Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2830/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Firmasına qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən Cavabdeh Firmasına artıq ödənilmiş, mənzilin 24,95 kv.m hissəsinin dəyərini təşkil edən 20.958 manat məbləğində pulun, həmçinin məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 153,5 kv.m olan mənzilin cavabdehdən satın alınaraq mülkiyyətinə verilməsi ilə əlaqədar müqavilə bağlanması niyyəti ilə onunla Cavabdeh Firması arasında xx.xx.2018-ci il tarixdə beh müqaviləsi bağlanmışdır. Daha sonra alarında həmin mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 302 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1 və 2.1-ci bəndlərinin tələblərinə əsasən cavabdeh ümumi sahəsi 153,5 kv.m olan həmin mənzili onun mülkiyyətinə verməyi, o isə həmin mənzilin hər kvadrat metri üzrə 840 manat olmaqla, cəmi 128.940 manat məbləğində pul vəsaiti ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarlarının sahəsinin hamısı, qonşu ilə olan ara divarının sahəsinin yarısı, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, ara divarla sütunların yerləşdiyi sahələr) habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Kassa mədaxil orderindən görünür ki, o, öz öhdəliyinə əməl edərək həmin mənzilin dəyərini təşkil edən 128.940 manat məbləğində pul vəsaiti tam şəkildə cavabdehə ödəmiş və bununla bağlı cavabdeh tərəfindən ona maliyyə arayış təqdim edilmişdir. Həmin sənədlər əsasında onun tərəfindən mənzil sahəsinə dair xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə edilmişdir. O, çıxarışa nəzər yetirərkən mənzilin ümumi sahəsinin müqavilənin 1.1-ci bəndində müəyyən ediləndən fərqli olaraq ümumi sahəsinin 153,5 kv.m deyil, 128,55 kv.m olduğunu aşkar etmişdir. Beləliklə, cavabdeh tərəfindən müqavilə şərtləri pozularaq ümumi sahəsi 153,5 kv.m olması nəzərdə tutulan mənzil əvəzinə 128,55 kv.m mənzil ona təhvil verilmişdir. Bununla da cavabdeh öz öhdəliyini pozaraq ona 24,95 kv.m az ölçüdə mənzil vermişdir. Mənzilin bir kvadrat metrinin dəyərinin 840 manat olduğu nəzərə alınaraq 24,95 kv.m-nin dəyəri 20.958 manat təşkil edir. Beləliklə, cavabdeh öz öhdəliyini lazımınca icra etməməklə ona 20.958 manat məbləğində zərər vurmuşdur. Müqavilənin 2.10-cu bəndində mənzilin ümumi sahəsinin hesablanmasının fərqli qaydası nəzərdə tutulsa da, həmin şərt onun həqiqi iradə ifadəsini əks etdirməmişdir. Bundan əlavə, müqavilədə mənzilin sahəsinin hesablanmasının fərqli qaydası nəzərdə tutulsa da, bu qayda qanunvericiliklə imperativ olaraq müəyyən edilən şərtə uyğun gəlmədiyinə görə etibarsızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Firması tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə və iddia ərizəsinə qarşı etiraz təqdim edilmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından mənzildə yerləşən bəzi sahələr (eyvan, lociya və s.) 0,3 əmsala vurulmaqla hesablanır. Buna görə də mənzilin müqavilədəki faktiki sahəsi ilə hüquqmüəyyənedici sənəddəki sahənin fərqli olması normaldır. Eyni zamanda, müqavilədə əks olunmuş ümumi sahənin müəyyən hissəsi mənzilin ara divarlarının yerləşdiyi sahəyə düşür və çıxarışda həmin sahə nəzərə alınmadığı üçün mənzilin çıxarışdakı ümumi sahəsi ilə müqavilədəki ümumi sahə arasında fərqin yaranması təbiidir. Buna görə də iddia tamamilə əsassızdır. Lakin bununla yanaşı, iddia tələbi üzrə müddət keçmişdir. Belə ki, iddia tələbinin hallarından məlum olur ki, iddiaçı mənzilin sahəsinin faktiki olaraq az olduğunu və bununla da artıq pul ödəyərək ziyana düşdüyünü bildirmişdir. Beləliklə, iddia tələbindən məlum olur ki, əskik sahəyə görə pulun iddiaçıdan alınmasının heç bir qanuni və müqavilə əsası olmamışdır. Bu hal həqiqət olmasa da, iddia tələbinin əsasını təşkil edir və iddiadan belə anlaşılır ki, Cavabdeh Firması həmin məbləği əsassız əldə etmişdir. İddianın əsaslandırıldığı hal konkret olaraq əsassız varlanma görüntüsü yaradır və buna görə də həmin münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda Mülki Məcəllənin 1095-ci maddəsinə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Bununla yanaşı, hazırkı mübahisəyə əsassız varlanmadan irəli gələn müddətin deyil, müqavilədən irəli gələn mübahisələr üzrə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiqi fikri ortaya atılarsa, yenə də iddia müddəti ötürülmüş hesab edilməlidir. Belə ki, müqavilədən göründüyü kimi iddiaçı mənzili xx.xx.2018-ci ildə almışdır. İddia isə xx.xx.2022-ci ildə imzalanmışdır. Beləliklə də mənzil satıldığı tarixdən etibarən iddiaçının bu mənzilə daxil olmaq, ölçü işi aparmaq və s. hüquqları faktiki olaraq mövcud olmuşdur. İddiaçı hüququnun pozulduğunu bilməli olduğu vaxtdan heç bir tədbir görməmiş və məsələ barədə heç bir iddia qaldırmamışdır. Bundan əlavə, iddiaçı iddia ərizəsində qeyd edir ki, xx.xx.2019-cu il tarixdə mənzilin mülkiyyət hüququna dair çıxarışını almış və həmin vaxt mənzilin sahəsinin 128,55 kv.m olmasını aşkar etmişdir. Beləliklə, iddiaçının özünün etiraf etdiyi xx.xx.2019-cu il tarixdən hesabladıqda yenə də həm əsassız varlanma, həm də müqavilə tələbləri üzrə iddia müddətinin axımı keçmiş olur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyət hüququna dair çıxarışa istinad edərək mənzilin sahəsinin 24,95 kv.m əskik olduğunu bildirmişdir. Mövcud qanunvericiliyə əsasən mənzilin bəzi sahələri (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, balkon, lociya, terras, şüşəbənd və eyvanlar) azalma əmsallarına vurulmaqla hesablanır. Mənzilin DƏDRX tərəfindən tərtib edilmiş texniki pasportunda azalma əmsalına vurulan sahələrin ümumi ölçüləri göstərilir. Hazırkı iş materiallarına mənzilin texniki pasportu əlavə edilmədiyindən, həmin ölçünün dəqiq olaraq neçə kv.m təşkil etməsi barədə fikir bildirmək mümkün deyildir. Odur ki, iddiaçı mənzilin mülkiyyət hüququna dair çıxarışı deyil, texniki pasportu əsas götürərək, iddia tələbini bu ölçü üzərindən əsaslandırmış olsa idi başa düşülən hesab edilə bilərdi. İddiaçı isə həmin azalma sahələrini nəzərə almadan, mülkiyyət hüququna dair çıxarışdakı göstəriciləri əsas götürmüşdür. Halbuki, mənzilin texniki göstəriciləri (sahə, mənzillərin yerləşməsi, ölçüləri və s.) yalnız texiki pasport əsasında müəyyənləşdirilə bilən məlumat hesab edilir. İştirakları olmadan keçirilmiş məhkəmə iclaslarında təyin edilmiş və aparılmış tikinti-texniki ekspertiza zamanı azalma əmsalları nəzər alınaraq müəyyən edilmiş ümumi sahə 130,15 kv.m təşkil etmişdir. Ekspertiza qarşısında qoyulmuş ikinci suala uyğun olaraq mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsi 153,75 kv.m olmaqla mənzilin müqavilədə qeyd edilmiş ümumi sahəsinə bərabər olmuşdur. İddiaçı müqavilənin 2.10-cu bəndinin iddiaçının həqiqi iradəsini əks etdirmədiyini bildirmişdir. Məlum olduğu kimi Mülki Məcəllənin 324.1-ci maddəsinə görə “əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə “fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər”. Tərəflərin iradəsi əsasında imzalanmış müqavilə (müqavilənin 2.10-cu bəndi) hüquqi qüvvədədir və etibarsız hesab edilməmişdir. İddiaçı həmin bəndin onun həqiqi iradəsini əks etdirmədiyini bildirsə də, əsas dəlil bundan ibarətdir ki, o, müqavilə bağlanan anda bu bəndin çıxarılmasını və ya hər hansı formada dəyişdirilməsini tələb etməmişdir. Odur ki, bəndin onun həqiqi iradəsini əks etdirməməsi ilə bağlı iddiaçının mülahizəsi onun tələbinin əsassızlığını deməyə faktiki zəmin varadır. Həmin bəndin şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə zidd olması ilə bağlı iddiaçının hüquqi dəlilinə gəldikdə, AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6-cı, 346.1-ci və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir “....Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar...”. Konstitusiya Məhkəməsinin qərarından da göründüyü kimi müqavilənin 2.10-cu bəndi hətta qanuna zidd olmuş olsa idi belə, yenə də həmin bənd etibarsız hesab olunmadığına və onun tərəflər üçün yaratdığı hüquq və vəzifələr qüvvədə olduğuna görə onun (müqavilənin) hüquqi qüvvəsi tərəflər üçün məcburidir. Buna görə də hazırkı məhkəmə işində mənzilin sahəsinin müqavilənin 2.10-cu bəndinə əsasən ölçülməsi hüquqi həqiqət prinsipinə tam uyğundur. Qeyd edilənlərlə yanaşı iddiaçının tələbini əsaslandırdığı hallar cavabdehin əsassız varlanma formasında artıq pul vəsaiti əldə etməsi anlamına gəlir. Belə ki, iddiaçının qeyd etdiklərindən belə aydın olur ki, mənzilin sahəsi 128,55 kv.m olduğu halda müqavilədə 153,5 kv.m sahə qeyd edilsə də arada olan fərq (24,95 kv.m) üçün üçün pul alınmasının heç bir hüquqi (qanuni) və faktiki (müqavilə) əsası olmamışdır. Bu cür tələb isə xaraktercə əsassız varlanmadır. Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin, 386.1-ci maddəyə görə öhdəliklərin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə “əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə “əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. İddiaçının tələbindən irəli gələn münasibətlərə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməlidir. Belə olduqda 1095-ci maddəyə uyğun olaraq iddia müddəti keçmiş olur və iddianın rədd edilməsi üçün hüquqi əsas yaradır. Həmin maddəyə görə “əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir”. Hətta müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti tətbiq ediləcək olarsa, yenə də çıxarışın alındığı vaxtdan 3 il keçdikdən sonra iddia qaldırdığını əsas götürərək müddətin ötürülməsi qənaətinə gəlmək olar. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək, 153,5 kv.m sahəni iddiaçıya təhvil vermişdir. Bu fakt həm iddia ərizəsində, həm də tikinti-texniki ekspertizaya dair rəydə öz təsdiqini tapmışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh Firmasının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etmədi, etirazın məzmununa uyğun izahat verərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh Firması ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış beh müqaviləsinin surətindən və məzmunundan görünür ki, İddiaçı (sonradan “Sifarişçi” adlandırılacaq) bu müqavilə ilə Cavabdeh Firmasına (sonradan “İcraçı” adlandırılacaq) 7000 (yeddi min) manat məbləğində beh verir, “İcraçı” isə ünvan 2 ünvanında inşa etdiyi 16 mərtəbəli, 5 bloklu binanın 3-cü blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153,5 kv.m olan 122 saylı 3 otaqlı mənzili “Sifarişçi”yə satmağı öhdəsinə götürür. Tərəflər razılaşır ki, beh müqaviləsi bağlandığı tarixdən etibarən ən geci 1 ay ərzində alqı-satqı müqavilələri bağlanacaq və “Sifarişçi” əmlakların dəyərinin qalan hissəsini ödəyəcək. Cavabdeh Firması ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin surətindən və məzmunundan görünür ki, Cavabdeh Firması (sonradan “İcraçı” adlandırılacaq) Bakı şəhəri Məhəmməd Xiyabani 133B küçəsində 16 mərtəbəli 5 bloklu binanın 3-cü blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153,5 kv.m olan 122 saylı 3 otaqlı mənzili İddiaçı (sonradan “Sifarişçi” adlandırılacaq) satmağı, “Sifarişçi” isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Mənzilin hər kv.m-nin qiyməti tərəflərin razılaşması ilə 840 manat, mənzilin ümumi qiyməti 128.940 manat məbləğində müəyyən edilir. Cavabdeh Firması tərəfindən tərtib edilmiş 302 nömrəli xx.xx.2018-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Bakı şəhəri Məhəmməd Xiyabani 133B küçəsində 16 mərtəbəli 5 bloklu binanın 3-cü blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153,5 kv.m olan 122 saylı 3 otaqlı mənzil üçün İddiaçı tərəfindən 128.940 manat kassaya mədaxil edilmişdir. Cavabdeh Firması tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri Məhəmməd Xiyabani 133B küçəsində 16 mərtəbəli 5 bloklu binanın 3-cü blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153,5 kv.m olan 122 saylı 3 otaqlı mənzilin dəyərini tam ödəmişdir, Cavabdeh Firmasına borcu yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi ev 133, 133A, 133B, 135, 135A, mənzil 133B, M2, m.2 İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli, 10/5014 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 130,15 kv.m təşkil etdiyi müəyyən edilir. ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsinin 153,75 kv.m təşkil etdiyi müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin qanunvericiliyin (müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə-plan və s. uyğun) tələblərinə uyğun tikilibtikilməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi ev 133, 133A, 133B, 135, 135A, mənzil 133B, M2, m.2 İddiaçı mülkiyyətindədir. Cavabdeh Firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “İcraçı” Bakı şəhəri Məhəmməd Xiyabani 133B küçəsində 16 mərtəbəli 5 bloklu binanın 3-cü blokunda 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 153,5 kv.m olan 122 saylı 3 otaqlı mənzili “Sifarişçi”yə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh Firması tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Hazırda iddiaçı, Cavabdeh Firması ilə aralarında bağlanmış müqavilədə mənzilin sahəsinin 153,5 kv.metr qeyd olunmasına baxmayaraq mənzilin sahəsinin faktiki olaraq çıxarışda 128,55 kv.metr olduğunu bildirərək, cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, mənzilin 24,95 kv.metri üçün artıq ödənilmiş 20.958 manat məbləğində pulun qaytarılmasını xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 437.1-ci maddəsinə əsasən əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 577.1-ci maddəsinə əsasən alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 578.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb məhkəmə hesab edir ki, Cavabdeh Firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müvafiq müqavilənin 2.10-cu bəndinin tələbinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarlarının sahəsinin hamısı, qonşu ilə olan ara divarının sahəsinin yarısı, yerləşmələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, ara divarla sütunların yerləşdiyi sahələr) habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Habelə müqavilənin müvafiq olaraq 1.1-ci və 2.1-ci bəndlərinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 153,5 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzilin (divar altı sahə nəzərə alınmaqla) ümumi sahəsinin 153,75 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahəsi 153,5 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 130,15 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə şaxtaların və beton sütunların yerləşdiyi sahə daxil edilməklə ümumi sahəsi 153,75 kv.m təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə hüquqi qiymət verərək qeyd edir ki, hazırkı iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan həmin tələbə iddia müddəti şamil edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Firmasına qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Firmasına qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutulsun, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2830/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2830/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver