Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4719/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1907 (min doqquz yüz yeddi) manat məbləğində əsas borc, 191 (yüz doxsan bir) manat məbləğində cərimə, 40 (qırx) manat 98 (doxsan səkkiz) qəpik məbləğində dövlət rüsumu, cəmi 2138 (iki min yüz otuz səkkiz) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0122996 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2999 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 500 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2499 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 592 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixə 191 manat məbləğində cərimə hesablanmışdır. Qeyd olunanlara əsasən, cavabdehdən iddiaçının xeyrinə 1907 manat məbləğində əsas borc, 191 manat məbləğində cərimə və 40.98 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: R0122996 nömrəli, xx.xx.2024-cü il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 2999 manat dəyərində olan əşyanı satmışdır.Cavabdeh müqavilənin şərtlərinə uyğun kredit məbləği və bütün digər məbləğləri bu müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada qaytarmaq öhəliyini öz üzərinə götürmüşdür; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borcu 1907 manat və 191 manat cərimə borcu olmaqla, ümumilikdə 2098 manat təşkil edir; Həmçinin ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 40,98 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edirəm ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq, 140 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Göründüyü kimi, tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin Cavabdeh müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia qismən təmin edilməli, Cavabdeh 1907 manat əsas borc və 140 manat cərimə borcu olmaqla, cəmi 2047 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 40,98 manat tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1907 manat əsas və 140 manat cərimə borcu olmaqla, cəmi 2047 (iki min qırx yeddi) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 40,98 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4719/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4719/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver