Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4027/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) 1/2 hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, həmçinin həmin mənzilin yerdə qalanonların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh1 və Cavabdeh3 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsinə və onların əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47a, 7 saylı mənzil iddiaçının atası X2 xüsusi mülkiyyətində olmuşdur. N.Qasımov xx.xx.2020-ci il tarixdə başqa dövlətdə rəhmətə getmişdir. Mərhumdan sözügedən ev və qeyri-yaşayış sahəsi (qaraj) miras qalmışdır. Cavabdeh2 iddiaçının anası, digər cavabdehlər isə bacı-qardaşlarıdır. İddiaçı və cavabdehlərdən bacısı-Cavabdeh2 Azərbaycanda, anası və qardaşı isə illərdir başqa dövlətdə yaşayırlar. Cavabdeh2 mübahisəli evin çox hissəsinə mülkiyyət hüququ əldə etmək üçün iddiaçının xəbəri olmadan anasına və qardaşına təsir edərək, onlar tərəfindən onun adına etibarnamə göndərilməsinə nail olmuş, həmin etibarnamə əsasında cavabdeh notariusa müraciət edərək, mübahisəli miras əmlakın guya valideynlərinin birgə nikahı dövründə əldə olunması ilə bağlı analarının adına şəhadətnamə, eyni zamanda qanun üzrə digər vərəsəlik haqqında şəhadətnamələr alınmış, həmin şəhadətnamələrə əsasən elə eyni tarixdə də miras payın bağışlanmasına dair müqavilələr bağlanmış, bundan sonra isə həmin müqavilələrə uyğun olaraq Cavabdeh2 mübahisəli mənzilin 7/8 hissəsinə dair öz adına müvafiq çıxarış almışdır. Bununla bağlı tərəflərindən cavabdeh Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair digər Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(007)-3785/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Tərəflərindən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə həmçinin yuxarıda sözügedən bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin ümumi qaydada ayrıca icraatda mübahisələndirmək hüququnun olması izah edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırkı iddianı xx.xx.2022-ci il tarixdə qaldırsa da, mübahisələndirdiyi hər iki müqavilənin mövcudluğundan xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə sorğuya cavab əsasında məlumatlı olmuşdur, belə ki, iddiaçı iddia ərizəsinə əlavə etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubu xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli olmaqla məktublarda mübahisələndirilən müqavilələri barədə məlumat verilmişdir. Həmin əqdlərin mübahisələndirilməsi üçün iddiaçının qanunla müəyyən edilmiş bir illik müddəti ötürdüyü görürnür. İddiaçı mübahisələndirdiyi müqavilələrin bağlanmasından bir ildən artıq vaxt keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Bunları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddiası üzrə mülki qanunvericiliyin tələblərinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin tamamilə əsassız və qanunsuz olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3, və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 21 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 21 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv, qərəzsiz və tam araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Mülki işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, №**********35 saylı məktubunun məzmunundan görünür ki, Cavabdeh2 adına ünvan 1, 7 saylı mənzilin 7/8 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir, həmin mənzilin 1/8 hissəsi isə X2 adına açıq saxlanılmışdır. ünvan 1 ünvanında yerləşən qaraja dair X2 adına xx.xx.2005-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Cavabdeh2 və X2 adlarına respublika üzrə qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3521/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış ünvan 1, 7 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, №**********01 saylı məktubunun məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzil ilkin olaraq xx.xx.2022-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-36, 2V-35 reyestr nömrəli 15 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 3M-380, 3M-379 reyestr nömrəli miras payın bağışlanması müqavilələri, 21 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-34 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında şəhadətnamələrə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzilin 7/8 hissəsi Cavabdeh2 adına əsmiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzil 1/8 hissə X2 adına açıq saxlanılmışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47, 7 saylı mənzilin 7/8 hissəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 verilmiş 313804 saylı, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmakın Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X3 verilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzil X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış miras payın bağışlanması müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-36 reyestrlə onlara verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların hər birinə düşən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin 1/8 hissəsini Cavabdeh2 bağışlamışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış miras payın bağışlanması müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh1 Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-34 reyestrlə ona verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47a, 7 saylı mənzilin 1/2 hissəsini Cavabdeh2 bağışlamışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyyən olunan işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının atası X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş,, onun xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzil (yeni qaydalarla:Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2,m3) miras qalmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 (iddiaçının anası) miras mənzilin 1/2 hissəsi üçün mülkiyyət haqqında şəhadətnamə verilmiş, qalan 1,2 hissə qanun üzrə vərəsələr arasında bərabər paylara bölünməklə cavabdehlər Fərzanə, Murad, Fidan Qasımovların hər birinin mənzilin 1/8 hissəsində qanun üzrə vərəsəlik qaydasında pay hüquqları olduğu müəyyən edilmiş, İddiaçı müraciət etmədiyindən ona şatası pay, yəni 1/8 hissə açıq saxlanılmışdır. Eyni tarixli miras payın bağışlanması müqaviləsi ilə şəhadətnaməyə əsasən ona düşən ½ hissəsini digər cavabdeh – Cavabdeh2 (iddiaçının bacısı) bağışlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3521/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, Bakı şəhəri 21 saylı Notariat Ofisi tərəfindən mərhum X1 miras qalmış Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 47 a, 7 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) mülkiyyət hüququ haqqında 15 aprel 2021-ci il tarixli şəhadətnamə etibarsız hesab edilmişdir. Hazırda mülki iş üzrə iddiaçı məhkəmədə iddia qaldıraraq, qanuni qüvvəyə minmiş qətnamə ilə etibarsız hesab edilmiş şəhadətnamənin hüquqi nəticələrinin – bağlanmış miras əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsini və onların əsasında verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci madəsinə əsasən əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün əqdin subyekt tərkibinə aid edilən şərtlər, əqdin məzmununa aid edilə şərtlər, əqddə iradə və iradənin ifadə edilməsinə aid edilən şərtlər və əqdin formasına aid edilən şərtlər mövcud olmalıdır. Əqdin etibarlı olması üçün qeyd edilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarlı olmasını istisna edir. Həmin Məcəllənin bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1274-ci maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məhkəmə qeyd edir ki ,hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizə barədə qeyd edir ki, ərizə əsassızdır. Belə ki, işin materiallarından da göründüyü kimi, iddiaçı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ barədə şəhadətamənin və onun hüquqi nəticələrinin ləğvi üçün xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmə prosesləri xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qətnamə qəbul etməsi ilə yekunlaşmışdır. Sözügedən qətnamədə iddia qismən əmin edilmiş, eyni zamanda iddiaçıya miras əmlakın bağışlanması müqaviləsinin və onun nəticələrinin ləğvi üçün məhkəmədə iddia qaldırmaq hüququ izah olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Cavabdeh1 adına Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) ½ hissəsinə mülkiyyət hüququ verən xx.xx.2021-ci il tarixli şəhadətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3521/2022 saylı , xx.xx.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Beləliklə, şəhadətnamə etibarsız hesab olunduğu üçün, onun əsasında Cavabdeh1 ilə digər Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsi də etibarsızdır. Eyni qaydada mənzilin yerdə qalan – onların hər birinə düşən 1/8 hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən digər Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi də etibarsızdır. Belə ki, sözügedən mənzil birgə nikah dövründə əldə edilmiş ümumi mülkiyyət hesab edilərək, Cavabdeh1 mənzilin ½ hissədə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Buna görə də mənzilin digər ½ hissəsi 4 vərəsə: Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və İddiaçı(payı açıq saxlanılmaqla) arasında bölünmüş, buna görə də Fərzanə və Muradın 1/8 hissəsi yaranmışdır. Halbuki, artıq təsbit ediliyi kimi, mənzil birgə nikah dövründə əldə edilmiş ümumi əmlak deyil, ona görə də Cavabdeh1 mülkiyyət şəhadətnaməsi ləğv edilmişdir. Belə olan halda, vərəsələrin payları mənzilin ½ hissəsinə deyil, tam mənzilə yaranır, buna görə də mənzilin 1/8 hissədə bağışlanması barədə müqavilələr və onun nəticəsində verilmiş çıxarış də etibarsızdır və ləğv edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) ½ hissəsinin Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 47 a, 7 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsi, 30, M2, m3) Cavabdeh1 və Cavabdeh3 tərəfindən onların hər birinə düşən 1/8 hissəsinin Cavabdeh2 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş 313804 nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilsin. İddia tələbi təmin edildiyindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən tutulub iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4027/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4027/2022
22.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver