var. - xx.xx.2022-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh MOB07-0107 №-li alqı-satqı müqaviləsi üzrə156 manat əsas borcu, 46,80 manat cərimə borcu var. - İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2022-ci i tarixli pretenziya (xəbərdarlıq) məktublarından görünür ki, cavabdehlə bağlanmış müddətli alqı-satqı müqavilələrinə əsasən yaranmış borcu ödəməsi tələb olunur. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2022-ci il tarixli, ********* №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 31 (otuz bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh STN07-0098 № alqı-satqı müqavilə üzrə 635 (altı yüz otuz beş) manat əsas borc, 190,50 (yüz doxsan manat 50 qəpik) manat cərimə borcu, MOB07-0107 № alqı-satqı müqavilə üzrə 156 (yüz əlli altı) manat əsas borc, 46,80 (qırx altı manat 80 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1028,3 (min iyirmi səkkiz manat 30 qəpik) manat borc və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh STN07-0098 № alqı-satqı müqavilə üzrə 635 (altı yüz otuz beş) manat əsas borc, 190,50 (yüz doxsan manat 50 qəpik) manat cərimə borcu, MOB07-0107 № alqı-satqı müqavilə üzrə 156 (yüz əlli altı) manat əsas borc, 46,80 (qırx altı manat 80 qəpik) manat cərimə borcu olmaqla, cəmi 1028,3 (min iyirmi səkkiz manat 30 qəpik) manat borc və 31 (otuz bir) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar