Məhkəmə qərarları › İş №e-2(005)-3689/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3689/2024

29.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3689/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 manat kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2018-ci il tarixli X3 adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-682/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş və bununla bağlı Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli AZ-İ №480230 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Ailə qurduqdan sonra cavabdeh ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 2 nömrəli mənzilə gəlin köçmüş, eləcə də iddiaçının razılığı ilə həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Nikaha xitam verildikdən sonra da cavabdeh övladı ilə mənzildə yaşamağa davam etmiş və buna iddiaçı tərəfindən heç bir maneə yaradılmamışdır. Hazırda da cavabdeh övladı ilə həmin mənzildə yaşayır. Artıq uzun müddətdir ki, mülkiyyətçi İddiaçıla Cavabdeh arasında münasibətlər korlanmışdır. Xüsusilə də ailə münasibətlərinə xitam verildikdən sonra cavabdehlə iddiaçının bir mənzildə yaşaması qeyri-mümkün olmuşdur. Həm mülkiyyətçi ilə cavabdeh arasında vaxtaşırı mübahisələrin baş verməsi, həm də cavabdeh tərəfindən mənzildə birgə yaşayış qaydalarının tez-tez pozulması artıq adi hala çevrilmişdir. Belə ki, cavabdeh mülkiyyətçini müxtəlif yollarla mübahisəyə təhrik edir və mülkiyyətçinin mənzildən normal qaydada istifadəsinə imkan vermir. Bundan başqa iddiaçının yenidən ailə həyatı qurması qeyd olunan səbəbdən mümkün deyildir. Çünki iddiaçı yenidən ailə quracağı halda yeni ailəsini hazırda yaşadığı mənzilə köçürə bilməyəcək, köçürüləcəyi halda isə bu böyük mübahisələrə yol açacaqdır. Bir sözlə, iddiaçı ilə cavabdehin sözügedən mənzildə bir yerdə yaşaması mümkün deyildir. Mövcud vəziyyətin daha böyük mübahisələrə yol açmasının qarşısını almaq üçün iddiaçının atası X4 cavabdehə öz mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanındakı "xxxx" Yaşayış Kompleksində yerləşən 1 (bir) otaqlı mənzildə övladı ilə daimi yaşamağı təklif etsə də, cavabdeh bundan imtina etmiş, ona Bakı Metropoliteninin “Qara Qarayev” metrosu yaxınlığında mənzil alınıb verilməsini tələb etmişdir. İddiaçının buna maddi imkanı yol vermədiyindən tərəflərin bu barədə razılığı baş tutmamışdır. İşin faktiki hallarından məlum olur ki, İddiaçı mənzil üzərindəki mülkiyyət hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Ümumiyyətlə, həm Mülki Məcəllənin, həm Mənzil Məcəlləsinin, həm digər sahəvi qanunvericilik aktları, həm də Konstitusiya Məhkəməsinin istifadə hüququ ilə bağlı yaranmış mübahisələrin həlli ilə bağlı verdiyi qərarlarda mülkiyyət hüququnun üstün hüquq kimi nəzərə alınması daim vurğulanmışdır. Hazırda iddiaçı cavabdehə 5000 manat kompensasiya ödəməklə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxmasını təklif edir. Bu məbləğ uzun müddət cavabdehin yaşayış yeri ilə təmin edilməsi üçün kifayət edir. Cavabdehin ümumiyyətlə həmin mənzildən istifadə hüququ qanunla mövcud deyil, onda bu məbləğ ədalətlidir. İddiaçının atası dəfələrlə cavabdehə onun mülkiyyətində olan başqa bir mənzildə yaşamağı təklif etsə də, cavabdeh daha ağır şərtlər irəli sürmüşdür. Eyni zamanda cavabdehin valideynlərinin də mülkiyyətində yaşayış sahəsi mövcuddur. Buna baxmayaraq, cavabdeh həmin yaşayış sahələrindən istifadə etmək istəmir. İddiaçının hazırki iddia tələbi onun cavabdehlə birgə nikahından olan X2 qarşı yönəlməmişdir. İddiaçı övladının bütün maddi və mənəvi ehtiyaclarını qarşıladığı kimi onun mübahisəli mənzildə yaşamasına da heç bir məhdudiyyət qoymur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, mənzil nikahdan əvvəl, 2014-cü ildə alğı-satqı yolu ilə alınıb. 2017-ci ildə ailə qurublar, toydan sonra həmin evə köçüblər. İddiaçı cavabdehi qeydiyyata da salıb. Hazırda da orada yaşayırlar. Tərəflər arasında başqa məhkəmə prosesləri də var. Hətta iddiaçının atası mülkiyyətində olan "xxxx" yaşayış kompleksində yerləşən mənzildə yaşamağı cavabdehə təklif etsə də, cavabdeh bunu qəbul etməmiş, Qara Qarayev metrostansiyası yaxınlığında ev istəmişdir. Bu isə iddiaçının maddi cəhətdən imkanı yol vermədiyindən mümkün olmamışdır. Birgə nikah dövründə əldə edilmiş avtomobilin bölünməsi, açıq hərracda satılması ilə bağlı qarşı tərəf başqa məhkəmədə iddia qaldırıb, həmin işdə maşının dəyərinin yarısı kimi 40000 manat pul tələb edirlər. Qarşı tərəf özü də bildirib ki, cavabdeh birgə nikah dövründə alınan digər avtomobili nikahdan sonra satıb. Hazırda cavabdehin 12000 manat pulu var və hesab edir ki, özünə müvəqqəti yaşayış yeri tapa bilər. Tərəfinin bu məsələ ilə bağlı iddia qaldırmaq fikri də yoxdur. İki tərəf eyni evdə yaşayırsa, birgə yaşayış qaydalarına əməl etməlidirlər. Onların bir yerdə yaşaması alınmır. İddiaçı ailə qurmaq istəyir. Lakin cavabdeh mənzildə yaşadığından ailə qura bilmir. Əvvəl istifadə hüququ olmasa da 5000 manat kompensasiya təklif edirdilər, lakin cavabdehin hərəkətləri nəticəsində bu hissədə iddia tələbini dəyişdirdilər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, cavabdeh işləmədiyi və yaşayış yeri olmadığı üçün mənzildən çıxmağa hazır deyil. Qarşı tərəf cavabdehin atasının adına Qubada əmlak olduğunu bildirib. Lakin, keçmişdən qalmış torpaq sahəsidir və orada yaşamaq mümkün deyildir. Nikah pozulduqdan sonra da tərəflər bir evdə yaşayıblar. Son zamanlar münasibətləri kəskinləşdiyi üçün iddia qaldırılıb. Yasamal Rayon Məhkəməsində avtomobillə bağlı iddia qaldırılıb. Həmin avtomobil 2016-cı il istehsallı Land Rover markalı avtomobildir, qiyməti isə 70000 manatdır. Tələb edilən məbləğ hər iki işlə bağlı 40000 manatdır. Qarşı tərəfin təklif etdiyi 25000 manat azdır. Tərəfi bildirir ki, maşına düşən paya görə 40000 manat ödənilsə, bütün məsələlər bitəcək. Qarşı tərəf razılaşsa, barışıq sazişi bağlanıla bilər. Bildiyinə görə tərəfi özünəməxsus olan avtomobili 12000 manata satıb. Lakin hər bir halda cavabdeh işləmir, gəliri yoxdur, özünü yaşayış sahəsi ilə təmin edə bilmir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hər iki tərəfin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 2 (yeni qaydalarla; Az1072, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-682/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 1343 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı xx.xx.2023- cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra tərəflər iddiaçıya məxsus mübahisələndirilən mənzildə yaşamışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-682/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçı mübahisələndirilən mənzilin nikahdan öncə, yəni xx.xx.2014-cü il tarixdə əldə edilməsinə, cavabdehin mənzildən istifadə hüquqlarının mövcud olmamasına əsaslanaraq, onun mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə başqa yaşayış yeri və qazancı olmadığına istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh mübahisəli mənzilə 2017-ci il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş materiallarından görünür ki, mübahisələndirilən mənzil nikahdan əvvəl iddiaçı tərəfindən əldə edilmişdir. Nikah xx.xx.2024-cü il tarixli qətnamə ilə pozulsa da, cavabdeh mənzildə yaşamağa davam edir. Halbuki Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Hazırki iş üzrə cavabdehin mübahisələndirilən mənzildən istifadə hüququ mövcud deyildir ki, ona hər hansı bir kompensasiya ödənilmədən istifadə hüququna xitam verilməsi mümkün olmasın. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki işdə isə belə hallar mövcud deyildir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən, cavabdehin maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyi halda mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh, özünü yaşayış sahəsi ilə təmin etmək imkanına malik olmayan şəxs kateqoriyasına aid edilə bilməz. Belə ki, “Azemis” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə “Mercedes Benz CLA250 minik” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmişdir. Həmçinin cavabdeh tərəfin məhkəmə iclasında bildirdiyinə görə cavabdeh özünəməxsus nəqliyyat vasitəsini 12000 manata satmışdır. Eləcə də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə cavabdeh keçmiş ərindən birgə nikah dövründə əldə edilmiş nəqliyyat vasitəsinə görə 40000 manat pul tələb edir. Həmçinin iddiaçı tərəfin izahatına görə iddiaçının atası "xxxx" MTK-dan ev alaraq cavabdehə yaşamaq üçün verməyi təklif etsə də cavabdeh bunun qəbul etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili isə bunu, evin uşağın adına rəsmiləşdirilməsini tələb etsələr də, iddiaçı tərəfin razılaşmaması ilə izah etmişdir. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün mənzildən müəyyən müddətə istifadə hüququnun müəyyən edilməsi üçün zəruri olan şərtlərə formal yanaşılmamalı, mülkiyyət hüququnun toxunulmazlığı və qorunmasının vacibliyi nəzərə alınmaqla işin diqqətə layiq bütün halları ətraflı araşdırılmalıdır. Hazırki işdə isə yuxarıda qeyd edilən hallar cavabdehin özünü yaşayış sahəsi ilə təmin etmək imkanına malik olmayan şəxs hesab etməyə əsas vermir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan və onun mülkiyyətindən sərbəst istifadəsi başqa şəxslərin hüquqlarını pozmadığından, cavabdehin isə mövcud vəziyyətdə mənzildən istifadə hüququ olmadığından iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildən çıxarılmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 2 saylı mənzildən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar