Məhkəmə qərarları › İş №e-2(005)-350/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-350/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-350/2025 12.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin təhvil verilməsi, mənzilin girişinə qanunsuz quraşdırılmış giriş qapısının sökülərək çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı “mənzilin təhvil verilməsi” dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində ümumi sahəsi 167 kvadrat metrdən ibarət olan 3 otaqlı 72 nömrəli mənzilin rəsmi olaraq Cavabdeh1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-350/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ilkin iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-ya və İddiaçı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müvafiq olaraq ilkin iddiaçı Cavabdeh1 geri qaytarılması qərara alınmışdır. Daha sonra cavabdeh İddiaçı Nümayəndə və Cavabdeh2 MTK-ya qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin təhvil verilməsi, mənzilin girişinə qanunsuz quraşdırılmış giriş qapısının sökülərək çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, xx.xx.2018-ci il tarixli müqaviləyə və eyni tarixli maliyyə arayışına əsasən 174000.0 (bir yüz yetmiş dörd min) manat tam ödənilməklə sifariş edilmiş Bakı şəhəri, Nərimanov rayonu İ.Dadaşov küçəsi, ev 57 ünvanında 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 m2 olan 72 saylı mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin Cavabdeh2 MTK-nın üzərinə qoyulması, mənzilin girişinə qanunsuz quraşdırılmış giriş qapısının öz hesabına sökülərək çıxarılması öhdəliyinin hazırkı iddia üzrə Cavabdeh1 üzərinə qoyulması, habelə hazırkı iddia üzrə ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında qarşılıqlı iddianın icraata götürülərək, ilkin iddia tələbi ilə birlikdə baxılması qərara alınmışdır. İddiaçı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən 174.000 manat tam ödəməklə MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 m2 olan 72 saylı mənzil alınmışdır. Həmin yaşayış binası dövlət tərəfindən istismara qəbul edilmədiyi, habelə MTK rəhbərliyi tərəfindən təmir üçün sakinlərə təhvil verilmədiyindən bu günədək mənzilinə köçə bilməmişdirlər. Müəyyən olunmuşdur ki, MTK rəhbərliyi bəzi şəxslər qarşısında olan pul borcu öhdəliyinə təminat görüntüsü vermək xatirinə tərəflərindən alınmış həmin mənzilə dair sonradan formal olaraq ilkin iddiaçı Cavabdeh1 adına 02 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə müəmmalı şəkildə yazılmışdır. MTK rəhbəri X21 və qeyriləri oxşar əməllərinə görə vətəndaşlara ziyan vurmaqla onların əmlakını aldadıb ələ keçirdikləri üçün hüquq mühafizə orqanları tərəfindən həbs edildikdən sonra iddiaçının nümayəndələri qanunsuz olaraq onlara məxsus olan mənzilə giriş qapısı qoyaraq özbaşınalıq etmişlər. Onların həmin hərəkətləri onların mənzilə gələcəkdə sahiblənmələrinə əngəl törədir. Eyni zamanda bildirir ki, Cavabdeh2 MTK rəhbərliyi tərəfindən satılmış mənzili başqa şəxsə sonradan sata bilmədiyi üçün, onunla bağlanmış müqavilə xitam olunmadığı halda başqaları ilə eyni yaşayış sahəsinə dair müqavilə bağlamamalı olduğu üçün həmin MTK cavabdeh qismində tanınmalıdır. İlkin iddia üzrə Cavabdeh1 adından verilmiş iddianın əsassızlığı barədə tərəflərindən verilmiş xx.xx.2024-cü il tarixli etirazda və əlavə edilmiş sənədlərdə ətraflı bəhs edildiyi üçün həmin əsasların yenidən hazırkı ərizədə göstərilməsinə ehtiyac görmüşdür. Cavabdeh2 MTK-nın cavabdeh qismində öhdəlik daşımasının əsasları isə bunlardan ibarətdir: İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə və maliyyə arayışına əsasən 174.000 manat tam ödənilməklə MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 145 m2 olan 72 saylı mənzil alınmışdır. MTK və sakin olacaq vətəndaşlar arasında bağlanan həmin müqaviləyə tikinti-podrat müqaviləsinin şərtləri tətbiq edilir. AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39- cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin maddəyə və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin 1, 2, 7 və 9-cu maddələrinə habelə həmin tarixli maliyyə arayışına əsasən mənzil tikintisinin sifarişçisi olmuş İddiaçı öz öhdəliklərini tam şəkildə 100 faiz yerinə yetirmişdir. Həmin münasibətlərdə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı olan Cavabdeh2 MTK nəinki, həmin müqavilə və qanunvericiliyə əsasən öhdəliklərini tam yerinə yetirmiş, hətta sifariş edilmiş və dəyəri tam ödənilmiş mənzilə dair sonradan başqa şəxslə görüntü üçün yalan müqavilə bağlamışdır. Hazırda MTK rəhbərliyinin həbsdə olmasını, eləcə də İddiaçı aid olan mənzilə dair başqa şəxslərlə - Cavabdeh1 ilə mübahisə yaranmasını nəzərə alaraq sözügedən mənzil üzərində İddiaçı sahiblik və istifadə hüquqları məhkəmə qaydasında tanınması zərurəti yaranmışdır. Həmin mülki iş üzrə ilkin iddiaçı ilə münasibətləri AR Mülki Məcəlləsinin 452.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, bu maddədə “Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur”. Müqavilələrdə göstərilən mənzillər MTK tərəfindən müqavilə tərəflərinə təhvil verilmədiyinə görə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Müvəkkili İddiaçı tərəfindən ailə vəziyyəti, tikiləcək binanın əlverişli ərazidə yerləşməsindən yararlanmaq və sərbəst vəsaitə dair sərmayə qoyuluşu məqsədilə 2018-ci ilin aprel-sentyabr aylarında həmin MTK-dan müxtəlif vaxtlarda daha 2 mənzil alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, iş üzrə artıq araşdırılma aparılmışdır. Cavabdehin geri götürülmüş iddia ərizəsi üzrə tələbləri üzrə yenidən iddia qaldırması hazırkı iş üzrə yekun qərarın qəbul edilməsini gecikdirmək məqsədi daşıyır. Hesab edir ki, iş üzrə icraat dayandırılmamalıdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, hazırkı iş üzrə icraat dayandırılmalıdır. İş üzrə icraatın yekunlaşdırılmamasını xahiş etmişdir. Cavabdeh2 MTK-ya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 02 saylı müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanda çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində ümumi sahəsi 716 kvadrat metrdən ibarət olan 13 otaqlı ___ mənzil MTK tərəfindən Cavabdeh1 608.600 manata satılmışdır və ödənişin Cavabdeh1 tərəfindən ödənilməsi və borcunun olmaması ilə bağlı maliyyə arayışı təqdim edilmişdir. İş materiallarında olan Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 11 nömrəli xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, ünvan 2 ünvanda inşa edilmiş 6 bloklu hündürmərtəbəli binanın 1-ci bloku 12-ci mərtəbəsində yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş 145 kv.m sahəsi olan 3 otaqlı 72 saylı mənzil MTK tərəfindən İddiaçı satılmış, verilmiş maliyyə arayışına əsasən mənzilin dəyəri olan 174.000 manat pul məbləği İddiaçı tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4053/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçılar Cavabdeh1, X12, X8, X22, X13, X6 nümayəndəsi və vəkili X10 Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, qərardadın çıxarıldığı andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. Qərardaddan həmçinin görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində 1, 2, 1, 1, 3, 3, 2 otaqdan ibarət (ümumi 7 mənzil) ümumi sahəsi 716 kv.m. olan 71, 72, 73, 74, 75, 76 və 77 saylı mənzillərin; Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1ci blok 7-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 92,9 kv.m. olan 40 saylı mənzilin boşaldılması və iddiaçı Cavabdeh1 təhvil verilməsi; cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m olan 2 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1- ci blok, 3-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 9 saylı mənzilin boşaldılması və iddiaçı İlqar Babayevə təhvil verilməsi; cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1ci blok, 10-cu mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 74 kv.m. olan 63 saylı mənzilin boşaldılması və Gülarə Əskərovaya təhvil verilməsi; cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 3 otaqdan ibarət ümumi sahəsi 145 kv.m. olan 27 saylı mənzil boşaldılması və Yekane Askyarovaya təhvil verilməsi; cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbəsində 1, 2 və 3 otaqdan ibarət (ümumi 3 mənzil) ümumi sahəsi 340 kv.m. olan 78 saylı mənzil boşaldılması və Qurban Dəmirçiyevə təhvil verilməsi; cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 2 otaqdan ibarət ümumi sahəsi 110 kv.m. olan 1 saylı mənzil boşaldılması və İlham Zeynalova təhvil verilməsi; cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında inşa edilən 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində 1 otaqdan ibarət ümumi sahəsi 65 kv.m olan 24 saylı mənzil boşaldılması və Nahid Nəsirova təhvil verilməsi qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb olunmayan İddiaçı nümayəndəsi və vəkili Vəkil2, X1 nümayəndəsi və vəkili X23, X5 nümayəndəsi və vəkili Vəkil2, X14 nümayəndəsi və vəkili X17 ayrı-ayrılıqda, X24, X18 və X2 nümayəndəsi və vəkili X3 birgə apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5605/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m olan 1 №-li mənzilə aid hissədə ləğv edilmiş və İlham Zeynalovun bu mənzil barədə iddiası rədd olunmuş; birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 №-li mənzilə aid hissədə ləğv edilmiş və Cavabdeh1 bu mənzil barədə iddiası rədd olunmuş; Zeynəb Məmmədovanın apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 2 №-li mənzilə aid hissədə ləğv edilmiş, İlqar Babayevin bu mənzil barədə iddiası rədd olunmuş; Ceyhun Vəliyevin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 27 №-li mənzilə aid hissədə ləğv edilmiş və Yekane Askyarovanın bu mənzil barədə iddiası rədd olunmuş; Fariz Rəsulovun apellyasiya şikayəti təmin edilmiş, . birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 №-li mənzilə aid hissədə ləğv edilmiş və Qurban Dəmirçiyevin bu mənzil barədə iddiası rədd olunmuş; birinci instansiya məhkəməsinin qətnaməsi Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 №-li mənzilə aid hissədə ləğv edilmiş və Cavabdeh1 bu mənzil barədə iddiası rədd olunmuş; Vidadi İslamovun apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 110 kv.m. olan 1 №-li mənzilə aid hissəsi İddiaçı apellyasiya şikayəti əsasında ləğv edilmiş və İlham Zeynalovun bu mənzil barədə iddiası rədd olunmuş; Turan İslamovun apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m olan 2 №-li mənzilə aid hissəsi Zeynəb Məmmədovanın apellyasiya şikayəti əsasında ləğv edilmiş və İlqar Babayevin bu mənzil barədə iddiası rədd olunmuş; Vladislava İslamovanın apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onun tərəfindən mübahisələndirilən hissəsində, yəni Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 №-li çoxmənzilli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 9 №-li mənzilə aid hissədə ləğv edilmiş və İlqar Babayevin bu mənzil barədə iddiası rədd olunmuşdur. Qətnamədən iddiaçılar Yekane Askyarova, Qurban Dəmirçiyev və Cavabdeh1 (vəkil Nümayəndə) ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin onlara aid hissədə təmin olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1004/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5605/2023 nömrəli, 27 oktyabr 2023-cü il tarixli qətnaməsi, - “İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022- ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 72 saylı mənzilə aid hissədə ləğv edilməsi və Cavabdeh1 bu mənzil barədə iddiasının rədd olunması”, -“X5 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 27 saylı mənzilə aid hissədə ləğv edilməsi və X7 bu mənzil barədə iddiasının rədd olunması”, -“X14 apellyasiya şikayətinin təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022- ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, sahəsi 109 kv.m. olan 78 saylı mənzilə aid hissədə ləğv edilməsi və X4 bu mənzil barədə iddiasının rədd olunması”, - “Nərimanov Rayon Məhkəməsinin 2(005)-2609/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qətnaməsinin Nərimanov rayonu, İ.Dadaşov küçəsindəki 57 nömrəli çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, sahəsi 145 kv.m. olan 76 saylı mənzilə aid hissədə ləğv edilməsi və Cavabdeh1 bu mənzil barədə iddiasının rədd olunması” hissələrində ləğv edilməsi və işin həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasında saxlanılan X15 bütün məhkəmə orqanlarına ünvanlanmış əl yazısı ilə yazılmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh2 MTK ilə bağladığı müqaviləyə əsasən ünvan 1 ünvanda 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12ci mərtəbəsində ümumi sahəsi 167 kvadrat metrdən ibarət olan 3 otaqlı 72 nömrəli mənzili 174.000 manata almışdır. İş üzrə şahid qismində dindirilmiş X21 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, mübahisəli mənzillə bağlı müqaviləni İddiaçı həyat yoldaşı Akif Əzəmi ilə bağlamış, məhz həmin mənzillə bağlı pul vəsaitini Akif Əzəmidən almışdır. Həmin mənzillər ona çatmalıdır. Mübahisəli bina 1 blokdan ibarətdir. İddiaçı qeyd etdiyi məlumatlar doğrudur. Əvvəl bina 17 mərtəbəli olacaqdı, lakin sonradan 13 mərtəbəyə qədər qalxdı. Cavabdeh1 ilə aralarında bu cür müqavilə bağlanılmamışdır. İş üzrə şahid qismində dindirilmiş X19 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Nofəl Hacıyevin şirkətində komendant vəzifəsində işləmişdir. Sədr vəfat etməzdən əvvəl ona demişdir ki, müqavilədə onun adını yazsınlar. O da razılaşmış, ancaq sənədlərdən filan başı çıxmırdı. Ona deyilmişdir ki, etibarnamə versin, qalan işlərə qarışmasın. O da 2018-ci ildə bina tikilən zaman etibarnamə vermişdir. Hansı müqavilələrə imza çəkdiyini xatırlamır. xx.xx.2018-ci il tarixli müqavilədəki imza ona məxsusdur, lakin yazı ona məxsus deyil. xx.xx.2018-ci il tarixli müqavilədəki imza ona məxsus deyil. Hazırda mülki işdəki tərəflərin heç birini tanımır. Məhkəmə tərəfindən iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 MTK-yə və İddiaçı qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsində inşa olunan 6 bloklu, 13 mərtəbəli yaşayış binasının blok 1, mərtəbə 12 ünvanında yerləşən 72 saylı mənzilə xx.xx.2024-cü il tarixdə tərəflərin mümayəndələrinin iştirakları ilə yerində baxış keçirmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsində inşa olunan 6 bloklu, 13 mərtəbəli yaşayış binasının blok 1, mərtəbə 12 ünvanında yerləşən 72 saylı mənzildə baxış keçirilərkən müəyyən olundu ki, mübahisəli mənzil təmirsiz vəziyyətdə olmaqla, yaşayış binasının 12-ci mərtəbəsində dəhlizə daxil olduqdan sonra sol tərəfdə yerləşir. Belə ki, baxış zamanı mübahisəli mənzilin 3 otaq, 1 mətbəx, 2 eyvan və 2 sanuzel otağından ibarət olduğu aşkar edilmişdir. Mübahisəli mənzilə daxil olanda görünür ki, yataq otaqlarından biri uzun dəhlizin sol tərəfində yerləşir və həmin otaqdan eyvana çıxmaq üçün qapı vardır. Bununla yanaşı, qonaq otağı kimi nəzərdə tutulan otaqda sütunların mövcud olduğu, eləcə də qonaq otağından başqa bir eyvana çıxmaq üçün qapı mövcuddur. Həmçinin, mübahisəli mənzilin dəhlizindən sağ tərəfdə 2 yataq otağı yerləşir və həmin yataq otaqlarının da eyvanlara çıxışı üçün qapıları vardır. Bundan əlavə, baxış zamanı sanuzel otaqlarından birinin dəhlizin sağ tərəfində yerləşən yataq otaqlarının birində, digərinin isə qonaq otağı kimi nəzərdə tutulan otağın yanında yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanda 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 12-ci mərtəbəsində ümumi sahəsi 167 kvadrat metrdən ibarət olan 3 otaqlı 72 nömrəli mənzilə dair xx.xx.2018-ci il tarixdə İddiaçı ilə, xx.xx.2018-ci il tarixdə isə Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında müqavilələr bağlanmışdır. Cavabdeh1 2022-ci il tarixdə öz müqaviləsi üzrə 7 mənzilə dair (həmin mənzillərdən biri hazırkı mübahisə üzrə 72 nömrəli mənzil olmuşdur) iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən həmin mənzillərin cavabdeh MTK tərəfindən təhvil verilməsini xahiş etmiş, ilkin olaraq iddiası təmin edilərək, hətta icra edilsə də, lakin hazırda həmin qətnamə apellyasiya instansiyası tərəfindən ləğv edilərək, iddia tələbi baxılmamış saxlanılmışdır. İddiaçı bildirir ki, yuxarıda adıçəkilən qətnamədən öz mənzilinin üzərində yapışdırılan qətnamə ilə sonradan xəbəri olmuşdur. Hazırda mənzilə sahiblik və istifadə hüququnun tanınmasını, mənzilin ona təhvil verilməsini və girişinə qoyulmuş giriş qapısının Cavabdeh1 tərəfindən sökülməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İlk növbədə qeyd olunmalıdır ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425-ci maddəsi). Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (Mülki Məcəllənin 178.8-ci maddəsi) Eyni Məcəllənin 752.1 və 752.2-ci maddələrinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmçinin qeyd edilməlidir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Eyni zamanda Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1 və 113.2-ci maddələrinə görə, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülk qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən, Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 157.2-ci maddəsinə əsasən, Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar 158.2-ci maddəsinə əsasən, Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən, Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 324.1-ci maddəsinə əsasən, Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 427.2-ci maddəsinə əsasən, Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən, Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Cavabdehlər arasında bağlanmış müqavilədən görünür ki, Cavabdeh1 mübahisəli binada bir neçə mənzilin əldə edilməsi üçün cavabdeh MTK ilə razılıq əldə etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış müqavilələrin qanuniliyi yoxlanılmalı, bundan sonra həmin mübahisəyə qiymət verilməlidir. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Hazırkı mülki iş üzrə aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, cavabdeh MTK ilə İddiaçı, Cavabdeh1 arasında eyni mənzilə dair ayrı-ayrılıqda iki müqavilə bağlanmışdır. Mülki iş üzrə təqdim olunmuş müqavilələrin tədqiq olunması nəticəsində həmin müqavilələrin MTK ilə bağlanmasının tarixləri aşağıdakı kimi olduğu müəyyən olunmuşdur: MTK ilə İddiaçı arasında mübahisəli mənzilə dair xx.xx.2018-ci il tarixdə, MTK ilə Cavabdeh1 arasında isə həmin mənzilə dair xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Məhkəmə onu da qeyd edir ki, MTK ilə həmin müqavilələrin eyni, yəni ünvan 2 ünvanda inşa edilmiş 6 bloklu hündürmərtəbəli binanın 1-ci bloku 12-ci mərtəbəsində yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş 145 kv.m sahəsi olan 3 otaqlı 72 saylı mənzilə aid olması hazırkı işin mübahisəsiz halıdır. Beləliklə də, iş üzrə təqiq olunmuş sübutlarla mübahisəsiz şəkildə müəyyən olunur ki, cavabdeh MTK-nın ünvan 2 ünvanda inşa edilmiş 6 bloklu hündürmərtəbəli binanın 1-ci bloku 12-ci mərtəbəsində yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş 145 kv.m sahəsi olan 3 otaqlı 72 saylı mənzilə dair iki ayrı-ayrı müqavilə bağlanmış, iddiaçı ilə bağlanmış müqavilə əvəzli olmuş və həmin müqaviləyə görə əvəz ödənilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, MTK ilə həmin müqavilələrin bağlanmasının xronoloji ardıcıllığı belə olmuşdur; - İddiaçı ilə xx.xx.2018-ci il tarixində, Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixində. Məhkəmə bildirir ki, cavabdehlər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 02 saylı müqavilədə tərəflər özlərini “alıcı” və "xxxx" qismində tanımışdır. İddiaçı və cavabdeh MTK arasında bağlanmış müqavilələrin 1-ci bəndində qeyd olunmuşdur ki, “alıcı”, Cavabdeh2 MTK-nın ünvan 3 ünvanında tikilən yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 1+1+2+1+3+3+2 otaqlardan ibarət mənzili almaq üçün "xxxx"ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Məhkəmə həmçinin iş üzrə şahid qismində dindirilmiş Nofəl Hacıyevin də ifadəsinə hüquqi qiymət verir və hesab edir ki, N.Hacıyevin ifadəsi işin faktiki hallarına uyğundur. Belə ki, N.Hacıyev Cavabdeh2 MTK-nın qanuni nümayəndəsi olmamış, qanuni nümayəndə olan T. Məhəmmədov ona etibarnamə vermiş, xx.xx.2018-ci il tarixli müqavilə MTK-nın qanuni təmsilçisi kimi Şahid tərəfindən imzalanmışdır. N.Hacıyev bildirir ki, Cavabdeh1 ümumiyyətlə tanımır və mübahisəli 72 nömrəli mənzil İddiaçı məxsusdur. Həmin mənzillə bağlı Cavabdeh1la cavabdeh Təbriz MTK arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilə şahid qismində dindirilmiş N.Hacıyevin ifadələrində vurğuladığı kimi başqa şəxslərlə arasında olan pul öhdəliklərinin təminatı kimi bağlanmış müqavilədir. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələri). Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra edərək, mənzilin dəyərini tam şəkildə ödəmiş, cavabdeh MTK həmçinin müqavilə üzrə öhdəliklərini icra etməli və mənzili iddiaçıya təhvil verməlidir. Eyni zamanda mülki işin faktiki hallarını və yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürüb məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini tam icra etdiyindən - mənzilin dəyərini tam şəkildə Cavabdeh2 MTK-ya ödədiyindən iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ olduğundan, sonuncunun da iddiaçının mülkiyyətində olan əmlakı digər şəxsə satmaq səlahiyyəti olmamışdır, Mülki Məcəllənin 452-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunan normadan göründüyü kimi fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir. Həmçinin nəzərə alınmalıdır ki, eyni fərdi müəyyən əşyanın verilməsinə dair digər etibarlı müqavilələr də hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin öhdəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcəllə, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452-ci maddəsinə uyğun həll edilməli, İddiaçı ilə bağlanmış müqavilənin etibarlı əqd əsasında daha əvvəl bağlanması, bundan başqa mənzilin hələ heç kimə təhvil verilməməsi nəzərə alınaraq, onun “əmlak üzrə sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərarında ifadə olunmuş mövqeyinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haqverdiyev Azərbaycana qarşı” 29 yanvar 2015-ci il tarixli və “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarlarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Göründüyü kimi, iddiaçının müqavilədə verilməsi öhdəliyi nəzərdə tutulmuş mənzilə münasibətdə sahiblik və istifadə hüququ yaranmaqla yanaşı, mülkiyyət hüququna dair qanuni gözləntisi də yaranmışdır. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, ünvan 4 ünvanda inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloku 12-ci mərtəbəsində yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş 145 kv.m sahəsi olan 3 otaqlı 72 saylı mənzilə İddiaçı sahiblik, istifadə hüququ tanınmalı, həmin mənzil Cavabdeh2 MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Məhkəmə həmçinin iddianın “mənzilin girişinə qanunsuz quraşdırılmış giriş qapısının öz hesabına sökülərək çıxarılması öhdəliyinin hazırkı iddia üzrə Cavabdeh1 üzərinə qoyulması” hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, həmin hissədə də iddia əsaslıdır. Belə ki, iddiaçının sahiblik və istifadəsində olan və gələcəkdə mülkiyyət hüququnun tanınmasına dair gözləntisini olan mənzilə digər şəxslər tərəfindən girişinə qadağa qoyulması, iddiaçının mülkiyyətin toxunulmazlığına dair konstutision hüququnu pozur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilərək, ünvan 4 ünvanda inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloku 12-ci mərtəbəsində yerləşən Cavabdeh2 MTK tərəfindən inşa edilmiş 145 kv.m sahəsi olan 3 otaqlı 72 saylı mənzilin girişinə qanunsuz quraşdırılmış giriş qapısının öz hesabına sökülərək çıxarılması öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanda inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloku 12-ci mərtəbəsində yerləşən 145 kv.metr sahəsi olan 3 otaqlı 72 saylı mənzilə İddiaçı sahiblik, istifadə hüququ tanınsın və həmin mənzil Cavabdeh2 MTK tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh1 üzərinə ünvan 4 ünvanda inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloku 12-ci mərtəbəsində yerləşən 145 kv.metr sahəsi olan 3 otaqlı 72 saylı mənzilin girişinə quraşdırılmış giriş qapısının öz hesabına sökülməsi öhdəliyi qoyulsun. Cavabdehlər Cavabdeh2 MTK-dan və Cavabdeh1 100 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar