Məhkəmə qərarları › İş №e-2(005)-3437/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-3437/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3437/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 Saylı Bakı Ərazi İdarəsi, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və LPO Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinin açıq hərracdan satışına dair cavabdeh "xxxx" MMC-nin “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 26/02 saylı, 02 iyun 2023-cü il tarixli Protokol”un, eləcə də onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə dair cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinin İddiaçı mülkiyyətinə qaytarılması, bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılmasının və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1660/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 58953 ABŞ dolları məbləğində pul vəsaiti ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə tutulmalı, tutma borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 54 000 manat müəyyən edilməli, satışdan əldə edilmiş vəsait hesabına borc ödənilməli, satışdan əldə ediləcək məbləğ kifayət etmədikdə isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada borcludan tutularaq tələbkarın xeyrinə ödənilməli, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində ev boşaldılmalıdır. İcra sənədi icra olunmasından ötrü Nərimanov rayon icra şöbəsinə göndərilmiş, həmin icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən mənzilin açıq hərracdan satılması üçün Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə hərrac sifarişi verilmişdir. Hərrac təşkilatçısı tərəfindən mənzilin açıq hərracdan satılması üçün xx.xx.2023-cü il tarixə ilkin hərrac təyin edilmişdir. Lakin buna baxmayaraq İddiaçı keçiriləcək ilkin hərrac barədə qanunvericilikdə müəyyən edilmiş lazımi qaydada məlumatlandırılmamış, hərracın təşkilatçısı bununla bağlı hər hansı əlavə tədbir həyata keçirməmiş və icra şöbəsinə müraciət etməmişdir. Belə ki, FM Express Kuryer xidmətləri üçün mədaxil qəbzinin ƏİV seriyalı 330642 nömrəli talonundakı “Alıcı” qrafasından göründüyü kimi hərracın keçirilməsi barədə bildiriş heç kimə təqdim edilməmiş, həmin qrafa boş qalmış və qeyd olunmuşdur ki, “Bu ünvanda belə adda adam yoxdur”. Həmin kuryer xidmətinin ƏİV seriyalı 330644 nömrəli müvafiq talonunun “Alıcı” qrafasından da göründüyü kimi hərracın keçirilməsi barədə bildiriş heç kimə təqdim edilməmiş, həmin qrafa boş qalmış və qeyd olunmuşdur ki, “ünvan tam deyil”. Lakin bütün bunlara baxmayaraq, hərracın təşkilatçısı ilkin hərracın baş tutmaması barədə elan vermiş və xx.xx.2023-cü il tarixə mənzilin növbəti, təkrar açıq hərracını təyin etmişdir. Təkrar hərracın keçirilməsi prosesində də İddiaçı keçiriləcək təkrar hərrac barədə qanunvericilikdə müəyyən edilmiş lazımi qaydada məlumatlandırılmamış, buna baxmayaraq hərracın təşkilatçısı bununla bağlı hər hansı əlavə tədbir həyata keçirməmiş və icra şöbəsinə müraciət etməmişdir. Belə ki, FM Express Kuryer xidmətləri üçün mədaxil qəbzinin ƏİV seriyalı 330994 nömrəli talonundakı “Alıcı” qrafasından göründüyü kimi hərracın keçirilməsi barədə bildiriş heç kimə təqdim edilməmiş, həmin qrafa boş qalmış və qeyd olunmuşdur ki, “Bu ünvanda belə adda adam yoxdur”. Həmin kuryer xidmətinin ƏİV seriyalı 330998 nömrəli müvafiq talonunun “Alıcı” qrafasından da göründüyü kimi hərracın keçirilməsi barədə bildiriş heç kimə təqdim edilməmiş, həmin qrafa boş qalmış və bu dəfə qeyd olunmuşdur ki, “Bu ünvanda belə addda adam yaşamır, nə pata, nə də kənd soveti tanımır”. Təkrar hərrac baş tutmadıqdan sonra hərracın təşkilatçısı mənzili təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayan banka təklif etmiş və “Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 26/02 saylı 02 iyun 2023-cü il tarixli Protokoluna əsasən mənzil cəmi 34 425 manat qiymətə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-yə satılmışdır. Daha sonra hərrac protokolu əsasında mənzil Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli Çıxarış üzrə bankın adına rəsmiləşdirilmiş və mülkiyyət hüququ qeydə alınmışdır. Qeyd olunduğu kimi iddiaçı ipoteka predmeti olan həmin əmlakın açıq hərracdan satışı ilə bağlı heç bir məlumat əldə edə bilməmiş, nə icra qurumu, nə də hərrac təşkilatı onu bu barədə rəsmi qaydada məlumatlandırmamışdır. Halbuki, həmin mənzilin açıq hərracdan satışı ilə bağlı keçirilən hərraclar barədə məlumatı olsaydı mülkiyyətindəki ipoteka predmeti olan həmin mənzili açıq hərracdan özü alıcı qismində iştirak edərək əldə edəcəkdi və belə olan halda icra sənədi üzrə ilkin satış qiyməti 54 000 manat müəyyən edilmiş mənzil bank tərəfindən hətta likvid qiymətindən də xeyli aşağı qiymətə - 34 425 manata əldə edilmiş olmayacaqdı. Belə ki, "İpoteka haqqında" Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı hazırda banka olan borcu tam ödəmək niyyətindədir. Bankla da razılıq əldə etmişlər. Lakin bank ləğv prosesində olduğundan müvafiq sənədləşdirmə aparılması mümkün olmamışdır. Hər bir halda hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmuş, heç bir bildiriş iddiaçıya çatdırılmamışdır. İddia tələbinin təmin edilməsini və işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəsini və cavabdehlərin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmələrini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, həmin maddəyə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qiyabi icraat qaydasında təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1660/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-94/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində olan 13 nömrəli evin 2 nömrəli mənzilinin açıq hərracdakı ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi, qətnamənin, Cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 61/0- USD saylı kredit müqaviləsinin ləğv edilməsi, Ləğv prosesində olan Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə İddiaçı 29739,96 ABŞ dolları əsas, 29113,25 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 58953,21 ABŞ dolları pulun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat döviət rüsumunun əvəzinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin yaşayış sahəsinin açıq hərracda satılaraq əldə olunmuş pui vəsaiti hesabına iddiaçının xeyrinə ümumilikdə 58953,21 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsindən və onun satılmasından ən geci bir ay ərzində cavabdeh mənzili tərk etmədikdə mənzilin boşaldılaraq çıxarılması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 01 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir; - “Kaspi” qəzetinin xx.xx.2023-cü il tarixli, 342 nömrəli buraxılışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 11:00-17:00-dək (növbəlik əsasında) keçiriləcəyi barədə elan dərc olunmuşdur; - Açıq hərracın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli, 02 nömrəli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə dair açıq hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 11:00-17:00-dək (növbəlilik əsasında) təyin edilmişdir; - “Kaspi” qəzetinin xx.xx.2023-cü il tarixli, 346 nömrəli buraxılışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə hərracın keçirilməsi xx.xx.2023-cü il tarixə, saat 11:00-17:00-dək (növbəlik əsasında) keçiriləcəyi barədə elan dərc olunmuşdur; - “Birja Yenilikləri” qəzetinin xx.xx.2023-cü il tarixli 349 saylı buraxılışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə hərrac baş tutmamışdır; - Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən Nərimanov Rayon İcra İdarəsinə, LPO Cavabdeh3 ASC-yə, İddiaçı ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faizdən az olmayan qiymətlə, yəni 34425 manata ipoteka saxlayana təklif olunmuşdur; - “Hərracın yekunları barədə” xx.xx.2023-cü il tarixli, 26/02 nömrəli protokoldan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1660/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin, Nərimanov rayon İcra şöbəsinin 374524061/2022- 15-12 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun və LPO Cavabdeh3 ASC-nin müvafiq məktubunun icrasına əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzili 34425 manata ipoteka saxlayan LPO Cavabdeh3 ASC tərəfindən əldə edilmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzili LPO Cavabdeh3 ASC-nin adına xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1660/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzili Nərimanov rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubu ilə açıq hərracdan satışa çıxarılmışdır. Hərrac baş tutmamış və hərrac prosedurunun nəticəsində mənzil tələbkar LPO Cavabdeh3 ASC tərəfindən əldə edilmişdir. Hazırda iddiaçı keçirilmiş hərraclar barədə lazımi qaydada məlumatlandırılmamasına əsaslanaraq, hərrac protokolunun etibarsız hesab edilməsi və hərracın nəticələrinin ləğv edilməsini xahiş edir. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydası, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri Mülki Məcəllə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.3, 43.4, 43.5 və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göründüyü kimi, sadalanan qanunvericilik normalarında hərracın keçirilmə qaydaları birmənalı olaraq müəyyən edilmiş və həmin qaydalara əməl edilməməsinin hüquqi nəticələri nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, həracın keçirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydaları yalnız ipoteka saxlayanın deyil, həmçinin ipoteka qoyanın, yəni əmlakın mülkiyyətçisinin mənafelərinin müdafiəsinə yönəlmişdir. İş materiallarından göründüyü kimi, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən, Nərimanov Rayon İcra şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə və mübahisələndirilən mənzilin hərracdan satılmasına baxmayaraq, keçirilmiş hərraclar barədə iddiaçıya məlumat verildiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Bu hal yalnız göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi vasitəsilə təsdiq oluna bilər. Hazırki iş materiallarında olan ƏİV 330642 saylı qəbzin surətindən isə görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ipoteka predmetinin yerləşdiyi ünvana göndərilmiş bildiriş “Bu ünvanda bu adlı adam yoxdur” qeydi ilə geri qaytarılmışdır. ƏİV seriyalı 330644 saylı qəbzin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Abşeron rayonu, Pirəkəşkül kəndi ünvanına göndərilmiş bildiriş “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. ƏİV seriyalı 330994 saylı qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ipoteka predmetinin yerləşdiyi ünvana göndərilmiş bildiriş “Bu ünvanda belə adlı adam yoxdur” qeydi ilə geri qaytarılmışdır. ƏİV seriyalı 330998 saylı qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ünvan 2 ünvanda belə adlı adamı nə pata, nə də kənd soveti tanımır” qeydi ilə geri qaytarılmışdır. ƏİV seriyalı 354482 saylı qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ipoteka predmetinin yerləşdiyi ünvana göndərilmiş bildiriş “Bu ünvanda belə adlı adam yaşamır” qeydi ilə geri qaytarılmışdır. ƏİV seriyalı 354483 saylı qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Abşeron rayonu, Pirəkəşkül kəndi ünvanına göndərilmiş bildiriş “Qeydiyyatda belə adlı adam tapmayıblar” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçının ünvanına göndərilmiş bildirişlərdən heç biri iddiaçı tərəfindən əldə edilməmişdir. Belə ki, bildirişlərin hazırlanması özü-özlüyündə onların iddiaçıya çatdırılması mənasına gəlmir. Bu səbəbdən də iş materiallarında olan bildirişlər və qəbz talonları iddiaçının hərrac prosesindən məlumatlı olmasını təsdiq edən sübutlar qismində çıxış edə bilməz. Belə ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana bildiriş göndərilməsi vəzifəsinin mövcudluğuna baxmayaraq, qanunvericiliyin tələblərinə əməl edilməmiş, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılmamışdır. Hərraclar barədə bildirişlərin göndərilməsi və ipoteka qoyanın məlumatlandırılması qaydalarına əməl edilməyərək əmlak ipoteka saxlayana satılmışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Eyni zamanda “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə uyğun olaraq, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası haqda iddiaçıya bildirişlərin çatdırılmaması, hərracın ondan xəbərsiz keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinin açıq hərracdan satılmasına dair cavabdeh Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 26/02 saylı, 02 iyun 2023-cü il tarixli protokol etibarsız hesab edilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə dair cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinin açıq hərracdan satılmasına dair cavabdeh Respublika Xammal və X1 Mərkəzi "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə 26/02 saylı, 02 iyun 2023-cü il tarixli protokol etibarsız hesab edilsin. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzilinə dair cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 13 saylı evin 2 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdehlər qiyabi qətnamənin onlara rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilərlər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar