Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2941/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə 1293,9 AZN əsas borc, 194 AZN cərimə borcu olmaqla, ümumilikdə 1487,9 AZN borcun və 34.88 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1370,90 AZN olan “HONOR” markalı mobil telefon və iki ədəd aksesuarı aylıq 77 AZN ödəmək şərti ilə 18 ay müddətinə satın almış, lakin müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya ödənilməmiş 1293,90 AZN məbləğində borcu qalmışdır. Müqavilənin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə gecikdirilən borc məbləğinin 1 faizi həcmində dəbbə pulu hesablanaraq 194 AZN cərimə tətbiq edilmişdir. Beləliklə, cavabdehin qeyd olunan müqavilə üzrə iddiaçıya ümumilikdə 1487,90 AZN borcu yaranmışdır. İddiaçı tərəfindən müddətli (nisyə) alğı-satqı müqaviləsi, 1 saylı Əlavə, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və maliyyə arayışı iddi tələbinin əsaslılığı məqsədilə sübut kimi əlavə edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı cavabdehdən yuxarıda sadalanan borc və faiz məbləğinin və həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən сavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən aşağıdakılar tədqiq edilmişdir: - İddiaçı MMC Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə və onun 1 saylı Əlavəsinə əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 1370,90 AZN olan “HONOR” markalı mobil telefon və iki ədəd aksesuarı aylıq 77 AZN ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılaraq verməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş əmlakı qəbul etməklə, borcunu satıcıya ödəməsinə dair üzərilərinə öhdəlik götürmüşlər. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin müqavilə üzrə cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 77 AZN ödəniş edilmiş, lakin qalan məbləğləri ödəmədiyi üçün cavabdehin iddiaçıya 1293,9 AZN məbləğində əsas borcu qalmışdır. - İşdə olan kreditin alınması üçün ərizə-anketin surətindən aydın olur ki, cavabdeh sözügedən mobil telefon və aksesuarların alınması məqsədilə iddiaçıya ərizə ilə müraciət etmişdir. - İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bu məktubla iddiaçı tərəfindən cavabdehə onun müqavilə üzrə iddiaçıya 1293,90 AZN əsas borcunun və 1940 manat cərimə borcunun olması bildirilərək borcun ödənilməsi tələb edilmiş və əks halda qanunvericiliyə uyğun şəkildə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 34.88 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, Ümumi Oferta müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesablanmış cərimə borcunun cavabdehin qalıq borc məbləğinin 10 faizi həcmində tətbiq edilməsinin ağılabatan olmasına əsaslanaraq cavabdehdən 129 manat cərimə tutulmasını məqəsədəuyğun hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 34.88 manat məbləğində pulun 33 manatı cavabdehə aid edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1293,9 manat əsas borc və 129 manat cərimə borcu olmaqla, ümumilikdə 1422,9 manat borc və 34.88 manat dövlət rüsumunun 33 manatı İddiaçı MMCnin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1293,9 manat əsas borc və 129 manat cərimə borcu olmaqla, ümumilikdə 1422,9 manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 34,88 manat dövlət rüsumunun 33 manatı Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2941/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2941/2025
04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver