Məhkəmə qərarları › İş №e-2(005)-5123/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5123/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5123/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mövcud qanunvericilik normalarından göründüyü kimi, işə baxan məhkəmə, aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. İş materiallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, digər Cavabdeh2 həmin müqavilə üzrə zamin qismində çıxış etmişdir. Cavabdeh1 isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Fəaliyyət istiqaməti sair poçt və kuryer xidməti təşkil edir. Müqavilənin predmeti isə nəqliyyat vasitəsidir (moped). Həmçinin İddiaçı MMC kommersiya hüquqi şəxsidir. Mübahisə iddiaçı ilə cavabdeh arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələrək bağlanmış nisyə alğı-satqı müqaviləsindən yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki-Prosessual Məcəllənin 284-3.5-ci maddəsinə görə ərizənin bu Məcəllənin 284- 3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nisyə alğı-satqı müqaviləsinin 4.2-ci bəndinə görə, danışıqlarla həll edilməyən məsələlər Satıcının hüquqi ünvanının olduğu yerin məhkəmələri vasitəsilə həll olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə müqavilə ilə yalnız ərazi aidiyyətinin dəyişdirilməsinə yol verilir. Belə ki, Mülki Prosessual Məcəllənin müqavilə aidiyyətindən bəhs edən 40-cı maddəsinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1- 40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Göründüyü kimi, tərəflər öz aralarındakı saziş ilə işin yalnız ərazi aidiyyətini dəyişdirə bilərlər. Mülki prosessual qanunvericilik hətta müstəsna aidiyyət olduqda belə müqavilə ilə aidiyyət qaydalarının dəyişdirilməsinə yol vermir. Hazırki mülki işə isə yuxarıda da qeyd edildiyi kimi kommersiya məhkəməsində baxılmalıdır. Bu baxımdan ərazi aidiyyətinin dəyişdirilməsinə dair qaydalar hazırki işə tətbiq edilə bilməz. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264, 267-268 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar