Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-378/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 278 manat əsas borc, 50 manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023ci illər üçün 85 manat, cəmi 413 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 oktyabr 2019-ci il tarixli MK/254-2019 saylı nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 2415 manat dəyəri olan “motosikl”ı nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 87 manat ilkin ödəniş edərək “motosikl”ı qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2328 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh nisyə satış müqaviləsinə əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4-cü bəndini pozmuşdur. Bununla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 278 manat əsas borcu, 50 manat penya borcu, cəmi 328 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Cavabdeh 28 oktyabr 2019-ci il tarixli MK/254-2019 saylı nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2021-ci il tarixdə 50 manat, ümumilikdə 2137 manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfuz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı MMC-yə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8% müəyyən etmişdir. 2023-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 9% müəyyən etmişdir. 2024-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% müəyyən etmişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində 2021-ci il üçün 19 manat (278*7%=19 manat), 2022-ci il üçün 22 manat (278*8%=22 manat), 2023-cü il üçün 25 manat (278*9%=25 manat), 2024-cü il üçün 19 manat (278*7%=19 manat), cəmi 85 manat təşkil edir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bütün borcu ödədiyini, heç bir borcu qalmadığını, üzərindən xeyli vaxt keçdiyindən ödəniş qəbzlərini saxlamadığını bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MK/254- 2019 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 2415 manat olan “Moped” adlı məhsulu 24 ay müddətinə, aylıq 97 manat ödəmə şərtilə almışdır; - xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 87 manat ilkin ödəniş, ümumilikdə isə 2137 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə onun 278 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi borcu 328 manat təşkil edir; - Dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alğı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 278 manat, cərimə borcuna görə 50 manat olmaqla, cəmi 328 manat borcu yaranmışdır. Hazırda iddiaçı qeyd edilən borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də, o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Cavabdehin bütün borcu ödəməsinə dair etirazına münasibətdə məhkəmə qeyd edir ki, borcun ödənildiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Hazırki iş üzrə cavabdeh isə borcun tam ödənildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 10 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə iddiaçının, Mülki Məcəllənin 449-cu maddəsinə uyğun olaraq, bank uçot dərəcəsi tətbiq edilməklə faiz borcunun tutulması tələbi ilə bağlı qeyd edir ki, tələb həmin hissədə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin tətbiq edilməsi üçün zəruri şərt özgənin pul vəsaitindən faydalanmaqdır. Hazırki işdə isə iddiaçı bu halı təsdiq edə biləcək hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 278 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 288 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutularaq İddiaçı MMCyə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 278 manat, cərimə borcuna görə 10 manat olmaqla, cəmi 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-378/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-378/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver