Məhkəmə qərarları › İş №e-2(005)-4874/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4874/2023

11.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4874/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, daşınmaz əşya üzrərində payının müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Əmlak Xidmətləri Məkanında 12 saylı Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixli Cavabdeh2 adına açılmış qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin (Reyestr № 2V-60, Vərəsəlik işinin nömrəsi:V-26/2023) etibarsız hesab edilməsi, ƏMDKnin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsi tərəfindən həmin Şəhadətnamə əsasında Cavabdeh2 adına verilmiş qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “çıxarışın”ın ləğv edilməsi, Bakı Şəhər Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 1, ev 19, yeni qaydalarla AZ1041, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsi, 167 ünvanda yerləşən X1 adına xüsusi mülkiyyət növünə aid olan, ümumi sahəsi (kvadratmetrlə) 19.70 kv.m. torpaq sahəsinin ölçüsü (hektarla) 0.039630 ha təşkil edən miras əmlakla bağlı onun və uşaqları 1997-ci il təvəllüdlü Yunusova Lamiyə və 1999-cu il təvəllüdlü Yunusov Məhəmmədin payının 5/6, Cavabdeh2 payının isə 1/6 hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının əsas tələbi Bakı şəhəri, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 1, ev 19 (yeni qaydalarla: AZ1041, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üzərində paylı mülkiyyət hüququnun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinin tələblərinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Göründüyü kimi iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, hazırki tələb mülkiyyət hüququnun tanınması haqqında iddialara aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. O da nəzərə alınmalıdır ki, iddia tələbi iki müxtəlif aidiyyət qaydalarını (payın müəyyən edilməsi-müstəsna, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi-ümumi aidiyyəti) nəzərdə tutan tələbləri əhatə etsə də, tələblərdən birinə dair xüsusi aidiyyət qaydası müəyyən edildiyindən həmin işlərə müstəsna aidiyyət qaydalarına uyğun olaraq baxılmalıdır. Hazırki mülki işdən də göründüyü kimi iddiaçının məhkəməyə müraciət etməsinin, iddianın verilməsinin əsas məqsədi Xəzər rayonunda yerləşən mübahisələndirilən daşınmaz əmlak (fərdi yaşayış evi və torpaq sahəsi) üzərində mülkiyyət payının müəyyən edilməsi, cavabdehin payının isə qanunsuz hesab edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində iddianın “Notariat haqqında” Qanunun 41-ci maddəsinə istinad edərək, dövlət notariat ofisinin, xüsusi notariusun yerləşdiyi yerin məhkəməsinə verildiyini qeyd etsə də, nəzərə alınmalıdır ki, hazırki tələb notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərə aid olmamaqla, mülkiyyət hüququnun tanınması, müdafiəsi haqqında iddialara aiddir. O da qeyd edilməlidir ki, 12 saylı Notariat ofisinin hüquqi ünvanı Yasamal rayonunun, Cavabdeh2 rəsmi qeydə alındığı ünvan Xəzər rayonunun ərazisinə aiddir. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki tələb daşınmaz əşyaya mülkiyyət hüququnun tanınmasına dair mübahisələrə aid olduğundan, müstəsna aidiyyət qaydaları tətbiq edilməli və iddia ərizəsi daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə isə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35,39, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri 12 saylı Notariat Ofisi, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, daşınmaz əşya üzrərində payının müəyyən edilməsi və sair tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzi: **********) İddiaçı geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar