Məhkəmə qərarları › İş №e-2(005)-3246/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3246/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3246/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış VİP 19024 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 330.68 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 83 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 413.68 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlot rüsumunun əvəzi kimi 30 manat pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış VİP 19024 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 730 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 730 ABŞ dolları) «Apple iphone 12 - 64gb» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 47 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla. xx.xx.2023-cu il tarixdə 58.72 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 58.72 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 58.72 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 58.72 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 58.72 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 58.72 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı»nın xeyrinə faiz ödəyir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, iştirakları olmadan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron qaydada yazılı ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının borc tələbi ilə razı olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2023-ci il tarixdə bağlanmış VİP 19024 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncuya satış qiyməti 730 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 730 ABŞ dolları) «Apple İphone 12 – 64 gb» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən satılmışdır. - 01/95-18917 saylı xx.xx.2024 tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış VİP 19024 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 330.68 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 83 ABŞ dolları cərimə, cəmi 413.68 ABŞ dolları borcu - 14.06.2024-cü il tarixli son xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh əsas borcun və faiz məbləğinin 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında “Apple İphone 12 – 64 gb” markalı mobil telefonun müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satılmasına dair xx.xx.2023-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilədə - ödəniş cədvəlində əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, cavabdeh məhsulu iddiaçıdan təhvil almışdır. Lakin cavabdeh tərəfindən müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər edilməmişdir. Müqavilə üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə müqavilələr üzrə borc ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 330.68 ABŞ dolları əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-ci il tarixdə bağlanmış VİP 19024 saylı nisyə alqı-satqı müqaviləyə əsasən, 83 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Tərəflər arasında xx.xx.2023-ci il tarixdə bağlanmış VİP 19024 saylı nisyə alqı-satqı müqaviləsinin 3.5-ci bəndinə əsasən, 'Alıcı', ödənişin gecikdirildiyi hər gün üçün, məcmu ödənilməli olan məbləği tam şəkildə Alıcıdan tələb edərək borcun 1% (bir) həcmində "Satıcı'nın xeyrinə cərimə məhkəməyə xəbərdarlıq etmədən müraciət etmək hüququna malikdir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb edilən cərimə miqdarının müqavilə üzrə yaranmış əsas borc məbləğlərinə mütənasib olduğunu hesab edir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı cavabdeh elektron qaydada məhkəməyə müraciət edərək iddiaçının borc tələbi ilə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsinin qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli VİP 19024 saylı müqavilə üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 330,68 (üç yüz otuz dollar altmış səkkiz sent) ABŞ dolları əsas, 83 (səksən üç) ABŞ dolları cərimə olmaqla, cəmi 413,68 (dörd yüz on üç dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində pul və dövlət rüsumu kimi 30 (otuz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220 və 358-360-cı maddələrini, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 10-cu bəndini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli VİP 19024 saylı müqavilə üzrə 330,68 (üç yüz otuz dollar altmış səkkiz sent) ABŞ dolları əsas, 83 (səksən üç) ABŞ dolları cərimə olmaqla, cəmi 413,68 (dörd yüz on üç dollar altmış səkkiz sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar