Məhkəmə qərarları › İş №e-2(005)-5380/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5380/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5380/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əzizova Şəbnur Rəfail qızı, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********57992 “Oppo A38”, 2 ədəd vinil mat, qızıl zəmanət ultra 2 il xidməti, paket XXL xidməti üçün 320 manat ödənilməmiş hissə, 32 manat cərimə olmaqla, ümumilikdə 352 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********57992 “Oppo A38”, 2 ədəd vinil mat, qızıl zəmanət ultra 2 il xidməti, paket XXL xidməti almış və nəticədə 352 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 749.88 manat (yəni 18 ay x 41.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********57992 Oppo A38, 2 ədəd vinil mat, qızıl zəmanət ultra 2 il xidməti, paket XXL xidməti üçün ümumilikdə 352 manat olmaqla, ondan 320 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 429.88 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdeh öhdəliklərini vaxtında və tam şəkildə icra etmədiyindən, kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişlər. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03857623 saylı müqaviləyə əsasən Cavabdeh İmei kod **********57992 “Oppo A38”, 2 ədəd vinil mat, qızıl zəmanət ultra 2 il xidməti, paket XXL xidməti almışdır. - xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli, 03857623 saylı müqavilənin bütün şərtləri qəbul edilmiş, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh İddiaçı MMCyə xx.xx.2024-cü il tarixli, 03857623 saylı müqavilə üzrə 320 manat ödənilməmiş hissə, 32 manat cərimə olmaqla, ümumilikdə 352 manat borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən İddiaçı MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur - ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə iddia tələbi ilə müraciət edilməsindən ötrü iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1, 448.2-ci maddələrinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə müvafiq olaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 567-ci maddəsinə müvafiq olaraq, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1, 600.4-cü maddələrinə müvafiq olaraq, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə müvafiq olaraq, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 284-1-ci maddəsinə müvafiq olaraq, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə müvafiq olaraq, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan materialları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin tələblərinə görə nisyə alğı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. İşdə olan sənədlərlə satıcının müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirdiyi (malı qüsursuz şəkildə alıcıya verdiyi) müəyyən olunsa da, müqavilə şərtləri alıcı tərəfindən pozulmuşdur ki, satıcının iddia tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Satıcı iddia tələbi ilə məhkəməyə müraciət etmədən öncə yaranmış borcun ödənilməsi barədə bildirişlə alıcıya müraciət etmiş, ödəniş edilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə sonuncunu xəbərdar etmişdir. Cavabdehin borcu iş materialları ilə sübuta yetirildiyinə görə iddia tələbi əsas borca (ödənilməmiş hissəyə) aid hissədə təmin edilərək, yaranmış borc iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilməlidir ki, cavabdehdən əsas borc ilə yanaşı cərimə borcu da tələb edilmiş, cərimənin məbləği iddiaçı tərəfindən 32 manat olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 10 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 320 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 330 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: İddia tələbi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 28 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 320 manat ödənilməmiş hissə, 10 manat cərimə, ümumilikdə 330 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 28 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar