Məhkəmə qərarları › İş №e-2(005)-465/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-465/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-465/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi və əmlakın mülkiyyətə geri qaytarılması tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC-yə qarşı hərracın nəticələrinin ləğv edilməsi və əmlakın mülkiyyətə geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Respublika Xammal Və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilmiş 16 oktyabr 2020-ci il tarixli hərracın nəticələrini ləğv edib, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evini İddiaçı mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 4 saylı notariat kontoru tərəfindən çıxarılan 79637/xx-xx-154722 saylı 15 iyul 2020-ci il tarixli icra qeydinə əsasən Səbail rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə cavabdeh "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı evi Sərraf-N” MMC tərəfindən 480 000 manat qiymətləndirilməklə, hərraca çıxarılmışdır. Belə ki, İddiaçı əmlakın qiymətləndirilməsində iştirak etməyib, və yuxarıda göstərilən ekspert rəyi iddiaçıya təqdim edilməmişdir. O, qiymət barədə məlumatı Səbail rayon İcra və Probasiya Şöbəsinə yaxınlaşdığından sonra əldə edib. Qiymətləndirmənin keçirilməsinə təyin edilmiş komissiyasının üzvləri sözügedən evinə daxil olmadığından qiymətləndirmə rəyi çıxardıblar və İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı evi xeyli aşağı qiyməti ilə qiymətləndirilib. Həmin əmlak 480000 manata hərraca çıxarılsa da, öz alıcısını tapmamış və banka təklif edilmişdir. Əlavə qiymətləndirmənin nəticələrindən narazı qalan iddiaçı qanunvericiliyə əsasən qiymətləndiricinin hesabatının nəzərə alınmaması, yenidən qiymətləndirmə həyata keçirilməsi ilə bağlı icra məmurunun qarşısında vəsatət qaldırmaq hüququna malik olsa da, bu hüquqdan istifadə etməmişdir. Həmin əmlak hərracda satılmamış, nəticədə hərrac baş tutmamış elan edilərək daşınmaz əmlaz İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə Banka təklif edilmişdir. Hərracın yekunları haqqında 45/01 saylı 05 noyabr 2020ci il tarixli Protokola əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 saylı fərdi yaşayış evi 306000 manata Cavabdeh2 ASC tərəfindən alınmışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 04 yanvar 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evi artıq Cavabdeh2 ASC-nin mülkiyyətindədir. Məsələ ondadır ki, bütün əməliyyatlar keçirilməsi ilə paralel olaraq İddiaçı tərəfindən banka kredit borcu tam olaraq ödənilmiş, bank isə ödənilən məbləği qəbul etmişdir. Göründüyü kimi İddiaçı həm banka olan kredit borcunu və faizləri ödəmiş , həm də onun xəbəri olmadan keçirilmiş hərrac və alqı-satqı ilə əmlakı bankın mülkiyyətinə keçirilmişdir. Hal-hazırda İddiaçı banka heç bir borcu olmadığı halda, mülkü onların mülkiyyətinə keçmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbləri ilə yanaşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı evə dair Cavabdeh2 ASC-nin adına verilmiş mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarışın da ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC məhkəməyə yazılı ərizə ilə müraciət edərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Cavabdeh2 ASC tərəfindən Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3153/1 saylı icra sənədinin qaytarılması barədə ərizədən məlum olur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1857/2020 saylı icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən Bakı Kommersiya Məhkəməsinə qaytarılmasını və icra sənədinin icrasını təmin etmək üçün borclulara məxsus əmlakların üzərinə qoyulmuş bütün məhdudiyyətlərin aradan qaldırılmasını xahiş etmişdir. Cavabdeh2 ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 ASC-nin Neftçilər filialı arasında bağlanmış xx.xx.2019-ci il tarixli 032İAMR190630001 saylı Kredit Müqaviləsinə əsasən 15,000 manat, xx.xx.2019ci il tarixli 032İAMR190710001 saylı Kredit Müqaviləsinə əsasən 15,000 manat, xx.xx.2019-ci il tarixli 032İAMR190730002 saylı Kredit Müqaviləsinə əsasən 15,000 manat, xx.xx.2019-ci il tarixli 032İAMR190910001 saylı Kredit Müqaviləsinə əsasən 25,000 manat və xx.xx.2019-ci il tarixli 032İAMR191260001 saylı Kredit Müqaviləsinə əsasən 30,000 manat məbləğində kredit verilmişdir. 20 dekabr 2022-ci il tarixinə olan məlumata görə İddiaçı “Bank Respublika" ASC-nin Neftçilər filialı qarşısında qeyd olunan kredit üzrə öhdəliyi yoxdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1857/2020 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 04 mart 2019-cu il tarixli 19032-4808/702697/KL saylı kredit limiti müqaviləsi və həmin müqaviləyə bağlanmış 04 mart 2019-cu il tarixli; 12 mart 2019- cu il tarixli; 14 mart 1319-cu il tarixli; 01 aprel 2019-cu il tarixli və 06 may 2019-cu il tarixli Razılaşmalar ləğv edilsin. Cavabdehlər İddiaçı, X1, "xxxx" Aqro Şirkətindən və "xxxx" MMC-dən müştərək qaydada 04 mart 2019cu il tarixli Razılaşma üzrə 6066,53 manat məbləğində əsas kredit borcu, 533,74 manat məbləğində faiz borcu, 6,77 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3.907,04 manat məbləğində borc; 12 mart 2019-cu il tarixli Razılaşma üzrə 11437,42 manat məbləğində əsas kredit borcu, 847,71 manat məbləğində faiz borcu, 91,49 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12376,62 manat məbləğində borc; 14 mart 2019cu il tarixli Razılaşma üzrə 1177,69 manat məbləğində əsas kredit borcu, 838,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 80,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2096,49 manat məbləğində borc; 01 aprel 2019-cu il tarixli Razılaşma üzrə 19736,04 manat məbləğində əsas kredit borcu, 1477,85 manat məbləğində faiz borcu, 129,75 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21343,64 manat məbləğində borc və 06 may 2019-cu il tarixli Razılaşma üzrə 16269,35 manat məbləğində əsas kredit borcu, 2305,19 manat məbləğində faiz borcu, 67,57 manat məbləğində cərimə borcu olmaqla, cəmi 18642,11 manat məbləğində borc, ümumilikdə 61365,9 manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh2 ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-2(103)-410/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 1857/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsinə haqqında icra qeydinin surətindən görünür ki, Cavabdeh2 ASC tələbi ilə İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı fərdi yaşayış evinə öhdəlik yaradan müqaviləyə əsasən vaxtında ödənilməmiş 86704,83 manat tutma yönəldilməsi təklif olunmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ASC, Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsi və İddiaçı ünvanlanmış ipoetka predmetinin əldə olunmasına dair təklifdən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı evi “ipoetka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 306000 manat olmaqla iportka saxlayana təklif olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlkaın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci Yaşayış Massivi ünvanda yerləşən 212 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasənda 4 mart 2019-cu il tarixdə kredit və ipoteka müqavilələri imzalanmışdır. Bakı şəhəri 4 saylı notariat ofisi tərəfindən 18 iyun 2020-ci il tarixdə aparılan icra qeydinə əsasən, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan Cavabdeh2SC-nin tələbi iləipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə qeyd aparılmışdır. Səbail Rayon İcra və Probasiya şöbəsinin sifarişi ilə cabadeh "xxxx" MMC İddiaçı məxsus ipoteka predmetinin hərracının təşkilini həyata keçirib. İlk hərrac 28 sentyabr 2020-ci il tarixdə keçirilib, ilkin satış qiyməti 480000 (dörd yüz səksən min) manat məbləğində müəyyənləşdirilib. Hərrac baş tutmadığına görə təkrar hərrac 16 oktyabr 2020-ci il tarixdə keçirilib. İlkin satış qiyməti 480000-15% = 408000 (dörd yüz səkkiz min) manat məbləğində müəyyənləşdirilib. Lakin hərrac yenə də baş tutumadığına görə ipoteka predmetinin ilkin satış qiymətindən 25 faz az olmayan qiymətə, yəni 306000 (üç yüz altı min) manat məbləğinə əldə olunması ipoteka saxlayan Banka təklif edilmişdir. Bank təklifi qəbul etmiş, hərracın yekunları barədə 05 noyabr 2020-ci il tarixli yekun protokola və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tələbkar Bank tərəfindən əldə edilmişdir. 04 noyabr 2021-ci il tarixdə Bank əmlak üzərində hüquqlarını rəsmi qeydiyyatdan keçirərək, çıxarış əldə etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, hərraın nəticələri barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə ilk növbədə iddia tələbinin “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbi ilə bağlı qeyd edir ki, hərracın keçirilməsi qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra haqqına” və “İpoteka haqqında” və digər müvafiq qanunvericilik normalarının tələblərinə uyğun həyata keçirildikdə etibarlı hesab edilə bilər. Mülki işin materiallarından görünür ki, hərracın keçirilməsi barədə İddiaçı lazımi qaydada məlumatlandırılmamışdır. Belə ki, hərrac təşkilatı ipoteka qoyana bildirişin göndərilməsi və kütləvi informasiya vasitələrinə elanın dərc edilməsi ilə bağlı müddəaları pozaraq, müddətlərə riayət etməmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Lakin mülki işin materiallarına əlavə edilmiş “Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, 28 sentyabr 2020-ci ildə baş tutan hərracın keçirilməsi barədə elan 5-12 senyabr 2020-ci il tarixdə verilsə də, 16 oktyabr 2020-ci il tarixli təkrar hərracın keçirilməsi barədə elan isə 2 oktyabr 2020-ci il tarixdə verilmişdir – yəni, hərracın keçirilməsinə cəmi 14 gün qalmış verilərəl, qanunun imperativ norması pozulmuşdur. Bildirişlərlə bağlı isə yenə də təkrar hərracın keçirilməsi barədə bildiriş iddiaçıya 02 oktyabr 2020-ci il tarixdə göndərilmişdir. Ümumiyyətlə, məhkəmə qeyd edir ki, mülki işin materiallarından bildirişlərin həqiqətən iddiaçıya göndərilməsini müəyyənləşdirmək qeyrimümkündür. Belə ki, hərrac təşkilatı məhkəməyə yalnız bildirişlərin və qəzet elanlarının surətlərini təqdim etməklə kifayətlənmiş, bildirişlərin göndərilməsi barədə bir dənə də olsun qəbz təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə həmçinin cavabdeh Bankın iddia tələbini qəbul etdiyini, iddiaçı tərəfindən bank qarşısında olan öhdəlikləri tamamilə icra edilməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi “hərracın nəticələrinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında yerləşən 212 saylı evə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə "Bank Respublika” ASCnin adına rəsmiləşdirilmiş **********69-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilməsi, mülkiyyətin iddiaçıya qaytarılması hissəsi ilə münasibətdə məhkəmə qeyd edir ki, göründüyü kimi tələbin ikinci hissəsi bilavasitə iddia tələbinin birinci hissəsi üzrə məhkəmənin gəldiyi hüquqi nəticəyə bağlıdır. Hazırda tələbin ikinci hissəsində mübahisələndirilən mülkiyyət sənədləri məhkəmə tərəfindən etibarsız hesab edilmiş hərracın yekunları barədə 45/01 saylı Protokol və həmin protokollar əsasında xx.xx.2020ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair bağlanmış Müqavilənin əsasında rəsmiləşdirildiyindən ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qaydada təmin edilməli, “ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən ipoteka predmeti olan Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi ünvanında 0,06 ha torpaq sahəsində yerləşən 212 saylı evə dair hərracın yekunların barədə 05 noyabr 2020-ci il tarixli 45/01 saylı protokol və həmin protokol əsasında 05 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evinə dair Cavabdeh2 ASC-nin adına rəsmiləşdirilmiş **********69-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı ləğv edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində 0,06 ha torpaq sahəsində yerləşən 212 nömrəli fərdi yaşayış evini İddiaçı mülkiyyətinə geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar