Məhkəmə qərarları › İş №e-2(005)-3650/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3650/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3650/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ədilova Solmaz İmran qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli 1.101.002897 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 960 manat məbləğində əsas borc, icranı gecikdirdiyinə görə illik 5% olaraq 3 il üçün 144 manat faiz borcu, 100 manat məbləğində dəbbə pulu (cərimə borcu) olmaqla ümumilikdə 1204 manat vəsaitin və ödənilmiş 32,04 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a) iddia ərizəsinin dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 1.101.002897 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 4911.80 (dörd min doqquz yüz on bir manat səksən qəpik) manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 1071.80 (bir min yetmiş bir manat səksən qəpik) manat ödəniş etmiş, qalıq 3840 (üç min səkkiz yüz qırx) manatı 12 ay müddətində hər ay 320 (üz yüz iyirmi) manat olmaqla ödəməyi öhdəsinə götürsə də, həmin borcdan cəmi 2880 (iki min səkkiz yüz səksən manat) ödəniş etmiş, 960 manat (doqquz yüz altmış) borc ödənilməmiş qalmışdır. Borcun ödənilməsini təmin etmək məqsədilə borclu ilə dəfələrlə mobil telefon əlaqəsi saxlanılmış, xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq göndərilərək borcun 5 gün ərzində ödənilməsi xahiş olunsa da, tələb icra edilməmişdir. Qeyd olunur ki, müqavilələrin 2.3-cü bəndinə əsasən bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş məbləği bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavədə müəyyən edilmiş müddətdə satıcıya ödəməlidir. Həmin Müqavilələrin 4.2.3-cü bəndinə əsasən alıcı əmlakın dəyərini vaxtı-vaxtında ödəməlidir. Həmin Müqavilələrin 5.2-ci bəndinə əsasən tərəflərdən biri bu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etmədikdə qanunvericiliyinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Bu halda zərər vurmuş tərəf digər tərəfə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən, ödənişləri gecikdirdikdə, hər gecikdirilmiş gün üçün ödəniş məbləğinin 3% dəyərində cərimə ödəyir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1.101.002897 nömrəli Alğı-satqı müqaviləsinə əsasən, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1№-li Əalvədə göstərilmiş malları Alıcıya satmağı, Alıcı isə bunun müqabilində Satıcıya bu müqavilənin 2.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə cəmi 4911,8 manat məbləği ödəməyi öhdəsinə götürür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli 1.101.002897 saylı nisyə satış müqaviləsi üzrə cəmi 2880 manat ödəniş edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli 1.101.002897 saylı nisyə satış müqaviləsi üzrə borcu 960 manat əsas və 144 manat cərimə borcu qalmışdır. - xx.xx.2024-cü il tarixli "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya qaydasında xəbərdarlıqdan görünür ki, borcun 5 (beş) gün müddətində MMC-yə ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada nisyə alğı-satqı müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. - xx.xx.2019-cu il tarixli Təhvil-təslim aktından görünür ki, Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İşin faktiki halları: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 1.101.002897 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən 4911.80 (dörd min doqquz yüz on bir manat səksən qəpik) manat dəyərində məişət avadanlıqlarını əldə etmişdir. Cavabdeh həmin müqavilə üzrə ilkin ödəniş olaraq 1071,80 (bir min yetmiş bir manat səksən qəpik) manat ödəniş etmiş, qalıq 3840 (üç min səkkiz yüz qırx) manatı 12 ay müddətində hər ay 320 (üz yüz iyirmi) manat olmaqla ödəməyi öhdəsinə götürsə də, həmin borcdan cəmi 2880 (iki min səkkiz yüz səksən manat) ödəniş etmiş, 960 manat (doqquz yüz altmış) borc ödənilməmiş qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonar onun miqdarının azaldılması istisna edilir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi borcun ödənilməsinə dair hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mal cavabdehə verilmiş və müqavilənin hissə hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyanı almasına dair hüququndan istifadə etmiş, lakin müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilələr üzrə iddiaçı cavabdehdən əşyanın dəyərinin ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqısatqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Deyilənlərdən əlavə məhkəmə, iddia tələbinin “icranı gecikdirdiyinə görə illik 5% olaraq 3 il üçün faiz borcu” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki iş materiallarına əlavə edilmiş nisyə alğı-satqı müqaviləsindən görünür ki, borclu pul məbləğini xx.xx.2020-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən maddələrin məzmunundan göründüyü kimi öhdəliyin icrası müddəti müqaviləyə əsasən kredit müqaviləsinin müddəti bitdiyi tarixdən (xx.xx.2020) iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixədək (xx.xx.2024) 3 il 9 aylıq müddət keçdiyindən öhdəliyin icrası borclu tərəfindən gecikdirilmişdir. Beləliklə, Cavabdeh xx.xx.2019-cu il tarixli 1.101.002897 saylı müqaviləyə əsasən 960 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsinə görə MPM-nin 445.7-ci maddəsinə əsasən həmin məbləğin illik 5 faizi hesabı ilə 3 il 9 aylıq müddət üçün tutulmalı olan məbləğ 180 manat təşkil edir. Lakin iddiaçı tələbində 3 illik gecikdirilmiş borcu tələb etdiyindən məhkəmə hesab edir ki, 144 manat əldən çıxmış fayda cavabdehdən iddiaçının hesabına tutulmalıdır. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azaqlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 100 manat cərimə pulu tənasübsüz yüksək məbləğdir. xx.xx.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu 20 manat hesablanmaqla ödənilməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 960 manat məbləğində əsas borc, 144 manat illik 5% faiz, və 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1124 manat vəsait və 32,04 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32,04 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 960 manat məbləğində əsas borc, 144 manat illik 5% faiz və 20 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1124 manat vəsait və 32,04 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar