Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2959/2025 17.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakimi Quliyev Ramin Nizaməddin sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Qürbət oğlunun nümayəndəsi (qızı) X15 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri 51 saylı notariat ofisinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Qürbət oğlu göstərilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhəri 51 saylı notariat ofisinə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Qürbət oğlu göstərilməklə “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariusu tərəfindən xx.xx.2022 il tarixdə 2V-293 nömrə ilə reyestrdə qeydə alınmış X9 Maraqlı şəxs Qürbət oğluna verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. X4 xx.xx.1982 il tarixdə vəfat etmişdir. Ondan miras qalmış bütün əmlak onun qardaşı Maraqlı şəxsa keçib (mənzil, bağ evi, zinyət və qızıl əşyaları və sair). X5 xx.xx.2025 il tarixdə ölmüşdür. Anası öləndən sonra qardaşı Maraqlı şəxsdan məlumat almışdır ki, anası sağikən ona bütün daşınar və daşınmaz əmlakını vəsiyyət etmişdir. O, təklif etmişdir ki, mirasda olan məcburi paydan da onun xeyrinə imtina etsin. Anasından qalmış miras isə ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. Qardaşının təklifi onu çox qəzəbləndirmiş, çünki həmin mənzil validenyinlərindən qalan son yadigardır. Hüquqlarını müdafiə etmək üçün, vəkillə hüquqi yardım haqqında müqavilə bağlamışdır. Vəkil sorğusu əsasında məlum olmuşdur ki, həqiqətən Bakı şəhəri 51 saylı notariat ofisində xx.xx.2022ci il tarixdə X17 tərəfindən Maraqlı şəxs Qürbət oğluna bütün daşınar və daşınmaz əmlaka verilmiş vəsiyyətnamə ilə təsdiq edilmişdir. Həmin məlumat Bakı şəhəri 51 saylı notariusu xx.xx.2025-ci il tarixli məktubu ilə ona çatdırılmışdır. Vəsiyyətnamənin məzmunu ilə tanış olarkən, onun tərtib edilməsi zamanı qanunvericiliyin bir çox normaların pozulmasını aşkar etmişdir. Həmin normaların pozulması faktları vəsiyyətnamənin qanunsuz tərtib edildiyini göstərir və onun etibarsız hesab edilməsi üçün birbaşa əsaslar yaradır. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu Üzeyir Kərimov tərəfindən xx.xx.2022 il tarixli, 2V- 293 nömrəli reyestrdə qeyd edilmiş vəsiyyətnamədə şahidlər qismində X15 və X13 iştirak ediblər. X15 onun qardaşı qızıdır, yəni vəsiyyət alan Maraqlı şəxs Qürbət oğlunun qızıdır. Onun vəsiyyətnamənin Maraqlı şəxs Qürbət oğlunun xeyrinə yazılmasında birbaşa marağı var. Belə olan halda vəsiyyətnamə təsdiq ediləndə Mülki Məcəllənin 1184-cü maddəsinin tələbləri kobudcasına pozulmuşdur. Çünki, həmin maddəyə əsasən, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları vəsiyyətin şahidləri ola bilməzlər. MM-nin 1184 maddəsi ilə nəzərdə tutulmuş norma imperativdir və onun icrası mütləqdir. Bundan başqa, vəsiyyətnamənin təsdiq hissəsində olan qeydə nəzər yetirəndə görünür ki, bu notariat hərəkəti ofisdən kənarda aparılmış və buna görə əlavə haqq alınmışdır. Lakin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 15-ci bəndinə zidd olaraq, notariat hərəkətinin aparıldığı yer və ünvan qeyd olunmayıb. Mülki Məcəllənin 1188 maddəsinin tələblərinə riayət olunmayıb, çünki şahidlər vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə etməklə tərtib olunmasını təsdiq etməlidir. Lakin belə bir təsdiq vəsiyyətnamənin mətnində yoxdur. Eyni zamanda şahidlər imzadan sonra yaşayış yerlərini göstərməyiblər və bu da həmin maddənin tələblərinə ziddir. Mülki Məcəllənin 1180.2-ci maddəsinə əsasən “Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Lakın onun anası Rusiyada doğulmuş, təhsili Rus dilində almış və Azərbaycan dilini zəif bilirdi. Latın qrafikasında isə, ümumiyyətlə oxuyub-yaza bilmirdi. Bu halın təsdiqi kimi vəsiyyətnamədə Şəfiqə Rzayeva adını, soyadını və ata adını rus dilində yazmışdır. Belə olan halda o vəsiyyətnaməni necə oxuyub, anlaya bilərdi? Vəsiyyətnamə nə tərcümə edilmiş, nə də notarius tərəfindən oxunulmuşdur. Beləliklə, qanuna zidd qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə onun hüquqları pozulmuşdur. Vəsiyyətnamə qüvvədə olan halda o qanun üzrə vərəsə kimi mirasın ikidə bir hissəsinə yox, yalnız mirasın dördə bir hissəsini təşkil edən məcburi paya hüquq əldə edir. Bu da əhəmiyyətli dərəcədə onun hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X11 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, vəsiyyətnamə miras qoyanın, yəni X9 yaşadığı ünvanda notariusun və iki şahidin iştirakı ilə tərtib edilmişdir. Şahidlərdən biri X10 miras qoyanın nəvəsi olmasının sadəcə diqqətsizlikdən baş vermişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Qürbət oğlunun nümayəndəsi X15 eyni ifadə verərək bildirmişdir ki, vəsiyyətnamə miras qoyan X9 yaşadığı ünvanda tərtib edilmişdir. X1 bildirmişdir ki, vəsiyyətnamədə notariusun razılığı ilə şahid qismində vəsiyyətnaməni imza etmişdir, lakin vəsiyyətnamə tərtib edilən zaman notariusun şəxsən iştirak edib-etməməsi yadında deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2025-ci il tarixdə ürəyin aterosklerotik xəstəlik səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2025-ci il tarixlə, 403 nömrə ilə qeyd edilmişdir; SSRİ daxili X14 Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1947-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1947-ci il tarixdə Saxalin vilayəti, Toro şəhəri, Uqleqovskiy rayonunda anadan olmuşdur. X22 Azayeviçdir və anası X8. Bu barədə doğum haqqında akt qeydlər kitabında xx.xx.1947-ci il tarixlə, 487 nömrə ilə qeyd edilmişdir; “Səadət Sarayı” tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş xx.xx.1972-ci il tarixli AZ № 311662 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, 1936-cı il təvəllüdlü X18 ilə xx.xx.1947-ci il təvəllüdlü X7 arasında xx.xx.1972-ci il tarixdə nikah bağlanmışdır; Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuşur. X2r, anası isə X3. Bu barədə doğum haqqında akt qeydlər kitabında xx.xx.1975ci il tarixlə, 500 nömrə ilə qeyd edilmişdir; 1 saylı Bakı “ASAN xidmət” tərəfindən verilmiş AZE 15969706 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnamədən görünür ki, X15 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur; Bakı şəhəri 51 saylı Notariat ofisi tərəfindən verilmiş 2V-293 nömrəli, xx.xx.20220-ci il tarixli vəsiyyətnamədən görünür ki, X17 ölən gününədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını Maraqlı şəxs Qürbətoviçə vəsiyyət etmişdir və imza qrafasında ad, soy ad və ata adını qeyd etmişdir. Vəsiyyətnamə şahidlər qismində X15 və X13 tərəfindən imza edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə miras əmlaklarına dair notariat qaydada verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, iş materiallarından və işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, həmin vəsiyyətnamə maddi hüquq normalarının pozulması ilə tərtib olunmuşdur. Belə ki, notariusun diqqətsizliyi nəticəsində vəsiyyətnaməni şahid qismində vəsiyyət edilənin qızı X15 tərəfindən imzalanmışdır. Bu da, şahid tərəfindən vəsiyyətnamə üzrə əmlakların onun atası Maraqlı şəxs Qürbət oğlunun xeyrinə verilməsində birbaşa marağının olmasını təsdiq edir. Həmçinin məhkəmə qeyd edir ki, vəsiyyətnamənin evdə və vəsiyyət edilənlə onun qızının iştirakı ilə tərtib olunması, bundan başqa texniki vasitə ilə latın qrafikasında yazılması, vəsiyyətnamədə yazılanların mərhumun son iradə ifadəsinin olmasına şübhə doğurur. Belə ki, notariat ofisindən kənar keçirilən, qeyd olunan prosesdə iştirak edən hər iki şəxsin vəsiyyətnamənin yazılmasında maraqlı olması ilə yanaşı, vəsiyyət edənin kiril qrafikası ilə və rus dilində öz adını yazması onun vəsiyyətnamədə yazılanları anlamadığına dəlalət edir. Bu da, vəsiyyət edənin vəsiyyətnamənin məzmunundan məlumatının olmadığını və ona həmin vəsiyyətnamənin oxunulduğunu sual altına alır. Notariusun vəsiyyət edənin yaşadığı ünvanda vəsiyyətnamənin tərtib edilən zaman olmaması ilə bağlı məhkəmə qeyd edir ki, tərəflərin bununla əlaqədar verdiyi fərqli ifadələrindən həmin halın mövcud olması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 1184-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230-cı maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən qqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat: 15-ci bəndinə əsasən notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan qeyd olunur. 60-cı bəndinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığı alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Notarius da vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalaya bilməz. Mülki Prosessual Məcəlləsi: 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının: 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 5-ci bəndinə əsəsən, məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. 6.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin, Bakı şəhəri 51 saylı notarius tərəfindən 05 noyabr 2022 il tarixində 2V-293 nömrə ilə reyestrdə qeydə alınmış X9 Maraqlı şəxs Qürbət oğluna verdiyi vəsiyyətnamə etibarsız hesab edilsin. Məhkəmə qətnaməsindən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2959/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2959/2025
17.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver