Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-486/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində qanunsuz tikilməkdə olan tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən hazırda Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binaların mövcud olduğu ərazidə qanunsuz olaraq tikili inşa edilməkdədir. Hazırda həmin tikili hazırlanma mərhələsindədir. Yəni binanın kərpic işləri görülmüş olsa da binanın damı hələ vurulmamışdır. Həmin tikilinin tikinti mərhələsində iki dəfə Fövqəladə Hallar Nazirliyi tərəfindən gəlinərək tikintinin dayandırılmasının vacibliyi vurğulanaraq tikinti dayandırılmışdır. Lakin cavabdeh tərəfindən gecəqondu formasında gecələr tikinti başa vurulmuş və nəticədə hazırda sökülməsini tələb etdikləri ərazi tikilmişdir. Bununla belə hazırda tikiliyə şifer vurularaq faktiki qanunsuz tikilinin tam hazır olması cəhdlər edilir. Həmin ərazinin hazır olması hazırki vəziyyətdə belə bina sakinlərinin haqlı narazılığına səbəb olmuş və bununla bağlı bir çox qurumlara şikayətlər edilmişdir. Bunun nəticəsi olaraq bir neçə dəfə tikinti dayandırılmış, lakin buna baxmayaraq tikinti hələ də davam etdirilir və yekunlaşdırmağa çalışırlar. Sonradan iddiaçı məhkəməyə əsl olmayan iddiaçının əsl İddiaçı ilə əvəz edilməsinə dair ərizə vermiş və məhkəmə tərəfindən əsl olmayan iddiaçı Nümayəndə əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı onun oğludur. Oğlu mənzilin mülkiyyətçisidir, özü isə binanın komendatıdır. 2013-cü ildən sözügedən binada yaşayır. Onların yaşadıqları binanın həyətində MTK tərəfindən heç bir razılıq olmadan qanunsuz tikililər tikilmişdir. Həmin qanunsuz tikili həyətin sahəsini kiçildir. Həyət binanın sakinlərinin ümumi mülkiyyətindədir. Qonşularla birlikdə 2 dəfə qanunsuz tikililəri sökdürmüşlər. Hətta söküntü işləri aparılan zaman Şəhərsalma İdarəsinin nümayəndəsi də iştirak edirdi. Yayda yenidən həmin qanunsuz tikiliyə qapı və pəncərələr qoymaq istəyirdilər. Mane oldular. Qanunsuz tikili onların hüquqlarını pozur. Onlar həyətin geniş olmasını, uşaqların həyətdə rahat şəkildə oynamalarını istəyirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı ailəsi ilə birlikdə Cavabdeh MMC tərəfindən inşa edilmiş binada yaşayır. Onların mülkiyyət, sahiblik hüquqları pozulub. Onların razılığı olmadan həyətdə tikintilər tikilib. Həmin məsələ ilə bağlı müvafiq dövlət qurumunun rəyləri də mövcuddur. Yarımçıq tikililərin tamamlanmasına mane olublar, ona görə də həmin tikililər yarımçıq vəziyyətdə qalıb, lakin sökmüllər də. Bina sakinlərindən yalnız Elmar adlı şəxs binanın direktor vəzifəsini icra etdiyi üçün etiraz etmir, ondan başqa digər sakinlər qanunsuz tikilinin sökülməsini istəyirlər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, məhəllə 3078A, ev-, mənzil 29, korpus D (Yeni qaydalarla: AZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, giriş 235, M16, m1) ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır; - Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, məhəllə 3078A ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində səlahiyyətli olan "xxxx" MMMC kollektivi adından Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinə ünvanlanmış müraciətdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 A ünvanda yerləşən çoxmənzilli bina Cavabdeh MMC tərəfindən inşa edilmiş və binanın təməli 2002-ci ildə qoyulmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanını nəzərə alaraq Cavabdeh MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 A ünvanda yerləşən binanın 19 mart 2020-ci il tarixli 350 nömrəli qərarla dövlət tərəfindən istismarına icazə verilmişdir. Cavabdeh MMCnin keçmiş rəhbərliyi tərəfindən sözügedən binanın həyətyanı sahəsində təyinatı müəyyən edilməyən natamam tikililər qanunsuz olaraq inşa edilmiş və bu tikililərin olması ümumiyyətlə sözügedən binanın təsdiq edilmiş layihəsində nəzərdə tutulmamışdır. Qeyd edilməlidir ki, sözügedən yarım tikililər binanın tikintisi həyata keçirildiyi zaman inşa edilmiş və həmin dövrdə binada yaşayış olmamışdır. Hal-hazırda bina dövlət tərəfindən istismara qəbul edilmiş və həmin vaxtdan mənzil sahiblərinə mənzillərdən istifadə etmələrinə icazə verilmiş və sonuncular tərəfindən binada məskunlaşma davam etməkdədir. Hazırda binanın həyətində yerləşən qeyd edilmiş qanunsuz tikililərin mövcudluğu bina sakinlərinin həyətyanı sahədən istifadəsində müəyyən çətinliklər yaradır. Həmin qanunsuz yarım tikililərə görə binanın həyəti olduqca darısqal, sakinlərin lazımi qaydada istifadəsi üçün və uşaqların oynaması üçün əlverişsiz və xarici görkəminə görə də binanın həyətini xarabalıq bir yerə bənzədir. Bununla bağlı bütün mənzil sahiblərinin iradə ifadəsini çatdıraraq həmin tikililərin sökülməsi və boşaldılmış sahələrdən sakinlərin səmərəli istifadəsi üçün şəraitin yaradılması ilə bağlı Sizə müraciət etmək qərarına gəliblər. Həmçinin bununla bağlı müsbət rəy verildiyi təqdirdə tikililərin sökülməsi ilə bağlı bütün xərclər tərəflərindən qarşılanacaqdır. Sözügedən tikililərin sökülməsi ilə bağlı rəy verilməsi xahiş edilmişdir; - Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər memarlıq və şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, yerində baxış zamanı Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının həyətində uzun müddət öncə layihədən kənar qanunsuz tikililərin inşa edildiyi müşahidə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsi, narazılığa səbəb olan digər amillərin aradan qaldırılması, nəticəsi barədə müraciət müəlliflərinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə 7 (yeddi) gün müdddətində məlumat verilməsi xahiş edilmişdir; - Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər memarlıq və şəhərsalma Baş İdarəsinin Məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətində uzun illər öncə təqribən 0,0506 hektar sahədə layihədən kənar inşa edilmiş qanunsuz tikililər, həmçinin binanın dam hissəsində metal konstruksiyadan quraşdırma və əlavə mansard mərtəbəsi inşa edildiyi müşahidə edilmişdir. Sözügedən məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə xx.xx.2024-cü il tarixli 3-35-1/2-Kol-17xx-xx-1711/2024 nömrəli məktub ünvanlanmışdır; - Məhkəmə tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxışın protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 3078 A ünvanda yerləşən çoxmənzilli binanın həyətində təyinatı müəyyən edilməyən natamam tikililər inşa edilmişdir. Tikililər bloklara və həyətə girişin sağ-sol tərəflərində olmaqla, bina sakinləri üçün həyətyanı sahədən istifadəsində müəyyən çətinliklər yaradır, həyət sahəsini kiçildir. Tikililərdə qapı-pəncərə yoxdur, bəzi tikililərin içində tikinti materialları var. Tikililərin bəzilərinin üstü açıqdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, məhəllə 3078A, ev-, mənzil 29, korpus D (ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı qeyd edilən mənzilin yerləşdiyi binanın həyətində cavabdeh tərəfindən onların razılığı olmadan layihədən kənar qanunsuz tikililərin inşa edildiyinə, bununla da onların mülkiyyət hüquqlarının pozulduğuna əsaslanaraq, onun sökülməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hssəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olanzirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə görə çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının 1.5-ci bəndinə əsasən Bu Qayda əsasında tikintiyə icazə tikinti obyektinin inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi üçün verilir. Qaydanın 2.1-ci bəndinə əsasən tikinti layihəsini müvafiq lisenziyası olan hüquqi və ya fiziki şəxslər o cümlədən müvafiq lisenziyası olduğu təqdirdə, sifarişçinin özü hazırlayır. Sifarişçi layihəçini cəlb etməyi nəzərdə tutduqda, bu məqsədlə layihəçi ilə Məcəllənin 48-ci maddəsinə əsasən müqavilə bağlayır. Qaydanın 3.9-cu bəndinə görə tikintiyə icazə verildiyi halda icazə verən orqan 1 (bir) iş günündən gec olmayaraq elektron formada tikintiyə icazəni və tikinti layihəsini sifarişçiyə təqdim edir və belə icazə tikintiyə başlanılması üçün əsas hesab olunur. Qaydanın 4.1-ci bəndinə əsaəsən tikintiyə icazə verildiyi hallarda, sifarişçi tikinti ərazisində tikinti işlərini, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə riayət etməklə, tikinti layihəsinə uyğun olaraq həyata keçirir. Qaydanın 5.3-cü bəndinə əsasən tikintiyə dövlət nəzarəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi vasitəsilə həyata keçirilir. Hazırki mülki iş üzrə iddiaçının mənzilinin yerləşdiyi binaya müvafiq tikinti icazəsinin verilməsi, hazırda orada iddiaçının qanuni mülkiyyət hüququ əsasında məskunlaşması işin mübahisələndirilməyən hallarıdır. Bununla belə, yuxarıda qeyd edildiyi kimi, binaya tikintiyə icazənin verilməsi, müvafiq bina üzrə mülkiyyətçilərin ümumi istifadəsində olan ərazidə, razılaşdırılmamış hər hansı tikinti işlərinin aparılmasına cavabdehin səlahiyətli olması anlamına gəlmir. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər memarlıq və şəhərsalma Baş İdarəsinin məktublarında da qeyd edilmişdir ki, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətində uzun illər öncə təqribən 0,0506 hektar sahədə layihədən kənar inşa edilmiş qanunsuz tikililərin inşa edildiyi müşahidə edilmişdir. Mənzil qanunvericiliyində də qeyd edildiyi kimi, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Lakin cavabdeh tərəfindən belə bir razılığın əldə edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə olaraq, Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, məhəllə 3078A ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsində səlahiyyətli olan "xxxx" MMMC kollektivinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış rəsmi yazılı müraciətindən də görünür ki, mülkiyyətçilər cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılmasına öz narazılıqlarını açıq şəkildə bildirmiş və bunun qarşısının alınmasını xahiş etmişdirlər. Göründüyü kimi, iddiaçı tərəfindən istinad edilən tikililərin qanunsuz olması barədə cavabdehə müvafiq dövlət qurumu tərəfindən də rəsmi yazılı xəbərdarlıq edilmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən qeyd edilən tikinti işlərinin dayandırılması və inşa edilən tikililərin sökülməsi istiqamətində hər hansı bir addım atılmadığından iddiaçı haqlı olaraq məhkəmədə iddia qaldırmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində tikinti işlərinin aparılmasına müvafiq razılığın əldə edilməsi öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili sökülməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində inşa edilmiş qanunsuz tikilililər sökülməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində qanunsuz inşa edilmiş tikililər sökülsün. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elekton kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-486/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-486/2025
21.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver