Məhkəmə qərarları › İş №e-2(005)-3386/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3386/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3386/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 799 manat məbləğində əsas borc, 239.70 manat məbləğində dəbbə pulu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu, cəmi 1069,10 manat məbləğində borcun tutuluraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində MOB06-0068 saylı alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Texnoplus” mağazasından Cavabdeh 919 manat dəyərində “Samsung SM-A520 Black” markalı mobil telefon almışdır. Hədiyyə verən X1 ilə hədiyyə alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli BM-013/21 saylı bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən hədiyyə alana xx.xx.2018-ci il tarixli MOB06-0068 saylı alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını tələbin güzəşti qaydasında vermişdir. Müqavilə 115 manat ilkin ödəniş, 12 aylıq ödəmə şərti ilə bağlanmışdır. Müqaviləyə əsasən borclu qalıq 804 azn ümumi məbləği 12 ay ödəniş etmək şərti ilə, har ay 67 azn ödəniş etməli idi. Cavabdeh ödəniş tarixçəsi belədir: 1) xx.xx.2019- 5 azn Cavabdeh cəmi 5 (beş) azn ödəniş etmişir. Qalıq borcu – 799 azn təşkil edir. Gecikdirmə ilə əlaqədar xx.xx.2022-ci il tarixinə qədər yaranan dəbbə borcu isə 239,70 azn təşkil edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, MOB06-0068 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “Texnoplus” mağazasından Cavabdeh 919 manat dəyərində 01 ədəd “SAMSUNG SM-A520 BLACK” markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələb hüquqlarının tələbin güzəşti qaydasında ötürülməsinə dair bağışlama müqaviləsinin surətindən görünür ki, “hədiyyə verən” X1 “hədiyyə alan” İddiaçı MMC-yə əvəzsiz olaraq xx.xx.2018-ci il tarixli, MOB06- 0068 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını vermişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin İddiaçı MMC-yə ödənilməyən 799 manat məbləğində əsas borcu, 239,70 manat məbləğində cərimə borcu vardır. Cavabdeh cəmi 952 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 799 manat məbləğində əsas borcu, 239,70 manat olmaqla, cəmi 1069,10 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 799 manat məbləğində əsas borcu, 239,70 manat olmaqla, cəmi 1069,10 (bir min altmış doqquz manat on qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar