Məhkəmə qərarları › İş №e-2(005)-5486/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-5486/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-5486/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əzizova Şəbnur Rəfail qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü ildə bağlanmış 154513 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1899,96 manat əsas, 579,82 manat cərimə, ümumilikdə 2479,78 manat borc və 44,79 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh1 və zamin Cavabdeh2 ilə xx.xx.2024-cü ildə bağlanmış 154513 saylı nisyə alğı-satqı müqaviləsinə görə iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 2000 manata nisyə televizor satmışdır. Cavabdeh hər ay 105.55 manat ödəmək şərti ilə 18 ay müddətinə, hər ayın 28-dək ödənişi öz üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müvafiq müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehə borcun ödənilməsinə dair dəfələrlə ona məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 1.899,96 manat əsas, həmin gün üçün hesablanmış 579,82 manat cərimə, 2.479,78 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdeh ondan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə xx.xx.2025-ci il tarixə 1.899,96 manat əsas, 579,82 manat cərimə, 2.479,78 manat ümumi borc yaranmışdır. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 154513 saylı müqaviləyə əsasən R.X1 0p633ndü900184 “Samsung” markalı televizor almışdır. - xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 154513 saylı müqavilə əsasında satılmış əşya bütün ləvazimatı, eləcə də əşyaya aid olan sənədlərlə birlikdə alıcıya təhvil verilmişdir. - İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 154513 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi təqdirdə satıcı qarşısında tam həcmdə məsuliyyət daşıyacağı barədə üzərinə öhdəlik götürmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli, 154513 saylı müqavilə üzrə 1899,96 manat əsas, 579,82 manat cərimə olmaqla, ümumilikdə 2479,78 manat borcu yaranmışdır. - xx.xx.2025 və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarına əsasən İddiaçı MMC borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə borclu və zamini xəbərdar etmişdir - ********** nömrəli ödəniş qəbzinə əsasən məhkəməyə iddia tələbi ilə müraciət edilməsindən ötrü iddiaçı tərəfindən 44,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1, 448.2-ci maddələrinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə müvafiq olaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 470.1-ci maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1, 472.2-ci maddələrinə müvafiq olaraq, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 567-ci maddəsinə müvafiq olaraq, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1, 600.4-cü maddələrinə müvafiq olaraq, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə müvafiq olaraq, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 284-1-ci maddəsinə müvafiq olaraq, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə müvafiq olaraq, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan materialları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin tələblərinə görə nisyə alğı-satqı müqaviləsi o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsinin bağlanması yolu ilə öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. İşdə olan sənədlərlə satıcının müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirdiyi (malı qüsursuz şəkildə alıcıya verdiyi) müəyyən olunsa da, müqavilə şərtləri alıcı tərəfindən pozulmuşdur ki, satıcının iddia tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Satıcı iddia tələbi ilə məhkəməyə müraciət etmədən öncə yaranmış borcun ödənilməsi barədə bildirişlə alıcıya müraciət etmiş, ödəniş edilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə sonuncunu xəbərdar etmişdir. Cavabdehin borcu iş materialları ilə sübuta yetirildiyinə görə iddia tələbi əsas borca aid hissədə təmin edilərək, yaranmış borc iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilməlidir ki, cavabdehdən əsas borc ilə yanaşı cərimə borcu da tələb edilmiş, cərimənin məbləği iddiaçı tərəfindən 579,82 manat olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, işdə olan sənədlərlə müəyyən olunur ki, tələb təkcə Cavabdeh1 (əsas borcluya) qarşı deyil, eyni zamanda Cavabdeh2 qarşı da yönəlmiş, yaranmış borcun müştərək qaydada hər iki cavabdehdən tutulması xahiş edilmişdir. Yuxarıda iş materialları sırasında göstərilmiş olan zaminlik müqaviləsi ilə Cavabdeh2 əsas, yəni xx.xx.2024-cü il tarixli, 154513 saylı müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi təqdirdə üzərinə tam həcmdə məsuliyyət götürdüyü müəyyən olunduğuna görə yaranmış olan borc (dəbbə pulu və s.) zamindən də müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, 1.899,96 manat əsas, 50 manat cərimə olmaqla, ümumilikdə 1949,96 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: İddia tələbi qismən təmin edildiyinə görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 35 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.899,96 manat əsas, 50 manat cərimə olmaqla, ümumilikdə 1949,96 manat borc və ödənilmiş dövlət rüsumunun 35 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar