Məhkəmə qərarları › İş №e-2(005)-3680/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3680/2023

15.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3680/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh2 və X3 mənim mülkiyyətimdə olan Bakı şəhər Nərimanov rayonu, Aşıq Alı küçəsi 34, M4, m. 1 mənzilinə istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, seriya RX №1130081 saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 34, M4, m.1 mənzili tam mülkiyyətindədir. Cavabdeh, oğlu Cavabdeh2 2010-cu ildə Cavabdeh1 ilə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra yaşayış yerləri olmadıqları üçün iddiaçıdan etdikləri xahiş əsasında, iddiaçıya məxsus sözü gedən mənzildə müvəqqəti yaşamaları üçün onlara şərait yaratdı. Buna səbəb qısa müddət sonra yeni mənzil alaraq oraya köçəcəkləri barədə iddiaçıya vəd vermələri olmuşdur. Nəzərə çatdırır ki, cavabdehlər həmin mənzildə hal-hazırda da iki övladları ilə birlikdə bu günə qədər yaşayırlar. 2022-ci ildə iddiaçının icazəsi əsasında sözügedən mənzilə müvəqqəti olaraq qeydiyyata düşmüşlər. Lakin artıq maddi ehtiyacları olduğu üçün tərəfindən həmin mənzili satmaq məcburiyyəti yaranmışdır. Bir daha qeyd edir ki, mənzil iddiaçıya məxsus daşınmaz əmlakdır və həmin daşınmaz əmlakı istənilən kənar təsirlərdən və əlavə yüklülükdən bütün vasitələrdən istifadə etmək yolu ilə azad etmək hüququna malikdir. Mübahisəni aralarında həll edə bilmədiyi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, hazırda Cavabdeh2 yerinin bəlli olmadığını, qızı Cavabdeh1 azyaşlı övladlarına təkbaşına baxdığını, qızı ilə kürəkəninin nikah dövründə ipoteka ilə ev aldıqlarını, lakin həmin mənzilin qızının adına alındığını, hətta ipotekaya görə ödənişlərin onun özü tərəfindən edildiyini, mübahisəli mənzildən çıxarılma barədə tələbin təmin edilməsinə etiraz etdiklərini, ipoteka ilə yüklü edilmiş mənzildə hazırda kirayəçilərin yaşadığını bildirib, iddianın təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, qeyd edir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. O, iddia ərizəsini onunla əsaslandırmışdır ki, dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tam mülkiyyətindədir. Hal-hazırda onun evi salmaq məcburiyyəti yaranmışdır və buna görə də iddia ərizəsində iddiaçı cavabdehin və həyat yoldaşı Cavabdeh2 həmin ünvandakı mənzilə istifadə hüquqlarına xitam verilməsini və mənzilin boşaldılmasını məhkəmədən xahiş etmişdir. Bildirir ki, Cavabdeh1 2010-cu ildə Cavabdeh2 ilə ailə həyatı qurub. Birgə nikahdan iki övladı (X5 və İddiaçı Orxan oğlu) vardır. 2010-cu il tarixindən fasiləsiz olaraq həmin mənzildə yaşayırlar. Onun razılığı ilə bahalı mebellər həmin beş otaqlı evdə yerləşdirilmişdir. Cavabdehə məxsus bütün cehiz əmlakı gəlin gəldiyi gündən hazırkı vaxta qədər həmin mənzildədir. Övladları dünyayaya gəldiyi vaxtdan həmin evdə yaşayırlar. Həmin ərazidə yaşayan qonşular da onların çox uzun müddət burada yaşamağının şahididirlər. İddiaçı ərizəsində göstərir ki, guya mənzilə müvəqqəti qeydiyata düşmüşlər. Lakin bu həqiqəti əks etdirmir. 2022-ci ildə onun razılığı ilə həmin evdə qeydiyyata alınıblar. İddiaçı ərizəsində göstərir ki, maddi ehtiyacı olduğu üçün mənzili satmaq istəyir. Bu fikirlə əlaqədar bildirir ki, iddiaçının heç bir maddi ehtiyacı yoxdur. Belə ki, onun Bakı şəhərində müxtəlif ünvanlarda xeyli miqdarda yaşayış və qeyri-yaşayış sahələri vardır. Dövlət Reyestr xidmətinə müraciət etməklə bunlar barədə məlumat almaq mümkündür. Son bir aydan artıqdır ki, əri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, onu qanunsuz olaraq cəmiyyətdən təcrid edərək "azadlıqdan məhrum ediblər”. Onun harada gizlədilməsi barədə məlumatı yoxdur.Bu barədə valideynləri, o cümlədən iddiaçı cavabdehə heç bir məlumat vermir. Həyat yoldaşı Cavabdeh2 gizlətməklə onların ailə həyatına müdaxilə etmiş və uşaqları gündəlik qayğısından məhrum edilmişdir. İşin məhkəmədən kənar həll olunması barədə bizə heç bir müraciət edilməmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 31 saylı mənzil (Yeni qaydalarla: ünvan 6 M4, m1) İddiaçı xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən mənzilə dair məlumat və sənəd surətlərinin verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 4 ünvanda yerləşən mənzil xx.xx.2017-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli 0111/23 saylı Arayışından görünür ki, Cavabdeh1 4 nəfərdən ibarət ailə tərkibi ilə Bakı şəhəri Nərimanov rayonu, Aşıq Alı 4A küçəsindəki 15 mərtəbəli kooperativ yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 31 saylı mənzildə xx.xx.2010-cu ildən etibarən yaşayır. Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ 571287 nömrəli, xx.xx.2010-cu il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Nəsrədin oğlu ilə Cavabdeh1 nikahları xx.xx.2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitbında 574 № ilə qeydə alınmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 31 saylı mənzildə Cavabdeh2 Nəsrədin oğlu ilə Cavabdeh1 qeydiyyatdadırlar; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 31 saylı mənzil (Yeni qaydalarla: ünvan 6 M4, m1) iddiaçının mülkiyyətindədir, cavabdehlər isə onun oğlu və gəlini (oğlunun arvadı) olmaqla iki azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlər 2010-cu ildən sözügedən mənzildə yaşayır. Hazırda iddiaçı mülkiyyətində olan mənzildən sərbəst istifadə etmək hüququndan məhrum olmasını əsas gətirərək, cavabdehlər tərəfindən mənzilin boşaldılmasını tələb edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılmasını mübahisələndirməklə, iddiaçının əslində əldə etmək istədiyi nəticə cavabdehlərin mübahisəli mənzildən çıxarılmalarıdır. Bu baxımdan mübahisəli məsələni həll edərkən məhkəmə tərəflərin ifadə tərzi ilə bağlı olmadığından, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə qiymət verməyi əsaslı hesab edir. Cavabdehlərdən Cavabdeh2 həmin mənzildən istifadə hüququnun yaranmış olduğu işin mübahisələndirilməyən halıdır. Digər Cavabdeh1 isə mənzildən istifadə hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə, iddiaçının digər ailə üzvü olmuş Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 31 saylı mənzildə qeydiyyatda olsa da, həmin mənzildən istifadə hüququ əldə etməmişdir. Belə ki, adı çəkilən cavabdehlə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun (cavabdehin) istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Cavabdeh1 pasport qeydiyyatına alınması, habelə mübahisəli mənzildə yaşaması öz-özlüyündə, cavabdehin həmin mənzildən istifadə hüququnu yaratmır. Beləliklə, iddiaçı məhz mülkiyyətində olan mənzildən istifadə hüququnun mövcudluğu mübahisəsiz olan Cavabdeh2 münasibətdə kompensasiya ödəmədən onun həmin hüququna xitam verilməsini, o cümlədən onun ailə üzvü (arvadı) ilə birlikdə mənzilindən çıxarılmalarını (mənzilin boşaldılmasını) tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarına görə, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə qeyd edir ki, “Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olubolmadığının müəyyənləşdirilməsidir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Göstərilənlərə əsasən, hazırki iş üzrə iddiaçı Cavabdeh2 qarşı kompensasiya ödənilmədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxmasının müəyyən edilməsindən asılıdır. Hazırki mülki mübahisə həll edilərkən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququnun əldə etməsi halı nəzərə alınmalıdır. Belə ki, həm iş üzrə tərəflərin məhkəmə iclaslarındakı izahatları, həm də “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə ipoteka ilə ünvan 5 ünvanında yerləşən 60 saylı mənzil əldə edilmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlər birgə nikahda olduqları dövrdə ünvan 5 ünvanında yerləşən 60 saylı mənzil üzərində mülkiyyət hüququ əldə etmişlər, belə olan təqdirdə məhkəmə, Cavabdeh2 yaşayış sahəsinə ehtiyacının aradan qalxması səbəbindən onun mübahisəli mənzilə olan istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsini əsaslı hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir”. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildən istifadə etmələri sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 31 saylı (Yeni qaydalarla: ünvan 6 M4, m1) mənzildən istifadə hüquqlarına xitam verilməli, ünvan 3 ünvanında yerləşən 31 saylı (Yeni qaydalarla: ünvan 6 M4, m1) mənzili boşaldılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 ünvan 3 ünvanında yerləşən 31 saylı (Yeni qaydalarla: ünvan 6 M4, m1) mənzildən istifadə hüququna xitam verilsin. ünvan 3 ünvanında yerləşən 31 saylı (Yeni qaydalarla: ünvan 6 M4, m1) mənzili boşaldılsın və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılsınlar. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar