Məhkəmə qərarları › İş №e-2(005)-4731/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4731/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4731/2025 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: lizinq, cərimənin azaldılması; müqavilə tələbləri üzrə iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli 592-GL/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilələrin ləğv edilməsi, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli müqavilə üzrə 22 755 (iyirmi iki min yeddi yüz əlli beş manat 00 qəpik) manat qalıq borc, 16 253,43 (on altı min iki yüz əlli üç manat 43 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 39 008,43 (otuz doqquz min səkkiz manat 43 qəpik) manat, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilə üzrə 3 492 (üç min dörd yüz doxsan iki manat 00 qəpik) manat qalıq borc, 4 315,21 (dörd min üç yüz on beş manat 21 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 7 807,21 (yeddi min səkkiz yüz yeddi manat 21 qəpik) manat borcun, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (sonradan “Aqroservis”) iləCavabdeharasında xx.xx.2018-ci il tarixli 592-GL/18nömrəli, xx.xx.2018-ci il tarixli 1781- L/18 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alanCavabdehlizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 22 755 (iyirmi iki min yeddi yüz əlli beş manat 00 qəpik) manat qalıq borc, 16 253,43 (on altı min iki yüz əlli üç manat 43 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 39 008,43 (otuz doqquz min səkkiz manat 43 qəpik) manat, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 3 492 (üç min dörd yüz doxsan iki manat 00 qəpik) manat qalıq borc, 4 315,21 (dörd min üç yüz on beş manat 21 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 7 807,21 (yeddi min səkkiz yüz yeddi manat 21 qəpik) manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. II. Tərəflərin mövqeləri: Cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)- 4731/2025 saylı iş üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı "pul tələbinə dair "iddia ərizəsi irəli sürmüşdür. İddia tələbi məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, iki texnika üzrə, cavabdeh ilə bağlanmış müqavilənin bitmə tarixi xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Belə ki, 'Taxılsəpən gübrəsəpənlə AGHBM-N24" texnikaya və "Kotan 5 gövdəli (təkərli )-Can-P.-5 "texnikaya münasibətdə müqavilənin bitmə tarixi xx.xx.2020- ci ildir. Bu hal iddia ərizəsinə əlavə edilmiş №li Əlavə olan 13 aprel 2018- ci il tarixli "592- GL/18"nömrəli lizinq müqaviləsinin spesifikasiyası sənədində də qeyd edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, Cavabdeh kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 592-Gİ- 18 nömrəli müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Hazırkı mübahisə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələbdir. Cavabdeh, 3 ildən artıq ki, heç bir ödəniş etmir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən 3(üç) illik iddia müddəti tətbiq edilməli və iddia tələbi rədd edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh tərəf olaraq iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında əvvəllər də( uzun illər davam edən ) dəfələrlə hüquq münasibəti yaranmışdır və cavabdeh öhdəliklərini vaxtlı – vaxtında icra etmişdir. Daha sonra isə cavabdeh avtomobil qəzası keçirmiş, səhhətində ciddi problemlər yaranmış, iş qüvvəsini tamamilə itirmişdir. Məhz həmin səbəbdən öhdəliklərin icrasında gecikmələr olmuşdur. Onu qeyd etmək istəyirəm ki, cavabdeh tərəfindən hər iki müqavilə üzrə ödənişlər edilmişdir, lakin ödəniş qəbzləri cavabdehdə qalmamışdır. Belə ki, cavabdeh ağır yol – nəqliyyat hadisəsi törətmişdir və bütün ödənişlər avtomaşında olduğu üçün, hazırda cavabdeh tərəf olaraq məhkəməyə heç bir ödəniş qəbzi təqdim edə bilmir. Bundan başqa, cərimə pulu və dəbbə pulu ilə bağlı tələbləri də qəbul etmir. Belə ki, məhkəmə həmin tələb üzrə işə baxarkən, tərəflərin anuni və əmlak mənafelərini, iddiaçının gec müraciət edərək cərimə borclarının artmasına şərait yaratmasını, cavabdehin maddi vəziyyətini, cavabdehin əsas borcu vaxtında ödəməməsini, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq cərimə məbləğinin əsas borcun 5% həcmində təmin edilməsi qanuni və ədalətli olar. Qeyd edim ki,dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri əbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki məcəllə, maddə 462.1, 462.3,467). Onu da Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, oxşar münasibətlər üzrə məhkəmə təcrübəsi, dəbbə pulunun rədd edilməsi, cərimələrin isə əsas borcun 5% həcmində təmin edilməsi formalaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, müqavilələr 2028-ci ilə qədər qüvvədədir. Həmçinin müqavilənin 9-cu bəndinə əsasən müqavilə üzrə öhdəliklər tam yetirilənədək müqavilə qüvvədədir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə ərizə əsassızdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: -“Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 30823 manat olan kənd təsərrüfatı texnikalarının 40% güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. - “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqaviləyə əsasən, Lizinq verən ümumi məbləği 12700 manat olan kənd təsərrüfatı texnikasının dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilə üzrə 3 492 (üç min dörd yüz doxsan iki manat 00 qəpik) manat qalıq borc, 4 315,21 (dörd min üç yüz on beş manat 21 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 7 807,21 (yeddi min səkkiz yüz yeddi manat 21 qəpik) manat borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli müqavilə üzrə 22 755 (iyirmi iki min yeddi yüz əlli beş manat 00 qəpik) manat qalıq borc, 16 253,43 (on altı min iki yüz əlli üç manat 43 qəpik) manat hesablanmış cərimə olmaqla cəmi 39 008,43 (otuz doqquz min səkkiz manat 43 qəpik) manat borcu yaranmışdır. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan aydın olur ki, müqavilələr üzrə yaranmış borcun qısa zaman ərzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. -Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1313/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2015-ci il tarixli 2941-GL/15 nömrəli müqavilə üzrə 6294 manat qalıq borc, 314.7 manat cərimə borcu olmaqla, ümumilikdə 6608.7 manat və hüquqi yardım üçün ödənilmiş 400 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, Cavabdeh 65.35 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kənd təsərrüfatı texnikalarının dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli və xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilələr imzalanmışdır. Müqavilələrə əsasən cavabdeh ödəniş qrafikinə əsasən ödənişləri etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, lizinq obyektləri Cavabdeh sahibliyinə verilmişdir. Bununla belə, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında yerinə yetirməmiş, aylıq ödənişləri etməmişdir. İddiaçı borcun ödənilməsi barədə pretenziya məktubu ilə cavabdehə müraciət etmiş, bununla belə borc tam ödənilməmişdir. Bu səbəbdən iddiaçı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, kənd təsərrüfatı texnikaları cavabdehə təhvil verilmişdir Lakin Cavabdeh tərəfindən müqavilə üzrə aylıq ödənişlər edilməməklə müqavilələrin şərtləri pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli müqavilə üzrə 22755 (iyirmi iki min yeddi yüz əlli beş manat 00 qəpik) manat qalıq borc, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilə üzrə 3492 (üç min dörd yüz doxsan iki manat 00 qəpik) manat əsas borcunu iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə hesab edir ki, dəbbə pulunun iddia tələbində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını, müqavilənin şərtlərini, müqavilələr üzrə əsas borcların məbləğini, tərəflərin hər ikisinin mənafeyini nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli müqavilə üzrə tələb olunan 16253,43 manat cərimə, yaranmış əsas borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 2275,5 manat məbləğinə endirilməli, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilə üzrə tələb olunan 4315,21 manat cərimə, yaranmış əsas borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 349,2 manat məbləğinə endirilməlidir. Həmçinin qanunvericiliyə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Hazırki iş materialları ilə müəyyən olunur ki, cavabdeh müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirməmiş, bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" ASC, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilələrin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı, iddiaçı hüquqi yardıma görə 300 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. İddiaçının hazırkı məhkəmə mübahisəsinə görə peşəkar hüquqi xidmət alması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı məhkəmədə 22 saylı Vəkil bürosunun vəkili Vəkil1 tərəfindən təmsil olunmuş, 02 sentyabr 2025-ci il tarixli müqavilə bağlanmışdır. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. Göründüyü kimi hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və xeyrinə qətnamə çıxarılan tərəfə verilməlidir. Məhkəmə vəkilin hazırki iş üzrə göstərdiyi hüquqi yardıma görə tələb etdiyi 300 manat xərci işin konkret halları və həcmi baxımından ağlabatan hədd kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, hazırkı mübahisənin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğunu və 3 illik iddia müddətinin keçdiyini bildirmişdir. Məhkəmə bununla razılaşmayaraq qeyd edir ki, MM-in 377.2-ci maddəsinin tələbinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Tərəflər arasında iki ayrı-ayrı müqavilələr bağlanmış, müqavilələrin predmetini müxtəlif əmlaklar təşkil etmiş, hər bir müqavilə üzrə öhdəliklər və icra müddətləri müəyyən olunmuşdur. Mülki qanunvericilikdə də təsbit edilmişdir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki iş materialları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilələr üzrə icra müddəti başa çatmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə vəsatəti əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. ...” 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. ...” 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. ... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilələr ləğv edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli 592- GL/18 nömrəli müqavilə üzrə 22755 (iyirmi iki min yeddi yüz əlli beş) manat, 2275,5 (iki min iki yüz yetmiş beş manat əlli qəpik) manat cərimə borcu və xx.xx.2018-ci il tarixli 1781- L/18 nömrəli müqavilə üzrə 3492 (üç min dörd yüz doxsan iki) manat əsas borc və 349,2 (üç yüz qırx doqquz manat iyirmi qəpik) manat cərimə borcu, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli, xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilələr ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 592-GL/18 nömrəli müqavilə üzrə 22755 (iyirmi iki min yeddi yüz əlli beş) manat, 2275,5 (iki min iki yüz yetmiş beş manat əlli qəpik) manat cərimə borcu və xx.xx.2018-ci il tarixli 1781-L/18 nömrəli müqavilə üzrə 3492 (üç min dörd yüz doxsan iki) manat əsas borc və 349,2 (üç yüz qırx doqquz manat iyirmi qəpik) manat cərimə borcu, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar