Məhkəmə qərarları › İş №e-2(005)-3336/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3336/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3336/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə 5633 manat məbləğində əsas borcu və 76.33 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 12 ay müddətinə ümumi qiyməti 6833 manat dəyərində olan X6 32kW İtaly Version, radiator Santexlyuks və soyuducu Samsung RT38K50522CWR satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601 maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş 1200 manat etməklə, hər ay üçün 469.42 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 1200 manat ödəniş etmiş, qalan 5633 manat əsas borcu indiyədək ödəməmiş, bununlada alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilir. Dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhəl qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmış və nəticədə iddiaçının biznes fəaliyyətinə ciddi ziyan vurmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir, lakin iddiaçı borclunun maddi vəziyyətini nəzərə alaraq cərimə borcunu tələb etmədən, yalnız tərəflər arasında bağlanmış müqavilə üzrə bu günə olan əsas borcun alınmasını tələb edirəm. Alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən, “Alıcı” satılan əşyanın qiymətini nəzərdə tutulan müddətdə ödəmədikdə və gecikdirilmış məbləğ əşyanın qiymətinin 50%-dən artıq olduqda “Satıcı” öz mülahizəsinə əsasən əşyanın qiymətinin vaxtından əvvəl ödənilməsini tələb edə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Eyni zamanda iddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə yazılı ərizə təqdim edərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasının və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - ******* saylı, xx.xx.2021-ci il tarixli hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilədən görünür ki, İddiaçı MMC X6 32kW İtaly Version, radiator Santexlyuks və soyuducu Samsung RT38K50522CWR Cavabdeh mülkiyyətinə verməyi, Cavabdeh isə razılaşdırılmış qaydada və müddətdə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - ******* saylı, xx.xx.2021-ci il tarixli hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilənin ödəniş cədvəlinə əsasən Cavabdeh müqavilə üzrə 1200 manat ilkin ödəniş etmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 469,42 manat ödəməyi öhdəsinə götürmüşdür. - ******* saylı, xx.xx.2021-ci il tarixli hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqaviləyə dair satılmış əşyanın təhvil verilməsi haqqında xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh müqavilənin predmeti olan malları tam şəkildə təhvil aldığını öz imzasıyla təsdiq etmişdir. - Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 6833 manat əsas borcundan bu günədək 1200 manat ödəniş etmiş, 5633 manat əsas borcu qalmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə tərəflər nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərin məzmunu İddiaçı MMC-nin müqavilə predmetini Cavabdeh mülkiyyətinə vermək vəzifəsindən və malların dəyərini Cavabdeh tələb etmək hüququndan, Cavabdeh müqavilə predmetini əldə edərək öz mülkiyyətinə daxil etmək hüququ və müqavilənin dəyərini İddiaçı MMC-yə razılaşdırılmış qaydada və müddətdə ödəmək vəzifəsindən ibarətdir. İddiaçı MMC müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin Cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqavilə üzrə ödənişləri vaxtında ödəməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilirş 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqaviləsinin predmeti olan əşyaları təhvil almış, bunu akta imza atmaqla təsdiq etmiş, lakin malların dəyərini alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, malların dəyərindən ödənilməmiş hissəsini iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə ******* saylı, xx.xx.2021-ci il tarixli hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqaviləyə əsasən 5633 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddiaçı tərəf dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən və iddiası təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.33 manat məbləğində pul Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmaldır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1034204 saylı, xx.xx.2021-ci il tarixli əşyanın nisyə satılması haqqında müqaviləyə əsasən 5633 manat məbləğində pul və 76.33 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar