Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4218/2021 23.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı mənzilə dair sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı mənzilə dair sənədlərin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış 07 iyul 2003-cü il tarixli, 108 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 ünvanda yerləşən çoxmərtəbəli binanın “D” korpusunun 10-cu mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzilin ümumi dəyərinin iddiaçı tərəfindən tam ödənilməsini təsdiq edən maliyyə arayışının, həmin mənzilin iddiaçıya verilməsi barədə ümumi yığıncağın qərarının, protokollardan çıxarışların iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh “Xudafərin’’ MMC-nin üzərinə qoyulması və iddia ərizəsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən çoxmərtəbəli binanın “D” korpusunun 10-cu mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzil Cavabdeh MMC ilə iddiaçı arasında bağlanılmış 07 iyul 2003-cü il tarixli, 108 nömrəli müqaviləyə əsasən mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilərək alınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanını nəzərə alaraq, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən binanın 19 mart 2020-ci il tarixli 350 nömrəli qərarla dövlət tərəfindən istismarına icazə verilmişdir. Cavabdeh MMC-nin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olsa da, və qanunvericiliklə sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması prosseduru mənzil tikinti kooperativlərindən alınmış mənzillərdən fərqli olsa da belə, binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğunu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-ləri kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Bu barədə məlumat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi internet səhifəsində dərc edilmişdir. Bu səbəbdən də sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş aidiyyəti sənədlərin (maliyyə arayışı, ümumi yığıncağın qərarı, protokoldan çıxarış) Cavabdeh MMC tərəfindən iddiaçıya verilməsi zərurəti yaranmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən dəfələrlə Cavabdeh MMC-nin rəhbərliyinə müraciətlər edilib lakin sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək həmin sənədlərin iddiaçıya təqdim edilməsindən yayınır və ya ümumiyyətlə heç bir məhəl qoymur. Bu halın mövcudluğu iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb. Məhkəmə iclasında İddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan icraçı Cavabdeh ilə alıcı İddiaçı arasında bağlanmış 07.07.2003-cü il tarixli müqavilədən görünür ki, satıcı Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən çoxmərtəbəli binanın “D” korpusunun 10-cu mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzili alıcıya təhvil verməlidir. İş materiallarında olan kassa mədaxil ordeinin qəbzindən müəyyən olunur ki, İddiaçı 07.07.2003-cü il tarixli 108 saylı müqavilə üzrə 89 993 400 manat pul məbləğini cavabdehə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekrura Komitəsinin rəsmi saytından götürülən çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanını nəzərə alaraq, Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 “A” ünvanda yerləşən binanın 19 mart 2020-ci il tarixli 350 nömrəli qərarla dövlət tərəfindən istismarına sadələşdirilmiş formada icazə verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış 26 iyul 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, iddiaçı sözügedən sənədlərin 10 gün müddətində iddiaçıya təqdim edilmədiyi təqdirdə bununla bağlı aidiyyatı qurumlara müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər etmişdir. İş materiallarında olan maliyyə arayışı ilə sübut olunur ki, hazırda İddiaçı mənzilə görə heç bir borcu yoxdur. Yəni o, müqavilə üzrə öhdəliyini tam həcmdə yerinə yetirmişdir. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzilə dair sənədlər ona təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 07 iyul 2003-cü il tarixli, 108 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 ünvanda yerləşən çoxmərtəbəli binanın “D” korpusunun 10-cu mərtəbəsində, 2 otaqdan ibarət, ümumi sahəsi 122,44 kv.m təşkil edən mənzilin ümumi dəyərinin iddiaçı tərəfindən tam ödənilməsini təsdiq edən maliyyə arayışı, həmin mənzilin iddiaçıya verilməsi barədə ümumi yığıncağın qərarı və protokollardan çıxarışların İddiaçı təqdim edilməsi "Xudafərin’’ MMC-nin üzərinə öhdəlik olaraq qoyulsun. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-4218/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-4218/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver