Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-500/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı (açar sözlər: hərracın etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın, ipoteka predmetinin əldə olunması barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərracın, ipoteka predmetinin əldə olunması barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042- 60, ev 4, 126 saylı mənzilə yönəldilməsi ilə əlaqədar Cavabdeh2 MMC tərəfindən keçirilmiş 31 oktyabr 2022-ci il tarixli hərracın və ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042- 60, ev 4, 126 saylı mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 31 oktyabr 2022-ci il tarixli 116 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 30 iyun 2022-ci il tarixli icra sənədinə əsasən cavabdehlər İddiaçı və X9 qızından 38201,46 manat əsas borc, 14.572,49 manat faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 1812 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 54 685,95 manat (əlli dörd min altı yüz səksən beş manat, doxsan beş qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilməli, cavabdehdən tutulmalı olan məbləğ İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042- 60, ev 4, 126 saylı mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq, mənzilin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat müəyyən edilməli və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilməlidir. ünvan 4 mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər İddiaçı, X4, X1 və X2 həmin mənzildən çıxarılaraq, mənzil boşaldılmalıdır. Həmin icra sənədi icra edilməsi üçün 04 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə göndərilmişdir. İcra sənədi Suraxanı rayon icra şöbəsinin icraatında olduğu vaxtdan bir dəfə də olsun, iddiaçı icra şöbəsinə dəvət edilməmiş, borcun könüllü ödənilməsi barədə bildiriş təqdim edilməmiş, icra sənədinin icrasından məlumatsız saxlanılmışdır. Belə ki, ipoteka ilə təmin edilən kredit müqaviləsi iddiaçı tərəfindən imzalansa da, əslində isə həmin krediti X9 qızı götürmüş, icra sənədi icra şöbəsinə göndəriləndən sonra X9 qızı icra məmuru ilə əlaqəyə girərək, onu icra gedişindən məlumatsız saxlamış, icra məmuru icra sənədi barədə heç bir bildiriş təqdim etməmişdir. X9 qızı onu inandırmışdır ki, icra sənədi icra şöbəsinə daxil olsa da, icra məmuru icranı yubandıracaq və bu ərəfədə o, bütün borcu ödəyib qurtaracaq və kredit məbləği mənzilinə yönəldilməsi üçün mənzil hərraca çıxarılmayacaq. Məhz icra şöbəsindən ona bir dəfə də olsun bildirişin təqdim edilməməsi onu buna inandırmış inanmışdır ki, X9 qızı krediti ödədiyinə görə icra məmuru onu icra şöbəsinə çağırmır. Lakin 11 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Suraxanı rayon İcra Şöbəsindən ona mənzilin 13 oktyabr 2023-cü il tarixdə boşaldılacağı barədə bildiriş təqdim edilmiş, yalnız bundan sonra mənzilin artıq hərraca çıxarılmasını və mənzilin Yelo Bank ASC-yə satılmasını bilmişdir. 13 oktyabr 2023-cü il tarixdə isə icra məmurları mənzilinə gələrək mənzildə yaşayan şəxsləri və əmlakları mənzildən çıxarmışlar. Sonra məlum olmuşdur ki, o, vaxta qədər X9 qızı banka olan 54 685,95 manat borcdan 11 000 manat hissəsini ödəmiş, Banka cəmi ödənilməyən 44 685,95 manat məbləğində borcu qalmışdır. Bununla əlaqədar Yelo Bank ASC ilə əlaqə saxlayaraq qalan kredit borcu ödəyib krediti bağlamaq istədiyini bildirdikdə isə onlar artıq mənzilialıb kredit borcunu ödədiklərini və mənzilin satışından əldə edilmiş pul vəsaitinin qalan hissəsini isə depozit hesabına keçirilməsini bildirmişlər. Hətta Bankdan mənzilin banka məxsus olduğu üçün həmin mənzili ona 70 000 manata sata biləcəklərini də bildirdilər. İlk əvvəl bildirmək istəyir ki, əgər icra məmuru ona məxsus mənzilin hərraca çıxarılacağını bildirsə idi, qalan kredit borcunu dərhal ödəyib borcu bağlaya bilərdi və buna kifayət qədər imkanı vardı. Hal-hazırda da 44 685,95 manat məbləğində pul vəsaiti əlində olsa da, Bank həmin pulu alıb evi qaytarmaq istəmir. Belə ki, icra sənədi Suraxanı rayon icra şöbəsinə daxil olduqdan sonra icra şöbəsi Cavabdeh2 MMC-yə hərracın keçirilməsi haqqında Sifariş məktubu verərək, ünvan 4 mənzilin açıq hərracdan satılmasını Sifariş etmişdir. Hərracın təşkilatçısı Cavabdeh2 MMC tərəfindən də qanunsuzluğa yol verilmiş, ipoteka qoyan qismində bir dəfə də olsun hərracın keçirilmsi barədə bildiriş təqdim edilməmişdir. Halbuki, 11 oktyabr 2023-cü il tarixdə mənzilin boşaldılması barədə icra məmuru bildiriş təqdim etdikdən sonra icra işində olan sənədlərin surətlərini icra məmurundan tələb etmiş, icra məmuru ona icra vərəqəsini, 09 sentyabr 2022-ci il tarixli Açıq Hərracın keçirilməinə dair Bildirişi və İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 31 oktyabr 2022-ci il tarixli 116 nömrəli Protokolu təqdim etmişdir. Hətta icra məmurunun özündə də təkrar hərracın keçirilməsi barədə bildiriş yoxdur. Belə ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 31 oktyabr 2022-ci il tarixli 116 nömrəli Protokoldan görünür ki, ünvan 4 mənzil 75 000 manata ilkin hərraca çıxarılmış, ilkin hərracda satılımadığına görə təkrar hərracda ilkin satış qiymətinin 15 faiz endirimlə 63 750 manata təkrar hərraca çıxarılmış, lakin həmin mənzil hərracda satılmadığına görə 47812 manata ipoteka qoyana təklif edilmişdir. Mənzilin hərraca çıxarılması barədə yeganə məlumatı isə bu protokol olmuş, bu üzdən hərracın nəticələrinin mübahisələndirmək hüququ yaranmışdır. İpoteka predmetinin hərraca çıxaran zaman hərracın vaxtı barədə məlumat verilməmiş, hərracın təyin edilməsi barədə olan bildiriş təqdim edilməmişdir. Yəni faktiki olaraq hərracın vaxtı barədə məlumat verilməməklə İpoteka haqqında Qanunun tələbləri pozulmuşdur. Halbuki, mənzilinin hərraca çıxarılmasını bilsə idi, hərracın nəticələri üzrə protokol imzalananadək ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilərdi. Əsas bir halı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, mənzil yeni təmir edilmiş, tam təmirli mənzil olmaqla təxminən 130- 150000 manat dəyəri vardır və məhz bu səbəbdən cavabdehlər məlumatı olmadan hərracı keçirməklə mənzilin 40 faiz aşağı qiymətə alınmasına nail olmuşlar. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş ünvan 4 mənzilə yönəldilməsi ilə əlaqədar Cavabdeh2 MMC tərəfindən keçirilmiş 31 oktyabr 2022-ci il tarixli hərracın və həmin mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 31 oktyabr 2022-ci il tarixli 116 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 4 mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyəti hüququ ilə aparılmış 23 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin və bununla əlaqədar verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-23/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər İddiaçı və X9 qızından 38201,46 manat əsas borc, 24971,77 manat faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 1812 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 65085,23 manat (altmış beş min səksən beş manat iyirmi üç qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 ASCyə ("xxxx" İKB ASC) ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, məhəllə 4042- 60, ev 4, 126 saylı mənzilə yönəldilməsi, həmin mənzil açıq hərracda satılması, mənzilin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilsin. ünvan 4 mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər İddiaçı, X4, X1 və X2 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılması, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-23/2021 saylı, 09 iyul 2021-ci il tarixli qətnaməsi faiz borcunun məbləğinə aid hissədə dəyişdirililmiş, cavabdehlər İddiaçı və X9 qızından müştərək qaydada faiz borcu 14.572,49 (on dörd min beş yüz yetmiş iki manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər İddiaçı və X9 qızından 38201,46 manat əsas borc, 14.572,49 manat faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 1812 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 54 685,95 manat (əlli dörd min altı yüz səksən beş manat, doxsan beş qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilməli, cavabdehdən tutulmalı olan məbləğ İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 4 mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq, mənzilin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat müəyyən edilməli və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilməli, ünvan 4 mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər İddiaçı, X4, X1 və X2 həmin mənzildən çıxarılaraq, mənzil boşaldılmalıdır. - Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən İddiaçı və digərlərinə ünvanlanmış tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli e145366/2022-14-22- 003 saylı bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi, əks halda icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Cavabdeh2 MMC, Cavabdeh1 ASC-yə və İddiaçı və digərlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 11201/18-18-20 saylı məktubdan görünür ki, İddiaçı məxsus ünvan 4 mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edildiyi bildirilmiş, mənzilin açıq hərracda satılması barədə xx.xx.2022-ci il tarixli sifariş icra edilməsi üçün göndərilmişdir. -Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rəşad Dövlətov tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış hərracın keçirilməsi haqqında sifariş məktubundan görünür ki, ünvan 4 mənzilin ilkin satış qiymətinin 75000 manat müəyyən edilməsi, mənzil barədə hərrac keçirilməsi xahiş edilmişdir. -Cavabdeh2 MMC tərəfindən Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh1 ASC-yə və İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 09 sentyabr 2022-ci il tarixli 315 №-li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli icra vərəqəsinə və Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, ünvan 4 mənzilin dəyəri 75000 manat olmaqla 29 sentyabr 2022-ci il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəyi bildirilmişdir. İddiaçı (ünvan: ünvan 3lanmış məktub “köçüb” qeydi aparılmaqla geri qaytarılmışdır. -Cavabdeh2 MMC tərəfindən Suraxanı rayon İcra şöbəsinə, Cavabdeh1 ASC-yə və İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair 30 sentyabr 2022-ci il tarixli 315-1 №li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli icra vərəqəsinə və Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, ünvan 4 mənzilin dəyəri 15 % endirimlə 63750 manat olmaqla 20 oktyabr 2022-ci il tarixdə saat 11:00-da açıq hərracı keçiriləcəyi bildirilmişdir. İddiaçı (ünvan: ünvan 3lanmış məktub “köçüb” qeydi aparılmaqla geri qaytarılmışdır. - Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 25 oktyabr 2022-ci il tarixli 371/315 №-li məktubdan görünür ki, İddiaçı məxsus ünvan 4 mənzilə dair xx.xx.2022-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 75000 manat, xx.xx.2022-ci il tarixdə təkrar hərracda 15% aşağı qiymətə 63750 manata açıq hərraca çıxarılsa da iştirakçı olmadığından hərracın baş tutmadığı, ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə ala biləcəyi bildirilmişdir. - Cavabdeh1 ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 27 oktyabr 2022-ci il tarixli KBD11870 saylı məktubdan görünür ki, Bank ünvan 4 mənzilə dair təklifi 47812,5 manat olmaqla bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir. - Cavabdeh2 MMC-nin İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair 116 №-li 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı məxsus ünvan 4 mənzil təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə 47812 manat 50 qəpik məbləğinə ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. - Təşkilatçı Cavabdeh2 MMC və əldə edən Cavabdeh1 ASC arasında bağlanmış ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus ünvan 4 mənzil 47812 manat 50 qəpik məbləğinə Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən əmlak xx.xx.2022-ci il tarixli Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-219/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-712/2022 nömrəli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişin icra sənədi üzrə borclu İddiaçı göndərilməməsi və hərracın keçirilməsinə dair sifarişin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilməməsi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-219/2023 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-219/2023 nömrəli qərardadı ləğv edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair icra sənədi üzrə borclu İddiaçı tərəfindən verilmiş ərizəyə baxılması üzrə məhkəmə iclası təyin edilməsi qərara alınmışdır. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-219/2023 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair icra sənədi üzrə borclu İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 8(103)-53/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(010)-219/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, tərəflərin nümayəndə və nümayəndə-vəkilinin izahatları, iş materiallarına əlavə olunmuş sənədlər ilə müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər İddiaçı və X9 qızından 38201,46 manat əsas borc, 14.572,49 manat faiz borcu, 100 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün 5 (beş) faizlə hesablanmış 1812 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 54 685,95 manat (əlli dörd min altı yüz səksən beş manat, doxsan beş qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilməli, cavabdehdən tutulmalı olan məbləğ İddiaçı məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 4 mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılaraq, mənzilin ilkin satış qiyməti 75000 (yetmiş beş min) manat müəyyən edilməli və əldə edilmiş pul vəsaiti hesabına borc iddiaçı Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) ödənilməli, ünvan 4 mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər İddiaçı, X4, X1 və X2 həmin mənzildən çıxarılaraq, mənzil boşaldılmalıdır. Qeyd olunan qətnamə - icra vərəqəsi icra olunması üçün icra şöbəsinə yönəldilmiş və icraata başlanılmışdır. Suraxanı rayon icra şöbəsi xx.xx.2022-ci il tarixli 11201/18-18-20 saylı sifariş məktubu ilə Cavabdeh2 MMC-yə ipoteka predmeti olan əmlakın hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. Qeyd olunan məktuba əsasən Cavabdeh2 MMC tərəfindən əmlakın ilkin satış qiyməti 75000 manat olmaqla 29 sentyabr 2022-ci il tarixdə ilkin hərrac, satış qiyməti 63750 (15% daha az) manat olmaqla 20 oktyabr 2022-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak Cavabdeh2 MMC-nin 25 oktyabr 2022-ci il tarixli 371/315 №-li məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə yəni 47812,5 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif olunmuşdur. Cavabdeh1 ASC 27 oktyabr 2022-ci il tarixli KBD11870 saylı məktub ilə mənzilə dair təklifi 47812,5 manat olmaqla bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir. Bundan sonra ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair 116 №-li 31 oktyabr 2022-ci il tarixli protokola əsasən, ünvan 4 mənzil dəyəri 47812,5 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən əldə edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 ASC arasında hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Əmlak Cavabdeh1 ASC-nin adına qeydiyyatdan keçmiş, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarış verilmişdir. Bununla razılaşmayan İddiaçı hərracın və protokolun etibarsız hesab edilməsi, mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyəti hüququ ilə aparılmış qeydin və bununla əlaqədar verilmiş Çıxarışın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Həmin Qanunun 42.5 və 42.6-cı maddələrinə əsasən Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: - 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. - 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. - 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139-1.1.2-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. - 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. - 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. - 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. - 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. -43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. -43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Mülki Məcəlləyə əsasən, qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ipoteka predmetinin hərraca çıxaran zaman hərracın vaxtı barədə məlumat verilməmiş, hərracın təyin edilməsi barədə olan bildiriş təqdim edilməmişdir. Hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar” 30 dekabr 2008-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə əsasən poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim edilmiş sayılır. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişin sifarişli poçt göndərişi (məktubu) ilə göndərilməsi və kütləvi informasiya vasitələrində, habelə hərrac təşkilatçısının rəsmi internet saytında elanın dərc olunması nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən iş materialları ilə Cavabdeh2 MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının icra vərəqəsində qeyd edilən ünvanı üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (525-ci qəzet 9 sentyabr 2022-ci il tarixli və 30 sentyabr 2022-ci il tarixli sayında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliklə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan hərrac təşkilatı hərrac iştirakçısının faktiki olaraq yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımamışdır. Qanunverici hərrac təşkilatının üzərinə sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirməsi və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməsi vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə mənzilə dair keçirilmiş ilkin və təkrar hərraclara dair sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir. Bununla yanaşı iddia ərizəsi və iş materialları ilə müəyyən olunur ki, İddiaçı icra sənədi barədə məlumatlı olmuş, onun və digər cavabdehin birgə apellyasiya şikayəti əsasında birinci instansiyası məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən dəyişdirilmiş, ondan (digər cavabdehlə birlikdə) Cavabdeh1 ASC-yə ("xxxx" İKB ASC) pul ödənilməli olması, həmin məbləğin ona məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 4 mənzilə yönəldilməli olması, mənzilin açıq hərracda satılmalı olması barədə məlumatlı olmuşdur. Bununla belə, iddiaçı haqqında çıxarılmış və icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına etinasız yanaşmış, onun icrası ilə maraqlanmamış, digər cavabdehin vədlərinə əsaslanaraq məhkəmə qətnaməsinin icrasına yönəlik heç bir hərəkət etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnaməsi əsasında cavabdehlərdən, o cümlədən hazırki iş üzrə İddiaçı kredit borcunun tutulması və tutmanın İddiaçı məxsus ipoteka predmetinə yönəldilməsi qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə (xx.xx.2022-ci il) hazırki iş üzrə Cavabdeh2 MMC-yə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindən sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən əmlaka dair ilkin hərrac (29 sentyabr 2022-ci il) və təkrar hərrac (20 oktyabr 2022-ci il) təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçıya müvafiq bildirişlər göndərilmiş, müvafiq elanların verilməsi təmin olunmuşdur. Qanunvericiliklə iki hərracın keçirilməsini nəzərdə tutmuşdur. Hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 % az olmayan qiymətlə almaq hüququna malikdir. Hazırki mülki iş üzrə ünvan 5 ünvanında yerləşən əmlakın keçirilmiş ilkin və təkrar açıq hərracda satılmaması – hərracın baş tutmaması səbəbindən 25 oktyabr 2022-ci il tarixli məktubla mənzil sonuncu hərrac üzrə müəyyən edilmiş dəyəri qanunvericiliyə uyğun olaraq 25% azaldılaraq tələbkara təklif olunmuşdur. Cavabdeh1 ASC 27 oktyabr 2022-ci il tarixli məktubu ilə qeyd olunan əmlakı əldə etməyə razılığını bildirmiş, təkrar hərrac baş tutmamış elan edildikdən sonra qanunla müəyyən olunmuş müddət ərzində (30 təqvim günü) Cavabdeh2 MMC tərəfindən 31 oktyabr 2022-ci il tarixdə müvafiq protokol tərtib edilərək, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən, ünvan 4 mənzilə dair hərracı udmuş şəxs kimi tələbkar – digər Cavabdeh1 ASC ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Hazırda qeyd olunan əmlak Cavabdeh1 ASCnin mülkiyyətindədir və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarış verilmişdir. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqısatqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması görünür. Odur ki, məhkəmə ipoteka predmeti üzrə hərrac təşkilatının hərəkətlərini qanunvericiliyə uyğun və əsaslı hesab edir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının ipmerativ şərtlərini iddia tələbinin verilməsinə əsas olmuş hallara, habelə tələbdə göstərilən hərracla bağlı nəticələrin hüquqi statusu ilə bağlı iddiaçının əldə etmək istədiyi nəticəyə tətbiqi zamanı həmin halların əsassız olduğu müəyyən edilir. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Əksinə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 4 mənzilin açıq hərracdan satılması Cavabdeh2 MMC tərəfindən hərraca dair qanunvericiliyin tələblərinə müvafiq olaraq keçirilmiş və hərrac mərkəzi hərracın keçirilməsində haqlı olmuşdur. İddiaçı tərəfindən məhkəmə araşdırması zamanı müəyyən olunmuş halların təkzib edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olmasına dair sübutlar aşkar edilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Cavabdeh2 MMC təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir. Məhkəmə iddianın Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın və protokolun etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan təmin edilməməsi qənaətinə gəldiyindən hesab edir ki, mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyəti hüququ ilə aparılmış 23 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin və bununla əlaqədar verilmiş Çıxarışın ləğv edilməsi - əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, mübahisəli evə dair Cavabdeh1 ASC-nin adına verilmiş hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış törəmə hüquq münasibəti olub, həmin mənzilə dair keçirilmiş açıq hərracın nəticələrinə dair yekun protokoldan törənmişdir. Buna görə də mübahisəli mənzilə dair keçirilmiş hərracın və buna əsasən tərtib olunmuş protokolun etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli mənzilə dair Dövlət Reyestrində aparılmış qeydin və Cavabdeh1 ASC-nin adına verilmiş dövlət reyestrindən çıxarışın ləğv olunması hissədə də iddia təmin edilə bilməz. Məhkəmə Cavabdeh1 ASC-nin müvafiq iddia tələbinin irəli sürülməsi üçün iddia müddətinin ötürülmüş hesab edilməsinə dair ərizəsi ilə əlaqədar qeyd edir ki, iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı aradan qalxır. Hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə təmin edilmədiyindən iddia (kəsici) müddətinin tətbiqi məsələsinin araşdırılması zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçı tərəfə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş ünvan 4 mənzilə yönəldilməsi ilə əlaqədar Cavabdeh2 MMC tərəfindən keçirilmiş 31 oktyabr 2022-ci il tarixli hərracın və həmin mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 31 oktyabr 2022-ci il tarixli 116 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 4 mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyəti hüququ ilə aparılmış 23 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin və bununla əlaqədar verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MMC-yə qarşı “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-712/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş ünvan 4 mənzilə yönəldilməsi ilə əlaqədar Cavabdeh2 MMC tərəfindən keçirilmiş 31 oktyabr 2022-ci il tarixli hərracın və həmin mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 31 oktyabr 2022-ci il tarixli 116 nömrəli protokolun etibarsız hesab edilməsi, ünvan 4 mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyəti hüququ ilə aparılmış 23 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli qeydin və bununla əlaqədar verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-500/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-500/2024
02.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver