Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5426/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi ilə İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə olunmuş 01.10.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışının surətindən görünür ki, Cavabdeh qeydiyyat ünvanı İsmayıllı rayonu, İsmayıllı kəndidir. İddiaçı hazırki iddianı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh ilə bağlanmış 13.04.2018-ci il tarixli, 727-GL/18 saylı müqavilənin 8-ci bəndinə əsasən müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq alanın qeydiyyatda olduğu yer və ya Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyat məhkəmələrə müraciət edə bilər. 13.04.2018-ci il tarixli, 727-GL/18 saylı müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC-dir. Müqavilədə onun hüquqi ünvanı isə Sabunçu rayonu, ünvan 2ir. İddia ərizəsindən göründüyü kimi iddiaçı qismində lizinq verən "xxxx" ASC deyil, onun əvəzinə iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia qaldırmışdır. Halbuki sözügedən müqavilənin 8-ci bəndində Lizinq verənin, yəni "xxxx" ASC-nin öz ərazi aidiyyatı üzrə iddia qaldırmasının mümkünlüyü qeyd edilmiş və müqavilə tərəfi olan Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə sonuncunun ünvanı üzrə iddia qaldırması barədə hər hansı müqavilə bağlamamışdır. Məhkəmənin qənaətinə görə belə halda iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müqavilənin 8-ci bəndində qeyd edilənlərə əsaslanaraq öz ərazi aidiyyatı üzrə Bakı şəhəri, Nərimanov rayonuna iddia ərizəsilə müraciət etməsi cavabdehin hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə mövqe həm də onunla əsaslandırılır ki, müqavilə tərəfi kimi Cavabdeh yalnız müqavilənin 8-ci bəndinə əsasən lizinq verən tərəfin Sabunçu rayonunda qeydiyyatına əsaslanmaqla məhkəmə mübahisəsinin həllinə dair razılığa gəlmişdir. İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hüququn ona ötürülməsinə dair ehtimallarının mövcudluğu əsasında başqa ərazidə iddia iddia qaldıracağını müqavilə bağlanan vaxt Cavabdeh görə bilməzdi. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ona qarşı öz ərazi aidiyyatı üzrə iddia qaldıracağını və belə iddia qaldıracağı halda mülki işin Nərimanov rayonunda baxılması ilə bağlı cavabdeh tərəfin iradə ifadəsi də məhkəməyə məlum deyildir. Odur ki, hazırki iş üzrə tərəflər arasında mübahisənin həlli ilə bağlı müqavilədə ərazi aidiyyatı müəyyən edilmədiyindən iddia ümumi iddianın verilməsi qaydalarına uyğun olaraq cavabdehin qeydiyyatda olduğu yerə görə verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Nərimanov rayonu ərazisində yerləşmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya ərazi aidiyyatı qaydalarına uyğun iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.2, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə ərazi aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-5426/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5426/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver