Məhkəmə qərarları › İş №e-2(005)-364/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-364/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-364/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış R0025872 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə alğı-satqı müqaviləsinə əsasən 1523 (bir min beş yüz iyirmi üç) manat məbləğində əsas borc, 10 (on) manat məbləğində cərimə borcu və 35,33 (otuz beş manat 33 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1568,33 (bir min beş yüz altmış səkkiz manat 33 qəpik) manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbindəki məbləği qəbul etmədiyini və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 4107/2022 saylı qərardadı ilə kiçik mübahisələr üzrə iddia ərizəsinə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0025872 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 1699 manat dəyərində olan Acer Aspire A315-57G/15.6 i5- 1035G1/8Gb/1TB+128GB SSD/MX 330 2Gb markalı əşyaları satmışdır. Borclu aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 1699 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən 12 ay müddətinə, ayda 142 manat ödəmək şərti ilə kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 176 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olmadığını, 1419 manat borcunu qəbul etdiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş R0025872 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Cavabdeh 1699 manat dəyərində olan Acer Aspire A315-57G/15.6 i5-1035G1/8Gb/1TB+128GB SSD/MX 330 2Gb markalı əşyaları 12 ay müddətinə, ayda 142 manat kreditora hissə-hissə ödəmək şərti ilə verilməsini razılaşdırmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən "xxxx" tərəfindən cavabdehə qalıq borcunun 3 günü müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, R0025872 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh maliyyə arayışı tərtib olunan tarixədək 176 manat ödəniş etmiş və onun ümumi borcu 1533 manat təşkil edir. İş materiallarına əlavə edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 8.17 manat, xx.xx.2022-ci il tarixdə 31.52 manat, xx.xx.2022-ci il tarixdə 63.8 manat pul ödənilməsi və həmin məbləğin onun müqaviləyə əsasən cəriməyə silinməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair R0025872 nömrəli, xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh 1699 manat dəyərində olan Acer Aspire A315-57G/15.6 i5-1035G1/8Gb/1TB+128GB SSD/MX 330 2Gb markalı əşyaların cavabdehə təhvil verilməsini təmin edilmişdir. İddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən alqısatqı müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı iddia tələbində cavabdehin əsas borcunu 1523 manat qeyd etsədə, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən verilmiş xx.xx.20223-cü il tarixli ərizəsində cavabdehin 103.49 manat ödəməsi qeyd etmişdir. Odur ki, hazırda cavabdehin müqavilə üzrə əsas borcu 1419,51 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iddia ərizəsi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 35,33 manat dövlət rüsumunun iddia tələbi üzrə cavabdehdən tutulmuş hissəsinə mütənasib olaraq 17,66 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0025872 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 1419,51 (bir min dörd yüz on doqquz manat 51 qəpik) manat əsas borc, 1 (bir) manat cərimə borcu və 17,66 (on yeddi manat 66 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 1438,17 ( bir min dörd yüz otuz səkkiz manat 17 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış R0025872 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 1419,51 (bir min dörd yüz on doqquz manat 51 qəpik) manat əsas borc, 1 (bir) manat cərimə borcu və 17,66 (on yeddi manat 66 qəpik) manat dövlət rüsumu olmaqla cəmi 1438,17 ( bir min dörd yüz otuz səkkiz manat 17 qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar