Məhkəmə qərarları › İş №e-2(005)-4881/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4881/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4881/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən – Bakı şəhəri, Əliəşrəf Əlizadə küçəsində inşa edilən binada sahəsi 20 kv.m. olan 1 otaqlı tam təmirli mənzilin ona təhvil verilməsi, - 14100 manat mənzilin kirayə haqqı, - 13642,25 manat əldən çıxmış fayda məbləği, 1000 manat vəkil qonorarı xərci, 177 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 27, mənzil 15, RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyət hüququ əsasında mərhum əri X2 məxsus olmuşdur. Mənzilinin yerləşdiyi evin sökülməsi, yerində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi və çoxmərtəbəli yaşayış binasında mənzilin əvəzi olaraq mənzilin verilməsi üçün cavabdeh sakinlərə müraciət etmiş və sakinlərlə müqavilə imzalamışdır. Cavabdeh MMC ilə mərhum əri X3 arasında imzalanmış 35 saylı xx.xx.2018-ci il tarixli “Müqavilə”nin 1.1 və 2.2.4-cü bəndlərinə əsasən, Bakı şəhəri Əliəşrəf Əlizadə küçəsində yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən, sahəsi 20 kv.m. olan tam təmirli 1 otaqlı mənzili təhvil verməyi Cavabdeh MMC öz öhdəsinə götürmüşdür (xx.xx.2018-ci il tarixli “Müqavilə” əlavə olunur). Müqavilənin 2.1.2-ci bəndinə əsasən, yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 1 otaqlı mənzil üçün aylıq 300 manat kirayə haqqı ödəməyi Cavabdeh MMC öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə hər rübün İ ayının 1-də “Mülkiyyətçi”yə (X2) ödənilməsini təmin etmək Cavabdeh MMC-nin vəzifələrinə aid edilmişdir. X5 xx.xx.2020-ci il tarixində vəfatından sonra Bakı şəhəri 21 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən, o, onun vərəsəsi kimi tanınmışdır (xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin təsdiq edilmiş surəti əlavə olunur). Lakin, Cavabdeh MMC ərinin vəfatından sui-istifadə edərək mərhum ərinə müqavilə üzrə çatası Bakı şəhəri Əliəşrəf Əlizadə küçəsində inşa edilən binada tam təmirli sahəsi 20 kv.m. olan 1 otaqlı tam təmirli mənzili və həmin mənzil üçün nəzərdə tutulmuş aylıq 300 manat kirayə haqqı məbləğini ona təhvil verməkdən, heç bir əsas gətirmədən imtina etmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Dəfələrlə Cavabdeh MMC-yə etdiyi şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh MMC-nin qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir, lakin Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin xx.xx.2023cü il tarixli məktubu ilə bildirilmişdir ki, onun xx.xx.2023-cü il tarixli 50/1-K23346 saylı ərizəsində qeyd olunan xüsusatlar mülki xarakterlidir. Nəticədə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir və Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək, “mübahisəni məhkəməyə qədər həll etməyi və Müqavilə üzrə öz vəzifələrinizi yerinə yetirərək, 5 (beş) gün ərzində Bakı şəhəri Əliəşrəf Əlizadə küçəsində inşa edilən binada sahəsi 20 kv.m. olan 1 otaqlı tam təmirli mənzili təhvil verməyi və 12000 manat məbləğində həmin mənzil üçün nəzərdə tutulmuş kirayə haqqı məbləğinin ödənilməsini” xahiş etmişdir. Lakin, cavabdeh pretenziya məktubuna heç bir məhəl qoymamışdır. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 35 saylı xx.xx.2018-ci il tarixli müqavilə əsasında Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Əliəşrəf Əlizadə küçəsində inşa edilən binada sahəsi 20 kv.m. olan 1 otaqlı tam təmirli mənzil ona təhvil verilməli və 14100 manat məbləğində kirayə haqqı məbləği ona ödənilməlidir. Müqavilənin 2.1.5-ci bəndinə əsasən, onun, mərhum əri X1 vərəsəsi kimi, Müqavilədə göstərilən müddətdə Cavabdeh MMC-dən müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə mənzili tələb etmək hüququ vardır. Müqavilənin 5.2ci bəndinə əsasən, qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Müqavilənin 6.6-cı bəndinə əsasən, tərəflər arasında müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsi və qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir. Bundan başqa, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün o, məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü ilə müqavilə bağlamış və Vəkil Bürosuna 1000 manat məbləğində vəkil qonorarı ödəmişdir. Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmədiyi üçün ona 14100 manat mənzilin kirayə haqqı, 13642,25 manat əldən çıxmış fayda məbləği, 1000 manat vəkil qonorarı xərci, ümumilikdə 28742,25 manat məbləğində borcu yaranmışdır. İddia qiyməti 10000 manatdan 100000 manatadək olduğu üçün 120 + 56,23 manat, ümumilikdə isə 177 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa müvafiq izahat verərək, işin ərazi aidiyyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC Əliəşrəf Əlizadə küçəsi ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1 otaqlı, 16 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə etməklə tam təmirli 1 otaqlı, 20 kv.m mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 27, 15 saylı mənzil xx.xx.2018-ci il tarixdə X1 adına qeydə alınmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1il 2B ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddianın cavabdehin olduğu yerə görə verilməsi qaydalarını müəyyən edən 35.1 və 35.2-ci maddələrinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, hüquqi şəxsə iddia isə hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir verilir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hüquqi ünvanı Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid deyildir. Hazırki mülki işə müstəsna aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əşyanın olduğu yer üzrə məhkəmə tərəfindən baxılıb-baxılmaması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Müstəsna aidiyyət halının mövcudluğu zamanı, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətlərindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həmin maddədə göstərilən halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli Qərar). Hazırki iş üzrə iddiaçının tələbi qeyd edilən maddənin təsir dairəsinə düşmür. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələrə deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddialara şamil olunur. İddiaçı hazırda mübahisələndirilən mənzilin ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsindən görünür ki, mənzil iddiaçının sahibliyində deyildir. Nəzərə alınmalıdır ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.2 və 40.1-ci maddələrinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən isə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 35, 40, 44, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar