Məhkəmə qərarları › İş №e-2(005)-4383/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4383/2023

04.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4383/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı Ərizəçi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Qarabağ müharibəsində batalyon komandiri vəzifəsində olması, SSRİ dövründəki hərbi xidməti, 2012-ci ilə kimi sərəncamda olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1978-ci ildən 4 illik hərbi hazırlıq kursunun sonucu olaraq leytenant, 1986-cı ildən baş leytenant hərbi rütbəsini almışdır. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, 1991-93-cü illərdə Qarabağ uğrunda döyüşlərdə batalyon komandiri vəzifəsində iştirak etmişdir. Lakin bu vəzifə şəxsi işinə yazılmayıb. Batalyon-tabur komandiri olmasını Müdafiə Nazirliyinin Mərkəzi Hərb hospitalı xx.xx.1993 tarixli, 296 saylı arayışla təsdiq edib. Arayışda yazılır: “Verilir ondan ötrü ki, 16075 saylı h/h baş leytenantı batalyon komandiri X2 həqiqətən 22 mart 1993 ildən 16 aprel 1993 ilədək Azərbaycan Respublikası MN MHH-da Azərbaycan Respublikasının müdafiəsi zamanı baş beyinin silkələnməsi, ağır dərəcəli, qapalı kəllə-beyin travması diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur”. Eyni zamanda DİN Daxili Qoşunlarının qərargah rəisi V.B. Dzarasov 22 may 1999 tarixli 19/299 №-li, hərbi tibb şöbəsinin rəisi S.Rüstəmov xx.xx.1998 tarixli DİN rəhbərliyinə arayış xarakterli cavabla sərəncamda olan batalyon komandiri olmasını təsdiq ediblər. DİN DQ-nin qərargah rəisi, polkovnik V.B Dzarasov xx.xx.1999 tarixli məktubla DİN-in müavini, general-mayor Əsgər Ələkbərova yazıb: “Daxili Qoşunların sərəncamında olan baş leytenant X1 1993-cü ilin yanvarında Ağdərədə şifahi əmrlə desant-hücum taborunun komandiri təyin olunmuşdur.” Hərbi biletində olmayan kimya müdafiə bölüyünün komandir müavini olması yazılıb. Halbuki o, desant hücum taburunun komandiri olmuş, “kimya döyüşçüsü” olmamışdır, ümumiyyətlə belə termin yoxdur. Ona ilk zabit rütbəsi veriləndə də hərbi biletində rusca “komandir motostrelkovoqo vzvoda”, yəni “motoatıcı taqımın komandiri” vəzifəsi yazılıb. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayanda, hərbi biletini alıb, xidməti vəsiqə veriblər. Həmin hərbi biletdə hüquqi əhəmiyyət daşıyan keçmiş SSRİ ordusunda Azərbaycandan qıraq yerlərdə hərbi toplanışlarda həqiqi hərbi xidmətdə olması qeyd edilmişdi. Onun DİN DQ-nin sərəncamında, səfərbərlik xidmətində ehtiyatda olmasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin verdiyi xx.xx.2013 tarixli, 126 saylı arayış, DİN DQ-nin qərargah rəisi V.B. Dzarasovun verdiyi xx.xx.1999 tarixli, hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun verdiyi xx.xx.1998 tarixli arayışlar sübut edir. Lakin bu hüquqi əhəmiyyət daşıyan faktlar şəxsi işinə yazılmayıb, şəxsi işindən it-bata salınıb. Xidmətinin çox hissəsi Müdafiə Nazirliyində, keçmiş SSRİ ordusunda olub. Onun Qarabağ müharibəsində batalyon-tabur komandiri vəzifəsində olması, SSRİ dövründəki hərbi xidmət, 2012-ci ilə kimi sərəncamda olması faktının müəyyən edilməsi pensiyasının tabur komandiri vəzifəsinə uyğun olaraq artıq məbləğlə hesablanması, xidmət illərinə görə əlavənin məbləğinin artırılması üçün mühüm əhəmiyyət daşıyır. Hazırda onun vəzifə maaşı cəmi 530 manatdır, halbuki bu maaş sıradan döyüşçü əsgərin təminatından da azdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 14-cü bəndində göstərilmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun 2.0.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), həmçinin inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən isə hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Qeyd edilən qanunvericilik normalarının və Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının məzmunundan da göründüyü kimi, hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə və digər hərbi xidmətlə bağlı hüquqi əhəmiyyətli faktların məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir. Xüsusi icraat qaydasında verilmiş ərizədən isə göründüyü kimi, ərizəçi Qarabağ müharibəsində batalyon komandiri vəzifəsində olması, SSRİ dövründəki hərbi xidməti, 2012-ci ilə kimi sərəncamda olması faktının müəyyən edilməsini xahiş edir. Həmin hal isə yalnız müvafiq hərbi idarə orqanları tərəfindən müəyyən edilə bilər. Belə ki, ərizəçi göstərilən tələblə ilk növbədə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə) müraciət etməlidir. Əgər müvafiq inzibati orqan tərəfindən müraciəti təmin edilməzsə, belə olan halda ərizəçi, qanunvericiliyin tələblərinə uyğun olaraq məcburetmə və ya mübahisələndirmə haqqında iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, mübahisə mahiyyətinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinin tələbinə əsasən isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, ərizə və əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalı, ərizəçiyə müvafiq tələblə inzibati orqana müraciət etmək, müraciəti təmin edilmədiyi halda aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi İddiaçı ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, müvafiq tələblə inzibati orqana müraciət etmək, tələbi təmin edilmədiyi halda aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar