Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-288/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (açar sözlər: lizinq; sübutetmə yükü) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06049 saylı X4 müqaviləsi üzrə 13373.96 AZN (on üç min üç yüz yetmiş üç manat 96 qəpik) borcun, 70.00 AZN (yetmiş manat) yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 AZN (əlli manat) olmaqla cəmi 13493.96 AZN (on üç min dörd yüz doxsan üç manat 96 qəpik) və mediasiya xidmət haqqı kimi ödədikləri 200.00 AZN (iki yüz manat) iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə təşkilatı arasında xx.xx.2022-ci il tarixli İF/06049 saylı 36 ay müddətli Daxili Lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Üç aydır heç bir ödəniş edilmir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də görüldüyü kimi cavabdeh 07 yanvar 2023-cü il tarixindən başlayaraq 03 avqust 2023-cü il tarixinə qədər hər ay 847.37 AZN (səkkiz yüz qırx yeddi manat 37 qəpik) olmaqla, 6778.96 AZN (altı min yeddi yüz yetmiş səkkiz manat 96 qəpik) ödəniş etməli olduğu halda cəmi 2540.00 AZN (iki min beş yüz qırx manat) ödəniş etmişdir. Cavabdehin qalıq borcu 4238.96 AZN-dir (dörd min iki yüz otuz səkkiz manat 96 qəpik) (6778.96 AZN-2540.00 AZN). Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyyat hissələrinin ümumi məbləği 9135.00 AZN (doqquz min yüz otuz beş manat) və 70.00 AZN (yetmiş manat) yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 AZN (əlli manat) xidmət haqqı təşkil edir. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, müqavilə 36 ay müddətinə bağlanılıb və xx.xx.2022-ci ildə müqavilə bağlanılan vaxt avtomobil cavabdehə təhvil verilib. xx.xx.2023-cü ildə isə avtomobil geri götürülüb. Avtomobili əməkdaşlar gedib götürüblər və bunu təsdiq edən təhvil-təslim aktı əlavə edilmişdir. Akt ancaq şirkətin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh tərəfindən ödəniş olunmadığına görə avtomobil götürülmüşdür və dəfələrlə onunla əlaqə saxlanılmışdır. Hesab edir ki, cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin ödədiyi ödənişlər 2023-cü ilin yanvar ayından 2023-cü ilin mart ayını əhatə edir. Hazırda tələb avtomobili götürdükləri vaxta qədər, yəni iyul ayına qədər olan borcdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, avtomobil almaq niyyəti ilə qarşı tərəflə müqavilə bağlamışdır. İlkin ödənişi və avtomobilin onda olan müddətinə görə aylıq ödənişləri gecikmədən ödəmişdir. Daha sonra ona başqa bir avtomobil təklif olunub və öz maşını saz vəziyyətdə ondan təhvil alınıb. Avtomobili üç ay bitdikdən sonra MMC-nin əməkdaşları tərəfindən fevral ayında götürülmüşdür və buna dair heç bir rəsmiləşdirilmə olmamış, heç bir protokol tərtib olunmamışdır. Atası sənəd tələb edəndə bildirlər ki, onlara ən yaxşı avtomobil veriləcək. Avtomobil faktiki olaraq üç ay istifadəsində olub. Bu müddət ərzində də ödənişləri tam etmişdir. Həmin avtomobil işlək vəziyyətdə olub və onlar tərəfindən sürülərək aparılıb. Kommersiya Məhkəməsində həmin sənəd tələb olunub, lakin qarşı tərəf təqdim edə bilməmişdir. 31 iyul tərtib olunan təhviltəslim aktı onun tərəfindən imzalanmamışdır. Avtomobil ondan dəyərləndirmədən dörd ay əvvəl götürülmüşdür. Daha sonra bildirdilər ki, bir həftə ərzinə yeni avtomobillər gələcək, lakin təqdim olunmadı. Aralarında sənədləşdirmə olmayıb və ancaq şifahi danışıq olub. İkinci avtomobil bir günlük yoxlatdırmaq üçün ona verilmiş və yoxladıb onlara geri qaytarmışdır. Həmin avtomobil yararsız vəziyyətdə olduğu üçün onu qəbul etməmişdir. Avtomobil istifadəsində olarkən ödənişlərini etmişdir, lakin hazırda istifadəsində olmadığı müddətə olan borcu tələb edirlər Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil yazılı ərizə - mülahizələr təqdim edərək ona uyğun olaraq izahatında bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır, iddia ərizəsi kifayət qədər əsaslandırılmamış, formal mülahizərə söykənmişdir. Mülki iş üzrə mötəbər sübutlar olmadığından məhkəmə tərəfindən iddia ərizsənin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia ərizəsinə diqqət yetirdikdə görünür ki, hazırki mülki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli Daxili Lizing müqaviləsinə əsasən 13393.76 manat 70 manat inzibati xətalar üzrə cərimələrin əvəzi, 50 manat müstəqil ekspertə görə ödənilən pulun, cəmi 13493.96 manat pulun və 200 manat mediasıya ödənilən məbləğ tələb edilir. İddia ərizəsində görünür ki, tələb olunan məbləğin 6778.96 manatı müqavilə üzrə əsas borc, müqavilə üzrə cavabdehin istifadəsinə verilmiş avtomobilin ehtiyyat hissələrinə isə görə 9135 manat kimi iddiaçı tərəfindən qiymətləndirilmişdir. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı ilə müəyyən olunur ki, həmin tarixdə lizing müqaviləsinə əsasən Mercedes Benz ML500 markalı avtomobil cavabdehin istifadəsinə verilmişdir. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə görünür ki, sözügedən avtomobil iddiaçı tərəfindən Nizami rayonu ərazisindən götrülmüşdür. xx.xx.2022-ci il tarixli X4i barədə müqavilədən görünür ki, müqavilə iddiaçı ilə cavabdeh arasında bağlanmışdır. xx.xx.2022-ci il tarixli daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh aylıq 847.37 manat aylıq ödənişi 36 ay müddətinə 07 yanvar 2023-cü il tarixdən ödəməyi öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş sms-radar məlumatlarından görnür ki, həmin avtomobilə tərtib edilmiş cərimələr 2024-cü il əhatə edir, halbuki avtomomobil 2023cü ilin mart ayında cavabdehdən təhvil alınmışdır. Mülki işdə olan sübutlardan görünür ki, cavabdeh tərəfindən həmin müqaviləyə əsasən cəmi 3 ay yəni 2023-cü ilin yanvar, fevral, mart ayları üzrə ödəniş edilmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək cavabdeh dövlət hesabına vəkillə təmin edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə mülki işə vəkil qismində qoşulmuşdur. Həmin tarixdən mütəmadi olaraq cavabdehlə konfidensial görüş keçrilmiş, elektron kabinetdə və məhkəmədə olan mülki iş materialları ilə tanış olduqdan sonra məlum olmuşdur ki, iddia ərizəsində sadalanan hallarla cavabdehin bildirdiklər üst-üstə düşmür və kifayət qədər ziddiyyət vardır. Belə ki, cavabdeh konfidensial görüş zamanı bildirmişdir ki, həmin avtomobili 3 ay istifadə etdikdən sonra ona iddiaçı tərəfindən nasaz avtomobil verildiyi üçün aralarında olan razılaşmaya əsasən sözügedən avtomobili mart ayında iddiaçıya geri qaytarmışdır. Həmin vaxt avtomobilin təhvil-təslim alınması barədə akt tərtib edilməsi təklif edilsədə iddiaçı buna lüzum olmadığını bitdimişdir. Bundan sonra iddiaçı həmin müqavilənin davamlı olması üçün cavabdehə “Audi” markalı avtomobili təklif etmişdir. Həmin avtomobildə avto-təmir mərkəzində yoxlanılarkən nasaz olduğu məlum olduğu üçün cavabdeh həmin avtomobili götürməkdən imtina etmişdir. İşə əlavə edilmiş sübutlardan görünür ki, həmin avtomobilə sonuncu ödəniş mart ayında olsada avtomobil avqust ayında götrülmüşdür. İddia ərizəsinə əsasən guya ki? cavadeh avtomobili 5 ay ödəniş etmədən idarə etmişdir. Ancaq buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir və hesab edirəm ki, bu ağlabatanda deyildir. Mülki iş materillarından görünür ki, avtomobildə olan nasazlıqların mövcud olması və cavabdehin istifadəsində olan vaxt əmələ gəlməsidə sübuta yetrilmir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza Mərkəzinin 14 fevral 2025-ci il tarixli məktubuna əsasən ekspertizanın keçrilməsi qeyri mümkün olduğu üçün ekspert tərəfindən imtina edilmişdir. İddiaçı tərəfindən ilkin olaraq AR MPM-in məhkəmə aidyyatı qaydasına əməl etmədən işi kommersiya məhkəməsinə hazırlaması həmin vaxt Mediasiya Şurasına müraciət edərək öz səhvi üzündən artıq 200 manat pul ödəməsi hesab edirəm ki, iddiaçıya vuruluş maddi zərər kimi qiymətləndirilə bilməz. Həmçinin cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən həmin avtomobilin sürücüsünə yəni cavabdeh barəsində 2 dəfə elektron protokol (50 AZN, 20 AZN) tərtib edilməsi barədə elekrton sistem üzərindən sənəd əlavə etmişdir. Ancaq buna baxmayaraq həmin cərimələrin iddiaçı tərəfindən ödənilməsi barədə heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu halda hesab edir ki, həmin cərimənin əvəzinin cavabdehdən reqres qaydasında tələb olunması əsassızdır. Cavabdeh isə həmin cərimələri özü ödədiyini bildirir. Bununla bağlı MY.GOV,AZ saytına cərimələr barədə həmin məlumatda hal-hazırda mövcud deyildir. Qeyd olunanlarıda nəzərə alaraq iddia tələbinin rədd edilmısini xahiş edir. III. İşin faktiki halları: İş materiallarında olan: -BB333429 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobilin sahibi xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-dir. - Lizinq verən "xxxx" MMC, lizinq alan Cavabdeh və satıcı X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən Satıcı, Lizinq alan tərəfindən seçilmiş və bu müqavilədə təsvir edilən nəqliyyat vasitəsini - “Mercedes Benz ML 500” minik markalı 2005-ci il buraxılışlı avtomobili Alıcı- Lizinq verənə satır. Alıcı-Lizinq verən isə həmin nəqliyyat vasitəsini Lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği Satıcıya ödəyir. - xx.xx.2022-ci il tarixli daxili daxili lizinq müqaviləsindən görünür ki, Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana 36 ay müddətinə illik 36% ilə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə görə Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə («Lizinq ödənişləri cədvəli») müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. -xx.xx.2022-ci il tarixli İF/06049 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə lizinq məbləği 18500 manat, mükafat məbləği 12005,33 manat, müddət 36 ay, aylıq ödəniş 847,37 manatdır. - xx.xx.2022-ci il tarixli İF/06049 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavə xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Mercedes Benz ML 500” minik markalı **-AX-*** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi Cavabdeh təhvil verilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 08/17 №-li xəbərdarlıq məktubundan görünür ki, sonuncudan müqavilə üzrə öhdəliyin 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2023-cü il tarixli 068/23 №-li avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktından görünür ki, xx.xx.2022-ci il tarixli İF/06049 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus Mercedes Benz ML 500 minik markalı, ** AX *** dövlət nömrə nişanlı, ban №4JGBB75E86A0433993, 2005-ci il buraxılışdan, qara rəngdə) dövlət qeydiyyat nişanlı avtomobilə lizinq təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə göstərilən avtomobilin ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 9135,00 (doqquz min bir yüz otuz beş) manat təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin real dəyəri 21000,00 (iyirmi bir min) manat məbləğində təşkil etmişdir. Avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 10 000,00 (On min) manat məbləğində müəyyən olunmuşdur. - Xidmətlərin göstərilməsinə dair xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin sifarişinə əsasən “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə Bakı şəhərində qiymətləndirilməsi üçün xidmət haqqı 50 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə müəyyən olunur ki, "xxxx" MMC tərəfindən Bakı 2 saylı Mediasiya təşkilatına 210 (iki yüz on) manat ödəniş edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsindən görünür ki, müqaviləyə əsasən cavabdeh dəyəri 18500 manat olan avtomobili 36 ay müddətinə illik 36% olmaqla almışdır. Qeyd olunan avtomobil xx.xx.2022ci il tarixdə lizinq alan kimi Cavabdeh təhvil verilmişdir. Hazırda iddiaçı daxili lizinq müqaviləsinə əsasən 07 yanvar 2023-cü il tarixindən başlayaraq 03 avqust 2023-cü il tarixinə qədər ödənilməmiş məbləğin, vurulmuş zərərin, yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən məbləğin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. -747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. -748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. -748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. -748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. -748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Məhkəmə iddia tələbinin 1-ci hissəsi – lizinq müqaviləsinə əsasən yaranmış borcun və dəymiş zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, lizinq müqaviləsi mahiyyət etibarı ilə lizinq verən tərəfindən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verilməsi ilə nəticələnən hüquqi aktdır. Lizinq müqaviləsi mahiyyət etibarı ilə konsensual müqavilə hesab olunur. Belə ki, lizinq müqaviləsinin bağlanmış hesab edilməsi üçün onun iştirkaçıları arasında müqavilənin mühüm şərtləri barədə razılıq əldə edilməsi kifayətdir. Lizinq müqaviləsi üzrə tərəflərin əsas öhdəliklərini təşkil edən lizinq obyektinin lizinq alanın istifadəsinə verilməsi (lizinq verənə münasibətdə) və lizinq ödənişlərinin vaxtında və tam şəkildə icra edilməsi (lizinq alana münasibətdə) həmin müqavilə üzrə öhdəliklərin icra edilməsi mərhələsini təşkil edir. Başqa ifadə ilə desək lizinq verənin əsas öhdəliyi əşyanın faktiki olaraq lizinq alanın sahibliyinə verilməsindən – lizinq alanın sahibliyində olmasından ibarətdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 07 yanvar 2023-cü il tarixindən başlayaraq 03 avqust 2023-cü il tarixinə qədər hər ay 847.37 manat olmaqla, 6778.96 manat ödəniş etməli olduğu halda cavabdehin cəmi 2540 manat, yəni 3 ay üzrə (847.37 manat x 3 ay = 2542,11) ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin ödənişlərinin 2023-cü ilin yanvar ayından 2023-cü ilin mart ayınadək olan dövrü əhatə etdiyini bildirmişdir. Hazırda iddiaçı müqavilə üzrə 2023cü ilin mart ayından 2023-cü ilin avqust ayınadək (5 ay) geriyə qalan 4238,96 manat borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, bu halda avtomobilin həmin müddət ərzində cavabdehin istifadəsində olmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, iddiaçı təşkilat ilə cavabdeh arasında avtomobilin lizinqə verilməsi barədə lizinq müqaviləsi və həmin müqavilə əsasında lizinq obyektinin təhvil-təslim aktı mövcuddur. Cavabdeh tərəfindən avtomobil təhvil alındıqdan sonrakı ilk 3 ay müddəti üzrə (yanvar, fevral və mart) cəmi 2540 manat ödəniş edilmişdir. Mübahisələndirilən hal isə avtomobilin nə zaman iddiaçıya qaytarılması - təhvil verilməsidir. İşin faktiki hallarından görünən odur ki, həmin əmlak xx.xx.2022-ci il tarixdə lizin verən, lizinq alan və satıcı tərəfindən imzalanmış təhvil-təslim aktı ilə Cavabdeh təhvil verilmiş, bununla belə, 2023-cü ilin fevral ayından etibarən lizinq alanın sahibliyində olmamışdır. İddiaçı tərəf həmin lizinq müqaviləsinin obyekti olan əmlakın xx.xx.2023-cü il tarixədək lizinq alanın sahibliyində olduğunu, əmlakın iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alındığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Halbuki iddiaçı qeyd olunan müddət ərzində avtomobilin istifadəsinə görə pul tələb etdiyindən bu halı sübut etmək onun sübutetmə yükünə daxildir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar isə mötəbər olmamışdır. Belə ki, məhkəmə iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına münasibətdə qeyd edir ki, həmin akt cavabdehin iştirakı ilə tərtib edilməmiş, yalnız lizinq verən və iştirak edən tərəfindən imzalanmışdır. Digər tərəfdən həmin aktı imzalayanların şəxsiyyətlərini müəyyən etmək mümkün olmamış, qeyd olunan şəxslərin şahid qismində dinlənilməsi barədə vəsatət təqdim olunmamışdır. Ona görə də məhkəmə həmin aktı mötəbər sübut kimi qiymətləndirmir və qeyd edir ki, lizinq obyektinin xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi (bu barədə cavabdehə verilmiş avtomobilin idarəsinə icazə verilməsinə dair etibarnamələr və s.) iş materialları ilə təsdiq olunmur. Məhkəmə qеyd edir ki, avtomobil "xxxx" MMC-nin mülkiyyəti оlmаqlа (BB333428 saylı qeydiyyat şəhadətnaməsi) onun müvəqqəti sahiblik və istifadə üçün cаvаbdеhə vеrilməsi о dеməkdir ki, sоnuncunun həmin əmlаkdаn təyinаtı üzrə istifаdə еtmək (idаrə еtmək) üçün mülkiyyətçinin оnа аvtоmobili idаrə еtmək üçün еtibаrnаmə vеrməsi mütləq və lаbüd оlmаqlа qаnunvеriciliyin tələbidir. Əks hаldа mülkiyyətdə оlmayan аvtоmаşını bеlə səlаhiyyət оlmаdаn idаrə еdilməsi mümkün dеyil, idаrə оlunsа bеlə bu hal inzibаti məsuliyyət yаrаdır. Digər tərəfdən məhkəmə iclasında iştirak edən Cavabdeh isə avtomobilin təhvil verildikdən 3 aydan sonra fevral ayında iddiaçı tərəfindən ondan təhvil alındığını bildirmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Aryabeheşt Mohammadamir bildirmişdir ki, oğlu Cavabdeh universiteti yeni bitirmişdi və dizayner işləri ilə məşğul olduqlarına görə ona bu işlərdə kömək etsin deyə avtomobili özü götürmüş və ilkin ödəniş etmişdir. Lakin avtomobil problemli çıxdı. Bundan sonra xəbərdarlıq etmişdir ki, avtomobilin 1.000-2.000 manat civarında xərci var və bu öhdəliyi kim üzərinə götürür? Avtomobili 2022-ci ildə götürmüşlər və üç ay ödəniş etmişlər, lakin nasazlıq olduğunu bilmiş və bunu lizinq şirkətinə bildirmişdir. Onlara demişdir ki, əgər kasko sığorta olunubsa avtomobil ona saz vəziyyətdə verilməli idi. Şirkətin əməkdaşları bildirdilər ki, avtomobili gətirin başqası ilə dəyişək. Avtomobili üç aydan sonra təhvil vermişdir. Avtomobili onların üç əməkdaşı götürmüşdür, lakin heç bir sənədləşdirilmə aparılmadı. Avtomobili götürəndən sonra başqa şəxsin adına rəsmiləşdirdilər. Bu avtomobil Gəncə şəhərində suya salınmışdır. Özü tərəfindən ilkin ödəniş və üç aylıq ödəniş olunmuşdur. Daha sonra “Audi” markalı avtomobil gətirdilər və yoxlanış etdikdən sonra məlum oldu ki, maşında problemlər var. Həmin nəqliyyat vasitəsi bir gün onlarda qalmışdır. Yoxlanış üçün oğlu Dərnəgül ərazisində yerləşən ustaya göstərmişdir. Bundan sonra telefon vasitəsilə avtomobillər təklif etmişlər, lakin uyğun olmadığına görə qəbul etməmişdirlər. Onlarla aralarında münaqişə olmayıb və tələb sadəcə saz vəziyyətdə avtomobilin təhvil verilməsi idi. Bundan da sonra oğlunu məhkəməyə vermişlər. “Audi” markalı avtomobil onlarda bir gün qalıb və onu özü şirkətin qarşısında Məhəmməd adlı şəxsə təhvil vermişdir. Mercedes Bens ML markalı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdə qaytarılmayıb, avtomobili qaytarmışlar, lakin təhvil-təslim aktı olmayıb. Dekabr ayında Mercedes Bens ML markalı nəqliyyat vasitəsini götürmüşlər, avtomobil üç ay onlardaə olub. Avtomobili qaytarandan sonra şirkətə şifahi qaydada müraciət etmişdir. İddia ərizəsi ilə müraciət etməmişdən üç ay əvvəl şirkətin əməkdaşı bildirdi ki, Mercedes Bens ML markalı nəqliyyat vasitəsinin təmirinə 2.500 manat ödəniş edin və avtomobili təmir edək. Bu təkliflə də razılaşmışlar və aralarında protokolda tərtib olundu və imzalar ilə təsdiqlətmişlər. Onlardan tələb etmişdir ki, avtomobili onlara göstərsinlər. Baxış keçirəndən sonra görmüşdür ki, 2.500 manat məbləğindən daha çox xərci var. Bu səbəbdən avtomobildən imtina etmişdir və bundan sonra iddiaçı tərəf onları məhkəməyə vermişdir. Avtomobili Sumqayıt şəhərində Elgiz adlı şəxsdən almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Jabbarı Hoseın bildirmişdir ki, Cavabdeh dostunun oğludur. Mercedes Bens ML markalı nəqliyyat vasitəsini apararkən dostunun evində idi. Avtomobili aparmağa üç nəfər gəlmişdir. X2 dostunun yaşadığı ünvandan götürmüşdürlər. Məhkəmə qeyd edir ki, MPM-in 76.2-ci maddəsinə əsasən mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. Tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar (qohumlar) da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, şahidlər tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır (hər iki şahidin iltizamı iş materiallarına əlavə edilmişdir). Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Şahid ifadəsinin sübut hesab edilməməsi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər ki, hazırki işdə bu hallar müəyyən olunmamışdır. Eyni zamanda, işdə olan yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrdən görünür ki, cavabdeh tərəfindən həmin avtomobillə sonuncu inzibati xəta xx.xx.2023-cü il tarixdə törədilmişdir. Bundan sonra cavabdeh tərəfindən inzibati xəta törədilməsi halı müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, lizinq obyekti olan əmlakın xx.xx.2023-cü il tarixədək lizinq alanın sahibliyində olması iş materialları ilə - mötəbər sübutlarla sübut olunmur, iddiaçı lizinq obyekti olan avtomobili məhz xx.xx.2023-cü il tarixdə cavabdehdən təhvil almasını sübut edə bilmir. Məhkəmə hesab edir ki, lizinq müqaviləsinin predmeti olan əmlakın fakitiki olaraq xx.xx.2023-cü il tarixədək (aktda olan tarix) lizinq alanın istifadəsinə verilməsi təsdiq olunmadığından iddiaçının lizinq verən olaraq qeyd olunan tarixədək lizinq ödənişlərinin cavabdehdən tələb etmək hüququ yaranmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli İF/06049 saylı X4 müqaviləsi üzrə 2023-cü ilin mart ayından 2023-cü ilin avqust ayınadək yaranmış borcun Cavabdeh tutulması hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin lizinq obyektinin təmir və ehtiyat hissələrinin ümumi məbləği kimi 9135.00 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmanı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz cavabdehin təqsiri üzündən baş verməsini, səbəbli əlaqəni təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli qüsur aktı təqdim edilsə də, həmin qüsur aktı məhkəmə tədqiqatı ilə müəyyən olunmuş avtomobilin cavabdehdən təhvil alındığı tarixdən təqribən 4 aydan sonra tərtib edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, həmin dəlil mötəbər hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat məbləğin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, lizinq obyektinin ehtiyat hissələrinin və təmir xərclərinin tələb edilməsi ilkin tələbdən, yəni lizinq müqaviləsindən doğan tələbdir. Lizinq obyekti olan əmlakın isitismarı ilə bağlı (ehtiyyat hissələri və təmir xərcləri) xərclərin tələb edilməsi üçün ilkin olaraq lizinq müqaviləsinin obyekti olan əmlakın cavabdehin istifadəsi nəticəsində vurulumuş olması sübuta yetirilmiş olmalı idi. Məhkəmə iddia tələbinin yol hərəkəti qaydalarının pozulmasına görə yaranan 70 (yetmiş) manat inzibati cərimələrin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində isə məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış X4i müqaviləsinə əsasən “Mercedes Benz ML 500” minik markalı ** AX *** dövlət nömrə nişanlı avtomobili 07.12.202-ci il tarixdə cavabdehə müvəqqəti lizinqə verməklə üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Cavabdeh isə yol hərəkəti haqqında qanunun tələblərinə riayət etməmiş və onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilmiş, cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışla müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə lizinq obyekti olan avtomobillə törədilmiş inzibati xətalarda cərimə olunan kimi Cavabdeh göstərilmişdir. Göründüyü kimi avtomobil xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə cavabdehin sahibliyində olmuş və inzibati xəta törətməklə avtomobilə cərimələr məhz cavabdehin təqsiri (avtomobili idarə edərkən törətdiyi xəta) səbəbindən yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan avtomobilin cavabdeh tərəfindən istifadəsi nəticəsində yaranmış həmin cərimə məbləğlərini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı dövlət rüsumu olaraq ödədikləri mediasiya xidmət haqqı kimi ödədikləri 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən öz xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmir. Məhkəmə qeyd olunanları, habelə hazırki iddia tələbinin təmin olunan və olunmayan hissələrini nəzərə almaqla hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Cavabdeh həmçinin xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, universiteti yeni bitirdiyini, işsiz olduğunu və maddi vəziyyətinin çox aşağı olduğunu bildirmiş, bu səbəbdən dövlət hesabına vəkil ilə təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-288/2025 nömrəli 19 iyun 2025-ci il tarixli qərardadı ilə vəkillə təmin barədə ərizənin təmin edilməsi, Cavabdeh hazırki iş üzrə dövlət hesabına vəkil ilə təmin olunsun və vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi, Cavabdeh göstərilən hüquqi yardım haqqının ödənilməsi Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi qərara alınmış və qərarın surəti icra olunması üçün Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Vəkillər X1 və Tədris Mərkəzi məhkəmənin sözügedən qərardadını icra edərək 530\25 nömrəli, xx.xx.2025-ci il tarixli orderə əsasən Vəkil cavabdehin vəkili təyin etmişdir. Müdafiəçi Vəkil təqdim etdiyi hesabata əsasən o, cavabdehin hüquqlarının müdafiəsinə işlə tanışlıq, şəxslə görü., prosessual sənədlərin tərtibi, məhkəmə iclaslarında iştirak nəzərə alınmaqla cəmi 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 saylı qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci hissəsinə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil qismində işlə tanışlıq, hüquqi yardım göstərilən şəxslə görüş, prosessual sənədlərin tərtib edilməsi, məhkəmə iclaslarında iştirak edərək ümumilikdə cavabdehin hüquqlarının müdafiəsinə 20 saat sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının dövlət büdcəsinə vəsaiti hesabına iddiaçıya göstərdiyi hüquqi yardıma görə 20 saat üzrə 220 manat (20 saat x 11 manat) ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələrin əvəzi kimi 70 (yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Cavabdeh hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla 20 iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülməli və ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələrin əvəzi kimi 70 (yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Cavabdeh hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla 20 iş saatı üçün cəmi 220 (iki yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-288/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-288/2025
11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver