Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-457/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (oğlu) X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Şəmsəddin oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes- Benz E 220D” markalı **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin Cavabdeh alınaraq onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, “Mercedes-Benz E 220D” markalı, **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi və nəqliyyat vasitəsinin Cavabdeh alınaraq onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, pul vəsaitinə şəxsi ehtiyacı yarandığı üçün mülkiyyətində olan qeyd edilən nəqliyyat vasitəsini satmaq qərarına gəlib və elanları turbo.az saytında yerləşdirmişdir. Elan yerləşdiriləndən sonra bir nəfər zəng vurmuş və nəqliyyat vasitəsini almaq üçün gəlmiş və atasının da baxmasını bildirmişdir. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün 30 avqust 2022-ci il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilmişdir. BB242164 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Mercedes-Benz E 220D” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə imzalandıqdan sonra Cavabdeh alınmış nəqliyyat vasitəsinə görə ona ödənilməli olan pulu verməmişdir. Bundan sonra o, dərhal 102 çağrı mərkəzinə zəng vuraraq şikayət etmişdir. Nəqliyyat vasitəsi rəsmiləşdiriləndən sonra ödənişin verilmədiyini görüb dərhal alğı-satqının dayandırılmasını tələb edib və bununla bağlı 102 xidmətinə zəng vurub. Həmin vaxt nəqliyyat vasitəsini də həmin şəxslər götürüb gedib. O, onlara nəqliyyat vasitəsini verməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə tərəfindən şikayət verilmişdir. Araşdırma aparılmış və nəqliyyat vasitəsinə görə ödənilməli olan məbləğin ona verilmədiyi müəyyən edilmişdir. Eyni zamanda İddiaçı məhkəməyə yazılı mülahizələrini təqdim edərək bildirmişdir ki, məhkəmə iclası zamanı cavabdehin vəkili və nümayəndəsi əvvəl iddiaçıya ödənilməli pulun Nicat adlı şəxsə iddiaçının öz xahişi ilə verildiyini bildirilmiş, sonra isə pulun məhz iddiaçıya verilməsinə dair fikir səsləndirmişdir. Cavabdeh “Mercedes-Benz E 220D” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinin alğı-satqısına görə ödənilməli olan pul vəsaitinin iddiaçıya ödənilməsini təsdiq edə biləcək heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı nə Cavabdeh nə də Nicat adlı şəxsdən nəqliyyat vasitəsinin alğı-satqısına görə ödənilməli olan pul vəsaitini almamışdır və pulun Nicata verilməsinə dair hər hansı tapşırıq verməmişdir. Bu səbəbdən “Mercedes-Benz E 220D” markalı **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN:K2130041A952465, qara metallik rəngli nəqliyyat vasitəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin xitam edilməsi (müqaviləsinin ləğv edilməsi) və nəqliyyat vasitəsinin Cavabdeh alınaraq onun mülkiyyətinə və faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etdiyi yazılı mülahizələrinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (oğlu) X5 bildirmişdir ki, avtomobili “turbo.az” saytında satış məqsədilə yerləşdirmiş və əlaqə nömrəsi olaraq, öz nömrəsini qeyd etmişdir. Avtomobil ilə bağlı Nicat adlı şəxs onunla əlaqə saxlamış, avtomobilə baxış keçirmiş və avtomobili bəyəndiyini, lakin dayısının da avtomobilə baxmaq istədiyini bildirmişdir. Daha sonra avtomobil ilə avtosalona getmişlər. Orada avtomobilə Nicat, Ramiz və Toğrul baxmışlar. Nicat ona Toğrulun atası Ramizi dayısı kimi təqdim etmişdir. Daha sonra Toğrul və Nicat ilə avtomobili yoxlatdırmaq üçün servisə getmişlər. Avtomobildə hər hansı problem çıxmamış, Nicat avtomobili almaq istədiyini bildirmiş və sənədləşdirmə işlərini həyata keçirmək üçün Qaraçuxura yola düşmüşlər. Bu zaman Nicata zəng gəlmiş, Nicat ona avtomobilin pulunu dayısının ona verəcəyini, lakin hazırda pulu verə bilmədiyi üçün sənədləşdirməni həyata keçirə bilməyəcəklərini bildirmişdir, o isə razılaşmışdır. Onlar avtomobilin Nicat üçün alındığı bildirilmişdir. Nicat ona 100 manat məbləğində beh vermək istədiyini bildirmiş, beh məbləği az olduğundan atası ilə əlaqə saxlamış, atası isə beh ilə razılaşaraq onu götürməsini təklif etmişdir. Avtomobil atasının adına olsa da, ümumi etibarnaməsi olduğundan atasının adından bütün hərəkətləri özü həyata keçirmişdir. Daha sonra Nicat ona yazaraq, avtomobili gətirməsini istəmiş, işi olduğu və məbləğ böyük olduğu üçün nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi məqsədilə Baş Dövlət Yol Polis İdarəsinə atası getmiş, rəsmiləşdirilmə zamanı pulun alğı-satqı müqaviləsinin imzalanmasından sonra çatdırılacağı vədi verilmiş, lakin imzadan sonra atasına pul verilməmiş, atası alğı-satqı hərəkətlərinin dayandırılmasını tələb etsə də, bunun mümkün olmadığı bildirilmişdir. Bundan sonra atası 102 çağrı mərkəzinə zəng vuraraq şikayət etmişdir. Eyni zamanda atası könüllü şəkildə avtomobili verməmişdir. Pulu verilmədiyindən maşının geri qaytarılmasını xahiş etsə də, qarşı tərəf avtomobili götürərək qaçmışdır. Hətta əşyaları, sənədləri, eynəyi maşında qalmış, maşının ikinci açarının onda olmasına baxmayaraq Toğrul dərhal maşının qapısını bağlayaraq sürüb getmişdir. Toğrul və Nicat dost olmuşlar, onlar birləşərək maşını ələ keçirmişlər. Bunu təsdiq edən fotoşəkillər və instagram səhifələrindən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Şəkillərdən görünür ki, Nicat Toğrulun maşınını sürüb onunla şəkil çəkdirib instagram səhifəsində paylaşırdı. Bu onların dost münasibətlərini təsdiq edir. Bizim Nicatı əvvəldən tanımamağımız məhkəməyə təqdim edilən yazışmalardan da aydın şəkildə görünür. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 Şəmsəddin oğlu iddia tələbini qəbul etməyərək izahatlarında bildirmişdir ki, iddiaçı onun şikayəti üzrə AR DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində başlanılmış və hazırda da davam edən cinayət işi materiallarını məhkəmədən gizlətməyə çalışır. AR DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində verilən ifadalər dürüst ifadələr olmuşdur. Orada iddiaçı müqaviləni oxumamışdım, daha sonra müqavilədə Toğrulun soyadının yazıldığını gördüm deyə zidd ifadələr vermişdir. İddiaçının iddia etdiyi dəlillər sözdən ibarətdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi bildirir ki, avtomobil Nicata satılmışdır. Lakin iddiaçı Xanlar isə müqavilədə Toğrulun adının qeyd edildiyini bildirir. İddiaçı məhkəməyə sübut kimi sözləri təqdim edir. İddiaçı tərəfindən sübutlar təqdim edilmir. İddiaçı ilkin tələbində müqavilənin etibarsız hesab edilməsini, hazırda isə müqavilənin ləğv edilməsini xahiş edir. İddiaçı 102 çağrı mərkəzinə müraciəti zamanı bildirir ki, onu Nicat aldadaraq pulu verməmişdir. Cavabdeh Toğrul pulu iddiaçıya vermişdir. İddiaçı isə öz imzası ilə pulu almasını təsdiq etmişdir, iddiaçının pulu almadan müqaviləni imzalamasına dair hər hansı sübutu yoxdur, iddiaçı müqavilənin Toğrul tərəfindən imzalandığını da təsdiq edir. Hesab edir ki, müqavilə pulun ödənildiyini sübut edir və mötəbər sübutdur. İddiaçı müqaviləni imzalayaraq, 65000 ABŞ dollarını aldığını təsdiq etmişdir. Həmin məbləğ özü də müqavilədə qeyd edilmişdir. İddiaçının nümayəndəsi də izahatında bildirdi ki, 100 ABŞ dolları məbləğində beh də Xanların icazəsi ilə Nicat tərəfindən iddiaçının nümayəndəsinə təqdim edilmişdir. Cavabdeh eyni qaydada 65000 ABŞ dollarını da Nicata Xanlara verməsi üçün təqdim etmişdir. İddiaçı pulu almasa idi, müqaviləni imzalamazdı. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin BB242164 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220D” markalı, 2021-ci il buraxılışlı, **-XS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində İddiaçı adına qeydə alınmışdır; xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Mercedes Benz E220D” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh 65000 ABŞ dolları müqabilində satılmışdır; “Mercedes Benz E220CDİ” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışından görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes Benz E220D” markalı, 2021-ci il buraxılışlı, **-XS-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində sonuncunun adından alğı-satqı müqaviləsi əsasında qeydiyyatdan çıxarılaraq Cavabdeh adına qeydiyyata alınmış və nəqliyyat vasitəsinə yeni – **-CY-*** dövlət qeydiyyat nişanı verilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2022-ci il tarixli 003-22787/222 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə “102” xidmətinə zəng edərək, Nicat Rəhimov tərəfindən aldadılaraq özünə məxsus “Mercedes” markalı Az **-CY-*** dövlət qeydiyyat nömrəli avtomobilinin Cavabdeh satılması və pulunun ələ keçirilməsi barədə məlumat vermişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 007-17232-1222 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) xx.xx.2022-ci il tarixdə cinayət işi başlanılaraq iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X7 istintaq orqanından gizləndiyindən onun barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə qiyabi olaraq həbs qətimkan tədbiri seçilib beynəlxalq axtarışa elan edilmişdir; Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq olunan cinayət işi üzrə İddiaçı, X2, X1 və X3 yazılı izahatlarının təsdiq edilmiş surətləri təqdim edilmişdir; Məhkəmə iclasında cavabdehin nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, Toğrul ilə 4 ildir ki, dostdur. 2022-ci ilin aprel ayında Toğrula zəng edib harda olduğunu soruşmuş, o isə avtosalonda olduğunu və ora yaxınlaşmağını bildirmiş, Toğrul ilə atası Ramiz əmi avtosalonda avtomobil barədə söhbət etmiş, daha sonra avtomobili Nicat adında oğlan gətirmiş və onlar avtomobilə baxmaq üçün çölə çıxmışlar. Avtomobili Nicat adında oğlan və tanımadığı digər oğlan gətirmişdi. Ramiz əmi avtomobilə baxış keçirmiş, daha sonra Ramiz əmi avtomobilin xoşuna gəldiyini demiş, sonra isə Ramiz əmi, Toğrul, Nicat və maşını satan şəxs içəri girərək, danışaqlar aparmağa başlamışlar. Avtomobilin sahibi ilə telefon vasitəsilə danışmışlar və avtomobili 65000 ABŞ dollarına aİmaq istədiklərini bildirmişlər. Telefonun sahibi isə problem olmadığını demişdir. Bu zaman Ramiz əmi maşını satan şəxsə 200 ABŞ dolları məbləğində beh vermişdir. Daha sonra isə Nicat, Toğrul və digər şəxs avtomobili yoxlatdırmaq üçün servisə aparmışlar. Ramiz əmi servisə getməmişdir. Hadisənin servisdən sonrakı mərhələsindən xəbəri yoxdur. Toğrul daha sonra hadisələri danışaraq, nələr baş verdiyini ona demişdir. O zaman qədər Nicatı görməmiş, tanımamışdır. Nicatın Toğrul ilə bir məhəllədə qalmasından xəbəri olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Mercedes Benz E220D” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən o, mülkiyyətçisi olduğu həmin nəqliyyat vasitəsini 65000 ABŞ dolları müqabilində Cavabdeh satmışdır. Hazırda iddiaçı nəqliyyat vasitəsinə görə ona ödənilməli olan pulun cavabdeh tərəfindən ona verilmədiyinə əsaslanaraq Cavabdeh ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş edir. Alğı-satqı müqaviləsinin anlayışını müəyyən edən Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 598.1 və 598.2-ci maddələrinə uyğun olaraq, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında müqaviləyə xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarına aydınlıq gətirərək vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Hazırkı iddia ərizəsindən, tələbin mahiyyətindən, iddiaçının məhkəməyə təqdim etdiyi yazılı mülahizəsindən, eləcə də iddiaçının izahatından görünür ki, iddiaçının iddia ərizəsinin verilməsində əsas məqsədi cavabdeh tərəfindən ona ödənilməli olan pulun verilmədiyinə, yəni müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyinə əsaslanmaqla əqddən – xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən” irəli gələn hüquqi münasibətlərin birtərəfli qaydada aradan qaldırılması, yəni müqavilədən imtina etməklə ona xitam verilməsidir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlir ki, hazırkı işdə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin alğı-satqı müqaviləsinə dair yuxarıda qeyd edilən maddələri ilə yanaşı, 421.3-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 447.2-ci maddəsinə uyğun olaraq, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırılırsa tərəf müqavilədən əlavə müddət təyin edilmədən və ya xəbərdarlıq edilməsi zərurəti olmadan imtina edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 423.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Hazırki iş üzrə əsas aydınlaşdırılmalı olan hal isə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilibedilməməsinin müəyyənləşdirilməsidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən göründüyü kimi, “Mercedes Benz E220D” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh 65000 ABŞ dolları müqabilində satılmışdır. Cavabdeh pulun iddiaçıya çatdırıldığını, müqavilədə pulun alındığının göstərildiyini, pulu almadan müqaviləyə imza atmasının mümkün olmadığını bildirsə də, iş materialları, tərəflərin izahatları, eləcə də cinayət işinin materialları ilə pulun iddiaçıya çatdırılmadığı öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində X7 barəsində istintaq olunan cinayət işi üzrə tərəflərin, xüsusilə cavabdehin (həmçinin onun atası X1) izahatlarından da pulun iddiaçıya verilmədiyi, X4 verildiyi müəyyən edilmişdir. Eyni zamanda işin məhkəmə araşdırılması zamanı məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili ziddiyyətli ifadələr verərək, gah pulun Xanlara verildiyini, gah da Nicata verildiyini, Nicatın isə Xanlara verdiyini iddia etmişdir. Həmçinin qeyd edilməlidir ki, hazırki işin halları, cinayət işi üzrə alınmış izahatlarla təsdiq olunmuş və öhdəliyin icra edildiyi bildirilən Nicat ilə Cavabdeh tanışlıq əlaqələri, birbirlərini daha əvvəldən tanımaları, cavabdehin maşın satışı ilə məşğul olması (bu səbəbdən maşının satılması ilə bağlı qaydaları daha yaxşı bilməli olması) kimi hallar diqqətçəkən məqamlardır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 433.1-ci maddəsinə görə, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 433.2 və 433.3-cü maddələrinə əsasən isə əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Sadalanan normaların qarşılıqlı təhlili əsasında belə nəticəyə gəlinir ki, öhdəlik ixtiyarı çatan şəxsə icra edilməlidir və icranı qəbul edən şəxsin ixtiyarlı şəxs olub-olmasını araşdırmaq vəzifəsi borclunun üzərinə düşür. Belə ki, borclu öhdəliyi başqa şəxsə icra edərkən onun ixtiyarlı olub-olmamasını təsdiq edən sübutları tələb etməlidir. Borclu öhdəliyi ixtiyarlı şəxsə icra etmədiyi halda bunun riskini də məhz o daşıyır. Beləliklə, məhkəmə cavabdeh tərəfindən öhdəliyin ixtiyarlı şəxsə icra edildiyini təsdiq edən hər hansı subutun təqdim edilmədiyini və iş materialları ilə həmin halın (ixtiyarlı şəxsə icra edilməsi halının) öz təsdiqini tapmadığını nəzərə alaraq hesab edir ki, pulun cavabdeh tərəfindən Nicat Rəhimova verilməsi xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə “Mercedes Benz E220D” markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin ixtiyarlı şəxsə icra edilməsi halı kimi qəbul edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh pulun iddiaçının göstərişi ilə Nicat Rəhimova verildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Şahid ifadəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, şahid X6 avtosalonda Cavabdeh atası Şirinov Ramizin 200 dollar behi maşını satan şəxsə verdiyini gördüyünü və həmin vaxt orada olduğunu bildirsə də, ilk hazırlıq iclaslarında cavabdehin özünün təqdim etdiyi CD diskdə əks olunmuş video görüntü ilə və iddiaçının izahatları ilə həmin hal təkzib olunur. Belə ki, vediogörüntüdən görünür ki, salonda Cavabdeh, Şirinov Ramiz və Rəhimov Nicat olmuş, beh isə Nicata verilmişdir. Həmçinin şahid beh verilən şəxsin maşını satan şəxs olduğunu bildirsə də, məhkəmə iclasında iddaçını və ya onun nümayəndəsi olan oğlunu tanımamışdır. Göründüyü kimi şahid ifadəsi ziddiyyətli olduğundan məhkəmə onu mötəbər sübut kimi qəbul edə bilməz. İddiaçının müqavilənin ləğvinə dair tələbi ilə əlaqadar qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında gəldiyi nəticəyə görə, Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq müqavilədən imtina birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Belə ki, iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, iddiaçı nəqliyyat vasitəsinin pulu ona çatmadığından alğısatqı müqaviləsi bağlandıqdan sonra həmin gün maşının geri qaytarılmasını, alğı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etməklə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı iddiasında müqavilənin ləğv edilməsini xahiş etsə də, qarşı tərəfə iradə ifadəsi bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunduğundan, göstərilən hallar müqavilənin ləğv edilmiş hesab edilməsi, yəni müqavilədən imtina edilməklə xitam verilməsi barədə qətnamənin çıxarılmasına əsas verir və bu xüsusat iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Beləliklə, göründüyü kimi, iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin digər hissəsi,nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətinə qaytarılması tələbi üzrə geniş əsaslandırma aparılmasına zərurət yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi həmin tələbdən törəmə digər tələblərin də, yəni iddianın nəqliyyat vasitəsinin Cavabdeh alınaraq iddiaçının mülkiyyətinə və faktiki sahibliyinə verilməsi hissəsində də əsaslı olduğunu göstərir. Məhkəmə “iddia tələbinə bağlılıq” prinsipini qəbul etsə də, hüququ pozulmuş şəxsin hüquqlarının bərpasının zəruriliyi, qəbul edilmiş məhkəmə qətnaməsinin icrasının mümkünlüyü, prosessual qənaət prinsiplərini nəzərə alaraq hesab edir ki, xitam verilmiş müqavilənin hüquqi nəticələri aradan qaldırılmalı, yəni cavabdehin adına verilmiş şəhadətnamə ləğv edilməli və nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, “Mercedes-Benz E 220D” minik markalı, **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465 nömrəli nəqliyyat vasitəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmiş (xitam verilmiş) hesab edilməli, xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin hüquqi nəticələri, yəni Cavabdeh adına verilmiş “Mercedes-Benz E 220D” minik markalı, 2021-ci il buraxılışlı nəqliyyat vasitəsinə dair BA207508 nömrəli, xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsi ləğv edilməli, nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilməli və nəqliyyat vasitəsi Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı sahibliyinə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. “Mercedes-Benz E 220D” minik markalı, **-XS-*** (hazırda **-CY-***) dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465 nömrəli, qara metallik rəngli nəqliyyat vasitəsinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmiş (xitam verilmiş) hesab edilsin. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin hüquqi nəticələri, yəni Cavabdeh adına verilmiş “Mercedes-Benz E 220D” minik markalı, 2021-ci il buraxılışlı nəqliyyat vasitəsinə dair BA207508 nömrəli, xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsi ləğv edilsin. “Mercedes-Benz E 220D” minik markalı, 2021-ci il buraxılışlı, BAN: W1K2130041A952465 nömrəli, qara metallik rəngli nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququ bərpa edilsin və nəqliyyat vasitəsi Cavabdeh alınaraq mülkiyyətçisi İddiaçı sahibliyinə verilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-457/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-457/2023
01.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver