Məhkəmə qərarları › İş №e-2(005)-3808/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3808/2022

23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3808/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-3808/2022 nömrəli qərardadından Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 525 məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3808/2022 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mübahisənin predmeti Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hüquqi şəxs olan Cavabdeh2 MMC-yə məxsus və etibarnamə olmadan idarə edilmiş nəqliyyat vasitəsinin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə ödənilmiş məbləğlərin geri qaytarılması ilə bağlıdır. Mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan ümumi məhkəmələrdə baxıla bilməz. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-3808/2022 saylı qərardadından şikayət verərək onun ləğv olunmasını, iddia ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh MMC kommersiya hüquqi şəxsi olmaqla, lizinq müqaviləsi əsasında mülkiyyətində olan avtomobillərin alqı-satqısı, habelə icarəsini təşkil etməsinə və hazırkı mübahisə üzrə digər cavabdeh tərəfindən idarə olunmuş avtomobili lizinq müqaviləsi əsasında istifadəyə vermiş olmasına baxmayaraq, bu, onun digər cavabdehlə lizinq münasibətində olduğu, dolayısı ilə ona münasibətdə sahibkarlıq fəaliyyətini həyata keçirdiyini göstərir. Lakin bu sahibkarlıq fəaliyyətinin hazırkı mübahisə üzrə iddiaçının subroqasiya qaydasında pul tələbinə hər hansı aidiyyəti mövcud deyildir. Çünki iddiaçının cavabdeh MMC-yə qarşı subroqasiya hüququ onun sahibkarlıq fəaliyyətini həyata keçirməsindən deyil, məhz avtomobili digər cavabdehə etibarnaməsiz idarə etməyə verməsindən irəli gəlir ki, bu da Qanunun istinad olunan normalarına əsasən, sığortaçıya MMC-dən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ verir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan respublikası Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı əlaqə olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Göstərilənlər əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh2 MMC kommersiya hüquqi şəxsi yaratmaqla, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) almışlar. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri ilə bağlı isə qeyd edilməlidir ki, yuxarıda adı çəkilən Plenum Qərarına əsasən ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranmış deliktdən irəli gələn tələblərə kommersiya məhkəmələri tərəfindən baxılır. Subroqasiya tələbi isə sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə, yəni deliktə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə uyğun olaraq, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(005)-3808/2022 nömrəli qərardadı qanuni və əsaslıdır. Qərardadın ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar aşkar edilmədiyindən şikayət təmin edilməməli, şikayət 7 gün müddətində işlə birlikdə baxılmaq üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 31, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3808/2022 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 şikayəti təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar