Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4043/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdehnə qarşı ("DAŞİNMAZ ƏMLAKİN DÖVLƏT KADASTRİ VƏ REYESTRİ" X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülkiyyət hüquqlarının müdafiəsi, mənzilin təhvil verilməsi, ümumi yığıncağın qərarların təhvil verilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülkiyyət hüquqlarının müdafiəsi, mənzilin təhvil verilməsi, ümumi yığıncağın qərarların təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilin və Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində ayrılmış 202 kv.m ibarət 4 otaqlı mənzilə dair MMC üzvlərinin ümumi yığıncağın qərarlarının cavabdehdən tələb edilərək iddiaçıya verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh(satıcı) və İddiaçı(alıcı) arasında bağlanmış 08 avqust 2006-ci il tarixli 58 saylı müqaviləyə əsasən satıcı Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə tikdiyi 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində ayrılmış 202 kv.m ibarət 4 otaqlı mənzili alıcının mülkiyyətinə verməyi , alıcı isə həmin mənzilin hər kv.m üçün 1400 ABŞ dolları olmaqla 282.800 ABŞ dolları pulu ödəməyi öhdəsinə götürmüşdür. Alıcı öhdəliyini tam yerinə yetirmiş, 282.800 ABŞ dollarını tam ödəmişdir. Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində ayrılmış 202 kv.m ibarət 4 otaqlı mənzilə dair MMC üzvlərinin ümumi yığıncağının qərarının iddiaçıya təqdim edilməsi, mənzilin iddiaçıya təhvil verilməsi barədə dəfələrlə cavabdehə müraciət etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən iddiaçıya bürokratik əngəllər yaradılmış, qanunsuz və əsassız olaraq cavabdeh tərəfindən imtina olunmuşdur. Hesab edir ki, cavabdehin iddiaçının tələbinə əsassız imtinası qanunsuz və əsassızdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Bakı şəhəri, Abay döngəsi 360-cı məhəllədə 2 saylı yaşayış binasının 1-ci blokunun 2-ci mərtəbəsində ayrılmış 202 kv.m ibarət 4 otaqlı mənzilin və həmin mənzilə dair MMC üzvlərinin ümumi yığıbcağının qərarlarının ona təhvil verilməsini xahiş edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında 08 iyun 2006-ci il tarixində mübahisələndirilən mənzilə dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırki tələb mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında tələblərə aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra aidiyyati üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülkiyyət hüquqlarının müdafiəsi, mənzilin təhvil verilməsi, ümumi yığıncağın qərarların təhvil verilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyati üzrə səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul (AR Maliyyə Nazirliyi Dövlət Xəzinadarlıq Agentliyi vasitəsilə, mədaxil qəbzi: **********) İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4043/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4043/2024
30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver