Məhkəmə qərarları › İş №e-2(005)-3035/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3035/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3035/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə HP notebook üçün 645 (altı yüz qırx beş) manat ödənilməmiş hissə, 64 (altmış dörd) manat cərimə, ümumilikdə, 709 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP notebook almış və nəticədə 709 (yeddi yüz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1124.2 (min yüz iyirmi dörd manat iyirmi qəpik) manat (12 ay x 92.1 manat +19 manat ilkin ödəniş) olan HP notebook üçün 709 (yeddi yüz doqquz) manat olmaqla, ondan, 645 (altı yüz qırx beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64 (altmış dörd) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 479.2 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən etiraz daxil olduğundan, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3035/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, HP markalı notebook qızının istifadəsi üçün alınmışdıo, həmin notebook Türkiyədə yaşayan qızına göndərmişdir, kompüterin işləmədiyi aşkar olunanda qızı onu təmir üçün göstərmiş, Türkiyədə bildirmişlər ki, həmin kompüter açılmışdırdır, yəni yeni deyil. Buna görə də , iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22082211 nömrəli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə və müqaviləyə əlavələrə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 1124.20 manat olan HP notebook almış və 19 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə ayda 92.10 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; xx.xx.2020-ci il tarixli əşyanın təhvil-təslim aktına əsasən HP notebook Cavabdeh təhvil verilmişdir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-dən HP notebook almışdır. Cavabdeh bu günə kimi iki müqavilə üzrə 479.2 manat ödəmiş, xx.xx.2022-ci il tarixə cavabdehin cəmiyyətə 645 manat məbləğində ödənilməmiş əsas borcu, 64 manat dəbbə pulu borcu, cəmi 709 manat borcu vardır; "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubuna əsasən cavabdehdən alqı-satqı müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi və müqavilənin ləğv olunması barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbərdarlıq edilmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22082211 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh "xxxx" MMC-dən qiyməti 1124.2 manat olan HP notebooku 19 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə 92.10 manat aylıq ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür (Müqavilənin 3.3-cü bəndi). İddiaçı "xxxx" MMC Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinə onun 645 manat məbləğində ödənilməmiş əsas borcu, 64 manat dəbbə pulu borcu, cəmi 709 manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmetləri olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış cəmi 645 manat məbləğində əsas borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 64 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 64 manat məbləğində cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu müvafiq olaraq 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin etirazı ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh tərəfindən satılan məhsulda qüsur olduğunu bildirsə də, bununla bağlı mötəbər sübut təqdim etməmiş və satıcıya qarşı hər hansı bir iddia tələbi bugünədək, eləcə də hazırkı məhkəmə icraatında olmamışdır. Bu tələb olduğu halda, məhsul satılan istehlakçı hüquqlarına dair qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə görə, İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 7-ci maddəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İşin hallarından aydın olur ki, cavabdeh tərəf aldığı HP notebookun qüsurlu vəziyyətdə olmasını qeyd etsə də, qüsurlü hesab etdiyi əşyanın dəyişdirilməsi barədə satıcıya müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 586.3-cü maddəsinin tələbinə görə, əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Həmin Məcəllənin 587.1.-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin -587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin Məcəllənin 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 587.5-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğısatqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə cavabdehə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq iddia qaldırmaq hüququnun olmasını izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 645 manat məbləğində əsas, 50 manat məbləğində cərimə, habelə 30 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 645 (altı yüz qırx beş) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə, cəmi 695 (altı yüz doxsan beş) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar