Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-488/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən paltaryuyan LG üçün 770,78 manat ödənilməmiş hissə, 77,22 manat cərimə borcu, ümumilikdə 848 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1288,1 manat (yəni 18 ay x 71,56 manat + 0,02 manat ilkin ödəniş) olan, paltaryuyan LG üçün ümumilikdə 848 manat olmaqla, ondan 770,78 manat əsas borc, müştəriyə güzəşt olunaraq 77,22 manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən paltaryuyan LG və zəmanət + 3 ildən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 517.32 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0.02 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 517.3 manat, ümumilikdə, 517.32 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan kompüter danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunmasını, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, paltaryuyanı bir neçə ay onların evində qalmışdır, lakin istifadə edilməmişdir. Bocunun olduğunu qismən qəbul edir, lakin həmin məbləği birdəfəlik ödəmək iqtidarında deyildir. İddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 02992221 nömrəli müqavilə və ona əlavə edilən ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ümumi qiyməti 1288,04 manat olan “LG paltaryuyan ” adlı məhsulu 18 ay müddətinə, aylıq 71,56 manat ödəmə şərtilə almışdır; - “Əşyaların təhvil-təslim” aktının surətindən görünür ki, Cavabdeh 02992221 nömrəli müqavilə ilə ona satılan malları qüsursuz təhvil almışdır; - İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, paltaryuyan LG 410 manat olaraq qiymətləndirilmişdir; - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində LG F2J6HS8S (gümüşü) markalı paltaryuyan və 3 illik Zəmanət almaqla, "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Öz razılığı əsasında LG F2J6HS8S markalı paltaryuyan və Zəmanət geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixində LG F2J6HS8S) markalı paltaryuyan 410 manat, zəmanət 107,3 manat, ümumilikdə 517.3 manat dəyərində qiymətləndirilmiş və ümumi borcdan silinmişdir; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərinin 3 iş günü ərzində icra edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir; - xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh əsas borca görə 0,02+517,3 manat (məhsul qaytarıldıqdan sonra qoyulan qiymət), cəmi 517,32 manat ödəniş etmişdir. Həmin müqavilə üzrə onun 770,78 manat əsas, 77,22 manat cərimə borcu olmaqla, cəmi borcu 848 manat təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1185 saylı ekspert rəyindən görünür ki, 1 ədəd 2022-ci il istehsalı, gümüşü rəngli, LG markalı, F2J6HS8S model (7 kq, X5) paltaryuyan maşının 7 ay istismarda olması nəzərə alınmaqla təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 500,00 manat müəyyən edilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir; - Dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında malın nisyə alqı-satqı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödəniş qaydası, müddəti və məbləğləri göstərilmişdir. Məhsulu aldıqdan 7 ay sonra cavabdeh paltaryuyan maşını iddiaçıya qaytarmış (satmış) və məişət avadanlığının dəyəri zəmanətlə birlikdə 517,3 manat qiymətləndirilmişdir. Həmin məbləğ çıxılmaqla cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 770,78 manat, cərimə borcuna görə 77,22 manat olmaqla, cəmi 848 manat borcu yaranmışdır. Hazırda iddiaçı qeyd edilən borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş əşyanı qəbul etmiş, istifadə edildikdən sonra əşyadan imtina etdiyi üçün onun dəyəri müəyyən edilərək, cavabdehin qalıq borc məbləğindən çıxılmaqla, iddiaçıya ödənilməli olan borc məbləği (əsas və cərimə) hesablanmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 3.10-cu maddəsinə əsasən “Müştəri” “ABC”-nin razılığı ilə müvafiq çatdırılma, quraşdırılma, daşınma, sökülmə xərclərini qarşıladığı halda “Mal”ı geri qaytara bilər. Bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Beləliklə, iddiaçı əmlakın dəyəri müəyyən edilməklə, qalıq qalan məbləğdən çıxıldıqdan sonra qalan borcun ödənilməsi üçün müqavilə üzrə öhdəlik daşıyır və müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Cavabdehə müvafiq borcunun olmasına dair pretenziya qaydasında müraciət edilsə də, o, borcun ödənilməsini həyata keçirməmiş, iddiaçı da haqlı olaraq iddia qaldıraraq, məbləğin məhkəmə qaydasında tutulmasını xahiş etmişdir. Əsas borcun məbləği ilə bağlı qeyd edilməlidir ki, İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixində LG F2J6HS8S markalı paltaryuyan 410 manat olaraq qiymətləndirilərək (107,3 manat zəmanət məbləği də əlavə edilməklə) ümumi borcdan silinsə də, cavabdeh məhkəmə iclasında paltaryuyan maşının dəyərinin aşağı qiymətləndirildiyini mübahisələndirdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1185 saylı ekspert rəyi ilə qeyd edilən əmlakın 2023cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 500 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə əşyanın istismardan sonra dəyərinin 500 manat qiymətləndirilməsini və həmin məbləğin (zəmanət məbləği olan 107,3 manat əlavə edilməklə) ümumi borcdan silinməsini ağlabatan hesab edir. Beləliklə də, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə əsas borca görə əşyanın alqı-satqı qiyməti olan 1288,1 manat məbləğində puldan əşyanın dəyəri olan 500 manat, zəmanət məbləği olan 107,3 manat, əsas borca ödənilmiş məbləğ olan 0,02 manat olmaqla, cəmi 607,32 manat məbləğində pul çıxılmaqla, 680,78 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 35 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə əsas borca görə 680,78 manat, cərimə borcuna görə 35 manat olmaqla, cəmi 715,78 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 25 manatı tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 680,78 manat, cərimə borcuna görə 35 manat olmaqla, cəmi 715,78 (yeddi yüz on beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 25 (iyirmi beş) manatı tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-488/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-488/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver