Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3513/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2508 manat məbləğində borc və 45,08 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2553,08 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 2321 manat məbləğində borc və 45,08 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2366,08 manat pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə malların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən cavabdehə ümumi dəyəri 2579 manat olan 1 ədəd İpad Pro 12.9 5th 256 GB Space Gray-sww5xqx2vv5 markalı əşya 12 ay müddətinə hissə-hissə ödənilməklə (hər ayın 21-də 209 manat ödənilməklə) satılmışdır. Cavabdeh tərəfindən yalnız ilkin ödəniş kimi 258 manat ödənilmişdir. 2022-ci ilin may, iyun, iyul ayları üçün ödəniş bu günə kimi olunmamışdır. Sözügedən müqavilənin 6.2-ci bəndinə əsasən, alıcı, yəni cavabdeh bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli ilə nəzərdə tutulan ödəmə müddətlərindən hər hansı birini 30 gündən artıq müddətə pozduqda satıcının, yəni İddiaçı MMC-nin birtərəfli qaydada bu müqaviləyə xitam vermək hüququ vardır. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən bu müqaviləyə satıcı tərəfindən birtərəfli qaydada xitam verilməsi haqqında xəbərdar edilmiş alıcı, xəbərdar edildiyi tarixdən keçən 10 təqvim günü ərzində malın dəyərini satıcıya tam ödəməlidir. xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya göndərərək sözügedən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyini bildirmiş və borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh pretenziyaya cavab verməmiş və borc bu günə kimi cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, iddia ərizəsinə və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İş üzrə sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə malların nisyə satışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən cavabdehə ümumi dəyəri 2579 manat məbləğində 1 ədəd İpad Pro 12.9 5th 256 GB Space Gray-sww5xqx2vv5 markalı əşya 12 ay müddətinə hissəhissə ödənilmək şərtilə satılmışdır. Cavabdeh tərəfindən ilkin ödəniş kimi 258 manat ödənilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı MMC-yə ödənilməyən borcu 2321 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 45,08 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni Məcəllənin 600.5-ci maddəsinə əsasən isə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2321 manat pul və ödənilmiş dövlət rüsumuna görə 45,08 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2321 (iki min üç yüz iyirmi bir) manat pul və ödənilmiş dövlət rüsumuna görə 45,08 (qırx beş manat, səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMCnin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3513/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3513/2022
06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver