Məhkəmə qərarları › İş №e-2(005)-410/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-410/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-410/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdeh "xxxx" MMC-yə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “protokolun təqdim edilməsi, təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsini cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh "xxxx" MMC-yə qarşı “protokolun təqdim edilməsi, təsdiq edilməsi və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Respublika Xammal və X13 Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2015-cı il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 65000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh ilə iddiaçı və onun atası X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinə görə, kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Daha sonra kredit xətti çərçivəsində xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə əlavə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddaçı ilə cavabdeh və onun atası X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə görə, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylımənzili bank qarşısında yenidən ipoteka ilə yüklü edilmişdir. Maraqlı şəxs müqaviləni bağladıqdan sonra hər ay vaxtlı-vaxtında kredit üzrə ödənişi etsə də, sonradan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və borcu ödəməmişdir. Cavabdeh borcunu ödəyə bilmədiyi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcunu ödənilməsini tələb etmişdir. Bunun nəticəsində Xətai rayon Məhkəməsi xx.xx.2019-ci il tarixdə 2(011)- 369/2019 saylı qətnamə qəbul edərək Maraqlı şəxs xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 65000 ABŞ dolları əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 14036,46 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83216,46 (səksən üç min iki yüz on altı dollar qırx altı sent) ABŞ dolları borc, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi üzrə 5495 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017- ci il tarixinə 1065,03 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6899,03 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 29,70 manat hissəsinin tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olduğunu qərara almışdır. Həmçinin, həmin qərarda qət edilmişdir ki, tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə X5 məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylımənzilinə yönəldilməli və mənzilin ilkin satış qiyməti 160000 (bir yüz altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə edilmiş pul vəsaiti iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməlidir və əmlak hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində borclular Maraqlı şəxs, X10, X2, X6, X1 və X11 həmin məzildən çıxarılmalıdılar. Daha sonra, qeyd olunan qətnaməyə əsasən Xətai rayon Məhkəməsi tərəfindən 2(011)-369/2019 nömrəli icra vərəqəsi tərtib edilərək icra olunması üçün Xətai rayon İcra Şöbəsinə göndərilmişdir. Xətai rayon İcra Şöbəsi icra vərəqəsini icraata qəbul etdikdən sonra icraata başlamaq haqqında qərar qəbul etmiş və iddiaçıya könüllü icra üçün müəyyən müddət vermişdir. Cavabdeh könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirmədiyi üçün, icra məmuru xx.xx.2022-ci il tarixdə Hərrac Mərkəzinə ipoteka predmetinin hərracdan satılması ilə bağlı məktubla müraciət etmişdir. Xətai rayon İcra Şöbəsinin sifarişinə əsasən "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixə tutma yönəldilmiş mənzilin satılması ilə bağlı ilkin hərracın keçirilməsi təyin edilmiş, lakin hərracda iştirakçı olmadığı səbəbindən hərrac baş tutmamış elan edilmişdir. Bundan sonra, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixə təkrar hərrac təyin edilmiş, lakin təkar hərracda iştirakçı olmadığı səbəbindən baş tutmamış elan edilmişdir. Hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC “İpoteka haqqında” Qanunun 43.7-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məktubla ipoteka predmetini 102 000 manat müqabilində tələbkara təklif edir. Tərəflərindən xx.xx.2022-ci il tarixdə təklifin qəbul edilməsi barədə "xxxx" MMC məktub ünvanlanmış və xx.xx.2022-ci il tarixində "xxxx" MMC tərəfindən məktub qəbul edilmişdir. Lakin sonradan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilin 102 000 manata tərəflərindən əldə edilməsi məqsədi ilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin LPO İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi yönündə "xxxx" MMC tərəfindən heç bir addım atılmamışdır. Həmçinin qeyd edir ki, xx.xx.2022-ci il tarixli ipoteka predmetini 102 000 manat müqabilində tələbkara təklif məktubunda hansı müddətdə, hansı qaydada beh məbləğinin ödənilməsi göstərilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, rekvizitlərin göndərilməsi və hesab üzərindən ödənişlər edilməsi məqsədilə cavabdehə müraciət edilmiş, lakin onlar bu məlumatları göndərməmişdirlər, həmçinin verginin ödənilməsi üçün də onlar tərəfindən rekvizitlər göndərilməlidir və bu barədə iddiaçı onlara müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxsin nümayəndəsi və vəkili ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, prosesin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 29 mart 2022-ci il tarixli, 01/633 №-li Azərbaycan Respublikası Respublika Xammal və X9 Hafis Rafik oğlu və digərlərinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 01 №-li Bildirişin surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzilinə tutma yönəldildiyi, həmin əmlakın hərracda satılmalı olduğu və hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-da ünvan 1 ünvanında keçiriləcəyi barədə tərəflər xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş 04 may 2022-ci il tarixli, 01/935 №-li Azərbaycan Respublikası Respublika Xammal və X9 Hafis Rafik oğlu və digərlərinə ünvanlanmış açıq hərracın keçirilməsinə dair 02 №-li Bildirişin surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzilinə tutma yönəldildiyi, həmin əmlakın hərracda satılmalı olduğu və hərracın xx.xx.2022-ci il tarixdə saat 11:00-17:00-dək ünvan 2 ünvanında keçiriləcəyi barədə tərəflər xəbərdar edilmişlər. İş materiallarına əlavə edilmiş 17 may 2022-ci il tarixli, 01/1044 №-li Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə X4 Hafis Rafik oğlu və digərlərinə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair Təklifdən görünür ki, Xətai Rayon İcra Şöbəsinin 17/74 № 102474/20-23 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai Rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 102.000 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda AR Mülki Məcəlləsinin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol təqdim olunur. Nəzərə alınsın ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 2018-ci il 30 noyabr tarixli 1356 VDQ nömrəli qanunun 150.1.13, 150.3-1 həmçinin, 220.8, 220.8.1-ci maddələrinə uyğun olaraq alıcı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyri-yaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)- 3707/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Ləğv prosesində olan İddiaçı ASC ilə Maraqlı şəxs və X10 arasında Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilə dair 13 saylı dövlət notariat kontorunda bağlanılmış xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli ipoteka müqavilələrinə xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli **********643 saylı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Respublika Xammal və X13 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka predmeti olan X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 102.000 manata ləğv prosesində olan İddiaçı ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan İddiaçı ASC adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1514/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı hərrac protokolunun imzalanmış hesab edilməsi”nə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Nərimanov rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzili üzrə mövcud qanunvericiliyə uyğun olaraq hərracları keçirilmiş, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə tərəflərindən tələbkarın əldə etməsi üçün məktub göndərilmiş və tələbkar bank **********643 saylı, xx.xx.2022-ci il tarixli məktubla əmlakı əldə etmək üçün razılıq bildirmişdirlər. İş materiallarına əlavə edilmiş 05 sentyabr 2022-ci il tarixli **********944 saylı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Respublika Xammal və X13 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzilin 102000 manata Ləğv prosesində olan İddiaçı ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan İddiaçı ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, 14.1.2019-cu il tarixli Qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzilinə tutma yönəldilmiş, mənzilin açıq hərracdan satılması ilə bağlı "xxxx"nə sifariş vermişdir. Mənzilin satılması ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə ilkin və təkrar hərraclar keçirilmiş, lakin baş tutmamış elan edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildikdən sonra, "xxxx" MMC “İpoteka haqqında” Qanunun 43.7-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli məktubla ipoteka predmetini 102000 manat müqabilində iddiaçıya təklif etmişdir. İddiaçı tərəfindən cavabdehə məktub ünvanlanmaqla alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan İddiaçı ASC adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının müarciətinə cavab verilmədiyi səbəbindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı, iddiaçının nümayəndəsi rekvizitlərin göndərilməsi və hesab üzərindən ödənişlər edilməsi, habelə sadələşdirilmiş verginin ödənilməsi məqsədilə cavabdehə müraciət edildiyini, lakin cavabdeh tərəfindən bank rekvizitlərinin göndərilməməsi səbəbindən qeyd olunan məbləğlərin ödənilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 415.7-ci maddəsinə əsasən, onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Qanunun: 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması üçün ipoteka saxlayan və hərracın təşkilatçısı tərəfindən hərracın nəticələri haqqında protokol imzalanmaqla alqı-satqı müqaviləsinin bağlanması zəruridir. İş materiallarından göründüyü kimi hərrac baş tutmamış elan edildikdən sonra əmlak 25% az qiymətə ipoteka saxlayana – iddiaçıya təklif edilmiş, iddiaçı mənzilin əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən məktuba münasibət bildirilməməklə, daha sonra tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh tərəfindən protokolun imzalanmasından və alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilməsinin səbəblərinə dair hər-hansı sübut məhkəməyə təqdim edilməmiş, habelə cavabdehin nümayəndəsi də məhkəmə iclaslarına gəlməməklə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə məhkəmənin müraciətinə əsasən cavabdeh tərəfindən Nərimanov rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq, “X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 20 saylı evin 36 saylı mənzili üzrə mövcud qanunvericiliyə uyğun olaraq hərracların keçirildiyi, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə tələbkarın əldə etməsi üçün məktub göndərildiyi və tələbkar bankın **********643 saylı, xx.xx.2022-ci il tarixli məktubla əmlakı əldə etmək üçün razılıq bildirildiyi” qeyd edilmişdir. Bundan başqa məhkəmə işin halları üzrə təsdiq olunan xüsusiyyətləri nəzərə alaraq hesab edir ki, iddiaçının tərəflər arasında qeyd olunan müqavilənin bağlanması tələbi əmlaka dair hərracı keçirmiş cavabdeh "xxxx" MMC-nin müqavilə bağlamaqdan boyun qaçırması səbəbindən irəli gəlmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı digər tərəfi müqaviləni bağlamağa məcbur etmək tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddia tələbi təmin edilməli, İddiaçı ASC (Ləğv prosesindədir) ilə ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin bağlanması cavabdeh "xxxx" MMC-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC (Ləğv prosesindədir) ilə ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair protokolun imzalanması və alqı-satqı müqaviləsinin bağlanması cavabdeh "xxxx" MMC-yə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar