Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3968/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair mülki iş üzrə (açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 567 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 567 ABŞ dolları) Apple İphone 13 128 gb black» markalı 1 (bir) ədəd mobil telefonu satmışdır.Müqaviləyə əsasən İddiaçı “müştəri”- Cavabdeh1 məhsulları verməyi, “müştəri” isə müqavilədə göstərilən müddətdə və qaydada məhsulların dəyərini ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və " İddiaçı olan borcunu tam qaytarmamışdır. Həmçinin, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı nisyə alqı-satqı müqaviləsinə Cavabdeh2 da zamin durmuşdur. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək alqı-satqı müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 521 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 130 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 651 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 31 manat pulun müştərək qaydada İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 567 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 567 ABŞ dolları) Apple İphone 13 128 gb black» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qralikinə əsasən nisyə satmışdır. Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı nisiyə alqı-satqı müqaviləsinə tarixində zamin durmuşdur. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 46 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yazılı etiraz ərizəsi məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Tərəflər lazımi qaydada məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmirlər.İddiaçı nümayəndəsi tərəfindən “Elektron Məhkəmə”İnformasiya Sistemi vasitəsi ilə ərizə ünvanlayaraq,məhkəmə iclasında iştirak edə bilməyəcklərini,mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları xx.xx.2025-ci il tarixli, HHA19861 nömrəli Nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, ”satıcı”- İddiaçı “Apple iphone 13 128gb black” (bundan sonra “Mal” adlanacaq) “alıcı”- Cavabdeh1 567(beş yüz altmış yeddi) ABŞ dolları qiymətinə satmışdır. Alıcı,46(qırx altı dollar) ABŞ dolları qədər hissəsini ilkin ödəniş qismində Satıcının xeyrinə ödəyir. Alıcı,ödənişin gecikdirildiyi hər gün üçün,məcmu borcun 1%(bir) həcmində Satıcının xeyrinə cərimə ödəyir. xx.xx.2025-ci il tarixli, HHA 19861 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin predmetini xx.xx.2025-ci il tarixdə bağlanmış HHA19861 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 satıcı qarşısında öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə satıcı ilə zamin Cavabdeh2 arasında yaranan münasibətlərin tənzimlənməsi təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zamin satıcının tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları sürmək hüququna malik deyildir. xx.xx.2025-ci il tarixli pretenziya (son xəbərdarlıq) məktubundan görünür ki, zamin Cavabdeh2 521 ABŞ dolları borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1/% həcmində faiz borcunun olması barədə xəbərdar edilmişdir. xx/xx-18924 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 521 ABŞ dolları əsas(qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%(bir)-i həcmində 130 ABŞ dolları cərimə, cəmi 651 ABŞ dolları borcu vardır. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 31 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
İşə baxan məhkəmənin mövqeyi:
Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin arasında nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır.Cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə, icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə, ödənilməmiş qalan əsas borca hesablanmış cəriməni tələb etməkdə haqlıdır. İş materiallarından da göründüyü kimi cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə əşyanı təhvil almış və təhvil aldığı zaman imzaladığı müqaviləyə əsasən həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclunun İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Lakin, cavabdeh alqı-satıq müqaviləsi əsasında iddiaçıdan malların təhvil alınmasına dair hüququndan istifadə etmiş, əşyaların dəyəri və həmin müqavilələr üzrə yaranan cərimə borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-Cavabdeh1 müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı Cavabdeh1 müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə, iddia üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli,xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 521 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh 130 ABŞ dolları məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də, məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 52 (əlli iki) ABŞ dolları miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında alqı-satqı hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 alıcı Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh2 zamin kimi alıcı Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və dəbbə pulu borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu da müştərək qaydada cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı müqavilə üzrə 521(beş yüz iyirmi bir) ABŞ dolları əsas, 52 (əlli iki) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 573 ABŞ dolları məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə bağlanmış HHA 19861 saylı müqavilə üzrə 521(beş yüz iyirmi bir) ABŞ dolları əsas, 52 (əlli iki) ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 573 ABŞ dolları dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul müştərək qaydada alınaraq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməməlidir. Mülki iş üzrə ödənilmiş 31 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə