Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2922/2023 14.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı Şəhəri 31 saylı Notariat Ofisi, X9, X7 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vəsiyyətnamənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (Bakı Şəhəri 31 saylı Notariat Ofisi, X9, X7 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 31 saylı notariat kontorunda X2 adından verildiyi qeyd edilən 15 yanvar 2008-ci il tarixli vəsiyyətnamənin, eləcə də həmin vəsiyyətnamə əsas tutularaq 17 mart 2023-cü il tarixində Cavabdeh verilmiş vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə üzrə Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, rəhmətlik X2 atasının bacısı olmaqla mülki qanuvericiliyə əsasən dördüncü növbə vərəsədir. X5 ilə qohum kimi davamlı əlaqələri olmuşdur. X1 2011-ci ildə vəfat etdikdən sonra onun qanun üzrə vərəsəsi qismində X5 tanınmış və Bakı şəhəri 43 saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ sahəsindəki ümumi sahəsi 33.33 kv.m, yaşayış sahəsi 20.45 kv m, yar/sahə 12.88 kv m olan bir otaqlı 641 saylı bağ evi ona miras qalmış və bu barədə 05 aprel 2012-ci il tarixli şəhadətnamə verilmişdir. Qardaşının vəfatından sonra onun oğlu yuxarıda qeyd etdiyi kimi, onlara gəlib-getmiş, sonuncu dəfə ölməmişdən qabaq yəni, 2022-ci ilin may ayında əlaqələri olmuş, danışıqlar zamanı kirayə qaldığı evdən çıxmaq istədiyini bildirdiyindən gəlib onlarda qalmasını təklif etsə də, “yox narahat olmayın” demişdir. Ondan sonra dəfələrlə əlaqə saxlasalar da, zənglərə cavab vermədiyindən televiziyaya çıxaraq axtarılmasını xahiş etdikdə məlum olmuşdur ki, vəfat etmiş və bu barədə Binəqədi Rayon Prokurorluğunda iş olmuşdur. Qardaşı oğlu Teymur Cəfərovun ölümü Goradil bağ evində şahidsiz ölüm kimi qeydə alınmış və onun meyidi çürümüş halda tapılmış, müəyyən edilmişdir ki, aşkar olunduğu gündən 21 gün əvvəl ölüm baş vermiş, bu səbəbdən də cinayət işinin başlanmasının rədd edilməsi haqqında Binəqədi Rayon Prokrurorluğunun müstəntiqi tərəfindən 19 sentyabr 2022-ci il tarixində Qərar qəbul edilmişdir. İş materiallarının əldə olunması və ölüm faktının qeydə alınması üçün müraciət edərək çox saylı xahişlərdən sonra xx.xx.2023-cü il tarixində ölüm haqqında tibbi şəhadətnaməni əldə ediblər və daha sonra ölümü qeydə aldırmaq üçün Binəqədi qeydiyyat orqanına müraciət etdikdə ölümü elektron sistemə yerləşdirəcəklərini, lakin bu barədə yaxın qohum olmadığından şəhadətnamə verilməyəcəyi, yalnız məhkəmənin və notariat ofisinin tələbi üzrə rəsmi sənəd veriləcəyi bildirilib. O da aidiyyəti qaydada qardaşı oğlunun qeydiyyat yeri üzrə mirasın açılması üçün müddəti buraxmadan ərazi üzə 43 saylı notariat ofisinə müraciət edib və ölüm haqqında şəhadətnamə üçün aidiyyəti qaydada qeydiyyat orqanına sorğu verilməli olduğu bildirilir. Odur ki, cari ilin aprel ayında müraciəti üzrə 43 saylı notariat ofisində sistemə baxış keçirəndə məlum olub ki, X2 ölümü üzrə artıq 31 saylı notariat ofisində miras açılmış və vərəsəlik üzrə şəhadətnamə verilmişdir. O da bunun qeyri-mümkün olduğunu, bu işdə pozuntu olduğunu düşündüyündən dərhal 31 saylı notariat ofisinə müraciət edib. Bakı şəhəri 31 saylı notariat ofisinin şübhəli hərəkətləri, sənədlərdəki ziddiyyətlər Dövlət Notariat Arxivinə sorğu verilməsinə səbəb oldu və sorğuları nəticəsində məlum olub ki, əslində reyestrdə heç bir vəsiyyətnamə qeydiyyata alınmayıb. Belə ki, sorğu üzrə cavab olaraq xx.xx.2023-cü il tarixində bildirilmişdir ki, “xx.xx.1960-cı il təvəllüdlü X5 tərəfindən hər hansı notariat ofisində vəsiyyətnamənin verilib-verilməməsi barədə məlumatın və surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinə baxılmışdır. “Elektron notariat” informasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X5 tərəfindən vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. Bütün notariat işlərinin ümumi reyestrini aparan idarə tərəfindən verilmiş sözügedən cavab birbaşa olaraq təsdiq edir ki, 31 saylı notariat ofisində 15 yanvar 2008-ci ildə verildiyi deyilən vəsiyyətnamə saxta yolla hazırlanmış və nəticədə əmlak qanunsuz olaraq başqaları tərəfindən mənimsənilmişdir. Vəsiyyətnamənin saxta olduğunu həmçinin vərəsəlik işi üzrə düzəltdikləri, yəni topladıqları kağızlar da sübut edir. Belə ki, verildiyi deyilən vəsiyyətnaməyə nəzər yetirdikdə komputer vasitəsi ilə tərtib edildiyi bəlli olur. Həmçinin vəsiyyətnamədə “sərəncam verilir” hissəsində “Ötən” günədək məxsus olan bütün daşınar və daşınmaz əmlakların Cavabdeh vəsiyyət edildiyi qeyd olunur. Yəni “Ötən” gün qeydini əsas tutsalar, o zaman ötən gün anlayışı ölən günü ehtiva etmədiyini, mənasının vəsiyyətnamə bağlandığı günədək olan əmlakları nəzərdə tutmalı olduğu halda notariusun bu qeydi nəzərə almadan vəsiyyətnamənin tarixindən 4 il sonra şəxsə qalmış əmlakı vəsiyyətnamə üzrə ölən günədək yanaşması ilə miras qismində Cavabdeh verməsi pozuntu deyilmi? Digər detal, vəsiyyətnaməni verən şəxsin soyad və inisiallarına dair hər hansı məlumatın şəxs tərəfindən icra olunmamasıdır. Vəsiyyətnaməyə baxdıqda X2 adından təkcə imza atıldığı müəyyən edilir. Bununla yanaşı həmin vəsiyyətnamənin guya rəsmiləşdirildiyi qeydiyyat kitabında da eynilə şəxsin adından təkcə imza atılıb, ad, soyad, ata adı əl xətti ilə yazılmayıb. Bu detalın özü artıq sözügedən vəsiyyətnamənin saxtalaşdırıldığını, yəni şəxsin ölümündən sonra tərtib edildiyini, əl xəttinin sonra problem yaratmaması üçün icra edilmədiyini göstərir. Halbuki şahid qismində adları qeyd edilən şəxslərin imza, soyad və adları guya özləri tərəfindən icra olunmuş kimi qeyd olunur. Cəfərov Teymurun digər sənədləşmələrdə, yəni 2012-ci ildə atasından qalan mirası əldə edərkən yazdığı yazı, atdığı imza, eləcə də şəxsiyyət vəsiqəsindəki imza 31 saylı notariat ofisində tərtib edilmiş sənədlərdəki imzadan kəskin fərqlənir. Görünür imzanı oxşatmağa çalışıblar, düşünməyiblər ki, sonradan bu iş qanuni səviyyədə araşdırılar. Şahid məsələsinə gəldikdə isə nəzərə alınmalıdır ki, şahid qismində adları qeyd edilən Hümbətov F.Ə oğlunun yazı və imzası da fikirlərincə saxtalaşdırılıb. Çünki, onun Cəfərov Teymurun ölümü üzrə veridiyi ifadəsindəki imza, vəsiyyətnamədəki və qeydiyyat dəftərindəki imzadan tamamilə fərqlidir. Vərəsəlik işində X7 şahid qismində qeyd edilsə də, ərizə verdiyi bildirilsə də, iş materialında onun şəxsiyyət vəsiqəsi və ərizəsi yoxdur. Bu da sübut edir ki, onun məlumatlarını elektron bazadan əldə edərək istifadə ediblər. Vərəsəlik şəhadətnaməsinin verilməsi üçün guya Cavabdeh tərəfindən vəsiyyətnamənin əsli verildiyi, çıxarış verildiyi qeyd edilsə də, əslində həmin sənədlər Cavabdeh olmamış, vəsiyyətnamə köhnə tarixə saxta yolla tərtib edilmiş, reyestrə daxil edilməmişdir. Bununla yanaşı vəsiyyətnamə üzrə müraciət edən şəxsin ölüm haqqında şəhadətnaməsinin verilməsi tələb edildiyi halda iş materiallarından göründüyü kimi heç bir ölüm haqqında şəhadətnamə olmamış, notarius da qeydiyyat orqanından tələb etməmiş, bir sözlə qanunvericiliyin tələblərinə adekvat olmayan hərəkətlər edilərək şəhadətnamə verilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ona qarşı “vəsiyyətnamənin, vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasını tamamilə qəbul edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etdiklərini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri 31 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X5 ölən günədək bütün daşınar və daşınmaz əmlaklarını Cavabdeh vəsiyyət etmişdir; - Ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; - AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.33 kv.m olan bağ evi və 0.24 ha torpaq sahəsi X2 tam payla xüsusi mülkiyyətindədir. Bu barədə reyestrdə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır; - Cavabdeh notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, X2 başqa vərəsəsinin olmadığını bildirərək, vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir; - Bakı Şəhəri 31 saylı Notariat Ofisinin xüsusi notariusu X4 452 nömrəli, xx.xx.2023cü il tarixli məktubunun surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və Cavabdeh başqa vərəsəsi müəyyən olunmamışdır; - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.33 kv.m olan bağ evi və 0.24 ha torpaq sahəsindən ibarətdir. Qeyd edilən əmlakın vərəsəsi Cavabdehdır; - AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 33.33 kv.m olan bağ evi və 0.24 ha torpaq sahəsi Cavabdeh tam payla xüsusi mülkiyyətindədir. Bu barədə reyestrdə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır; - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, X2 ölməsi faktına dair toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin olmaması səbəbindən rədd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mərhum X2 bibisidir. X5 vəfat etdikdən sonra ona məlum olmuşdur ki, mərhuma məxsus ünvan 2 ünvanda yerləşən 33.33 kv.m fərdi yaşayış evi və 0.24 ha torpaq sahəsi Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik əsasında keçmişdir. Hazırda iddiaçı vəsiyyətnamənin saxta olduğunu bildirərək, vəsiyyətnamənin, onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə üzrə Cavabdeh verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-cü maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin əqdin anlayışını müəyyən edən 324.1 və 324.4-cü maddələrinə uyğun olaraq, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Göründüyü kimi, iştirakçıların sayından asılı olaraq əqdlər birtərəfli, ikitərəfli və ya çoxtərəfli əqdlərə bölünür. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Vəsiyyətnamənin tərtib edilməsi də məhz birtərəfli əqdlərə aiddir. Mülki Məcəllənin “əqdlərin etibarsızlığı anlayışı”nı müəyyən edən 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun əhəmiyyətsiz əqdlə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərar). Qeyd olunmalıdır ki, hazırki iş üzrə vəsiyyətnamənin əhəmiyyətsiz əqd olması ilə bağlı iddia ərizəsində qeyd edilmiş dəlillər, iddiaçının təqdim etdiyi sübutlar, cavabdehin nümayəndəsi və vəkilinin əvvəlki məhkəmə iclasında verdiyi izahatlar və cavabdehin iddianı qəbul etməsi barədə yazılı ərizəsi işin diqqətəlayiq hallarıdır. Cavabdehin məhkəməyə təqdim etdiyi iddia tələbini qəbul etməsi barədə ərizəsi ilə əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə Cavabdeh məhkəməyə yazılı ərizə verərək iddianı etiraf etdiyindən, iddiaçı iddia etdiklərini sübut etmək vəzifəsindən azaddır. Beləliklə, məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Həmçinin məhkəmə tərəfindən etirafın nəticələri cavabdehin nümayəndəsi və vəkilinə izah edilmiş, o isə nəticələrin ona aydın olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin etiraf ərizəsi qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, X5 adından Cavabdeh adına verilmiş 15 yanvar 2008-ci il tarixli vəsiyyətnamə və Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən 17 mart 2023-cü il tarixdə Cavabdeh adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 191, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 adından Cavabdeh adına verilmiş 15 yanvar 2008-ci il tarixli vəsiyyətnamə və Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən 17 mart 2023-cü il tarixdə Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2922/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2922/2023
14.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver