Məhkəmə qərarları › İş №e-2(005)-55/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-55/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-55/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, "xxxx" ASC-nin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı (Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsi, "xxxx" ASC və X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X19”nun (hazırki Cavabdeh1 MMC) hərracın yekunları barədə 30 saylı 15 fevral 2018-ci il tarixli protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizələr təqdim edərək, X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs, Cavabdeh2 MMCnin isə cavabdeh qismində cəlb edilməsi və həmin şirkət tərəfindən verilmiş QR 326 nömrəli qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(010)-1916/2014 saylı qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Belə ki, həmin icra sənədinə əsasən cavabdehin, yəni İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılmasına qərar verilmişdir. Bundan sonra Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-13134-14/12- 923 saylı, 12 yanvar 2018-ci il tarixli məktubuna əsasən ipoteka predmeti olan “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 fevral 2018-ci il tarixdə saat 11:00 da “X19” MMC tərəfindən ünvan 1 ünvanında keçirilən hərraca çıxarılmışdır. “X19” MMC tərəfindən hərracın keçirilməsi barədə ona qanunvericiliyin tələbinə uyğun olaraq məlumat verilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin tələbinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “X19” MMC-nin hərracın yekunları barədə 15 fevral 2018-ci il tarixli, 30 saylı protokolundan görünür ki, mülkiyyətində olan “Renault Tondar” markalı **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobil son satış qiyməti 2830 manat olmaqla X1. Hərracda sözügedən əmlakın qiyməti bazar dəyərindən azı 5 dəfə aşağı qiymətləndirilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi “Renault Tondar” markalı **-ET- *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi, yəni ipoteka qoyan olduğu halda, keçirilən hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona heç bir məlumat verilməmiş və bilərəkdən hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Eləcə də hərrac keçirilərkən avtomobilin satış qiyməti qanunsuz olaraq bazar dəyərindən ən azı 5 dəfə aşağı qiymətə hərraca çıxarılmış və tələbkara satılmışdır. Bu hal onun hüquqlarını kobud şəkildə pozmaqla onun külli miqdarda zərərə düşməyinə səbəb olmuşdur. Göründüyü kimi, “X19” MMC tərəfindən keçirlən hərrac zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu hal isə onun mülkiyyət hüququnu kobud şəkildə pozmaqla bərabər, maddi durumunun ağırlaşmasına səbəb olmuşdur. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, hərracın keçirilmə vaxtı 15 fevral 2018-ci il göstərilməklə, ilkin hərrac barədə 17 yanvar 2018-ci ildə “Kaspi” qəzetində elan verilmiş və bildirişlər tərəflərə göndərilmişdir. İddiaçı 15 fevral 2018-ci il tarixində imzalanmış protokolu indi mübahisələndirməklə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Əmlakın qiyməti hərrac təşkilatı tərəfindən müəyyən edilmir. Əmlakın ilkin satış qiyməti 2800 manat olmaqla qiymətləndirilmiş, heç kəs tərəfindən mübahisələndirilməmiş və əmlak bu qiymətlə hərraca çıxarılmışdır. Cavabdeh1 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, prosessual müddətlər ötürülməmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi eyni zamanda “iddia müddətinin tətbiqinə dair” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan protokol xx.xx.2018-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə 4 il sonra (qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmişdir. Buna görə də İddiaçı Cavabdeh1 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək hərracın nəticələri barədə məlumatlarının olmadığını, avtomobil onların əlindən alındığından onun bu qədər ucuz qiymətə satılmasını təsəvvür etmədiklərini, ümumiyyətlə hərracın hansı təşkilat tərəfindən necə keçirilməsini bilmədiklərini, bunu yalnız Yasamal Rayon Məhkəməsində artıq hesablanmış borcun silinməsi ilə bağlı iddia qaldırarkən öyrəndiklərini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X20 bankın hərraca çıxarılan əmlakın baha qiymətə satılmasında maraqlı olduğunu və məsələnin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 MMC-nin nümayəndələri, o cümlədən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 və Yasamal Rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə adı çəkilən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(010)-1916/14 saylı icra vərəqəsinin surətindən görünür ki, İddiaçı 27 iyun 2013-cü il tarixli, 17-A-1-0- 2622-13 saylı kredit müqaviləsinə əsasən cəmi 11153 manat məbləğində pul vəsaiti alınaraq “Nikoyl” İKB-yǝ verilməli, 27 iyun 2013-cü il tarixli 17-A-1-0-2622-13 saylı ipoteka müqaviləsinə əsasən, cavabdeh İddiaçı məxsus ipoteka predmeti olan "Renault Tondar" markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, avtomobil açıq hərracdan satılmalı və cavabdeh İddiaçı "Nikoyl" İKB-nin 6 saylı filialına olan kredit borcu həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməli, kreditin təminatı olan ipoteka predmetinin satışından əldə olunacaq pul vəsaiti hesabına iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan məbləğ borcluya, yəni iş üzrə cavabdeh İddiaçı qaytarılmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı alınaraq "Nikoyl" İKB-yə verilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsində bildirişin qeydiyyata alınması üçün iddiaçı tərəfindən ödənilmiş rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçının xeyrinə tutulmalıdır; Cavabdeh2 MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinin surətindən görünür ki, “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixə bazar qiyməti 2800 manat olaraq müəyyən edilmişdir; Açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 04/07 nömrəli bildirişin surətindən görünür ki, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair açıq hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə, saat 11:00-a təyin edilmişdir; “Kaspi” qəzetinin xx.xx.2018-ci il tarixli, 009(3984) nömrəli buraxılışından görünür ki, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə, saat 11:00-da açıq hərracda satılması ilə bağlı elan dərc olunmuşdur; “Hərracın yekunları barədə” 15 fevral 2018-ci il tarixli, 30 nömrəli protokoldan görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-1916/14 saylı icra vərəqəsi və Yasamal rayon İcra Şöbəsinin xx/xx-13134-14/12-923 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubu əsasında hərrac təşkilatçısı “X19” MMC tərəfindən ilkin satış qiyməti Cavabdeh2 MMC-nin 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 2800 (iki min səkkiz yüz) manat müəyyən edilən İddiaçı məxsus “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçirilmiş açıq hərracın qalibi X12 olmuş və o, həmin avtomobili 2830 manata almışdır; Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4279/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 7954 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir; Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı ünvanlanmış məktubdan görünür ki, onun “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilinin hərracdan satılıb-satılmaması, əgər satılıbsa həmin avtomobilin satılması ilə bağlı keçirilmiş hərracın nəticəsinə dair sənədlərin surətinin təqdim edilməsi barədə xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq, həmin əmlakın Mərkəz tərəfindən keçirilən hərraclarda satılmaması bildirilmişdir; Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-6847/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “artıq hesablanmış borcun silinməsi” tələbi barədə iddiasının təmin olunmaması qət edilmişdir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2017-ci il tarixinə real bazar dəyəri 14720 manat, likvid dəyəri 12800 manat müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7147 saylı ekspert rəyindən görünür ki, “Renault Tondar” markalı 2013-cü il buraxılışlı avtomobil normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin 2017-ci ilin dekabr ayına nəzəri orta bazar qiyməti təxminən 14000 manat, likvid dəyəri 13500 manat müəyyən olunur; Nəqliyyat vasitəsinin AD seriyalı, 163241 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Tondar” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r; xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Renault Tondar” markalı 90MZ451 dövlət qeydiyyat nişanlı avtomobil X13 tərəfindən X4; Nəqliyyat vasitəsinin AD seriyalı, 452920 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Tondar” markalı 90TV977 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X17r; xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Renault Tondar” markalı 90TV977 dövlət qeydiyyat nişanlı avtomobil X21 tərəfindən X5. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Yasamal rayon İcra Şöbəsi tərəfindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-1916/14 saylı icra vərəqəsinin icrası proseduruna başlanılmış, ipoteka ilə yüklü olan “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-nin QR326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 2800 manat məbləğində qiymətləndirilmiş, “X19” MMC-nin “hərracın yekunları barədə” xx.xx.2018-ci il tarixli protokoluna əsasən isə İddiaçı məxsus həmin avtomobil 2830 manata X2. İddiaçı, hərracın ona xəbər verilmədən keçirildiyinə, o cümlədən əmlakın hərraca dəyərindən dəfələrlə aşağı qiymətə çıxarıldığına istinad edərək hazırkı iddia tələbini irəli sürdüyündən məhkəmə, onun irəli sürdüyü faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verməyi zəruri hesab edir. Çünkü hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İş materiallarından göründüyü kimi, “X19” MMC tərəfindən, Yasamal Rayon İcra şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə və ipoteka predmeti olan avtomobilin hərracdan satılmasına baxmayaraq, keçirilmiş hərrac barədə iddiaçıya məlumat verildiyini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmənin qənaətinə görə, iş materiallarında açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 04/07 nömrəli bildirişin və xx.xx.2021-ci il tarixli teleqramın mövcudluğu da fərqli qənaətə gəlmək üçün əsas deyildir. Belə ki, həmin bildiriş və teleqram keçirilmiş hərrac barədə iddiaçıya məlumat verildiyini təsdiq edən sübut hesab edilə bilməz; əvvəla, açıq hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli 04/07 nömrəli bildirişin mövcudluğu özü-özlüyündə keçirilmiş hərrac barədə iddiaçıya məlumat verildiyini təsdiq etmir. İkincisi, həmin bildiriş xx.xx.2018-ci il tarixlidir və bu o deməkdir ki, hərracın keçirilməsi iddiaçıya həmin tarixdən daha sonra (ən yaxşı halda elə həmin tarixdə) bildirilmişdir. Üçüncüsü, xx.xx.2021-ci il tarixli teleqram 3 il 9 ay daha əvvəlki tarixdə (xx.xx.2018-ci il tarixdə) keçirilmiş hərrac barədə iddiaçının məlumatlandırılmış olduğunu sübut edə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Eyni Qanunun 43.1 və 43.2-ci maddələrinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, hərrac təşkilatı tərəfindən ipoteka qoyana təsdiqetmə üsulu ilə bildiriş göndərilməsi vəzifəsinin mövcudluğuna baxmayaraq, qanunvericiliyin tələblərinə əməl edilməmiş, iddiaçı hərracın keçirilməsi barədə məlumatlandırılmamışdır. Hərraclar barədə bildirişlərin göndərilməsi və ipoteka qoyanın məlumatlandırılması qaydalarına əməl edilməyərək əmlak (mübahisəli nəqliyyat vasitəsi) X1. Mülki Məcəllənin 416-cı maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, avtomobilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ona yazılı bildirişin göndərilməməsi, hərracın ondan xəbərsiz keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmlakın hərraca dəyərindən dəfələrlə aşağı çıxarılması barədə arqumenti də əsaslıdır. Belə ki, “İcra haqqında” Qanunun 51.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 8-ci maddəsinə görə, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. İpoteka predmetinin hərraca çıxarılması proseduru çərçivəsində (icra icraatı zamanı) keçirilmiş mübahisələndirilən qiymətləndirmə rəyi ilə “Renault Tondar” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2017-ci il tarixi üçün 2800 manat bazar qiyməti qoyulmuş, işə məhkəmədə baxılarkən məhkəmə tərəfindən təyin edilən qiymətləndirici ("xxxx" MMC) isə həmin avtomobilin xx.xx.2017-ci il tarixinə real bazar dəyərini 14720 manat, likvid dəyərini isə 12800 manat kimi müəyyən etmişdir. Bu səbəblə məhkəmə tərəfindən tərar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7147 saylı ekspert rəyi ilə “Renault Tondar” markalı 2013-cü il buraxılışlı avtomobilin 2017-ci ilin dekabr ayına nəzəri orta bazar qiymətinin təxminən 14000 manat, likvid dəyərinin isə 13500 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Məhkəmə əldə olunmuş qiymətləndirici rəylərini təhlil edərək hesab edir ki, Cavabdeh2 MMC avtomobili qiymətləndirərkən həmin vaxt təşəkkül tapmış qiymətləri araşdırmamış, qiymətləndirməni səthi aparmış, avtomobilə dair zəruri sənədlərlə tanış olub onun dəyərinə təsir edən amilləri nəzərə almamış, analoji əmlakların bazar dəyərini təhlil etməmiş, bənzər əmlakların müqayisəli təhlilini həyata keçirməmiş, nəticədə əmlakı real dəyərindən aşağı qiymətləndirməklə iddiaçının hüququnun pozuntusuna şərait yaratmış və nəticədə, əmlak real dəyərindən dəfələrlə aşağı qiymətlə hərraca çıxarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlak real dəyərindən çox aşağı qiymətlə hərraca çıxarıldığından, habelə hərracın keçirilməsi qaydaları pozulduğundan hərrac və onun nəticələri etibarsız hesab edilməlidir. İş materiallarından görünür ki, cavadehin nümayəndəsi iddiaçının müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddəti ötürdüyünü göstərməklə hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqinə dair ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin nümayəndəsi müddətin tətbiqi barədə ərizə vermişdir və bu baxımdan məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin hüquqi mahiyyətindən asılı olmayaraq, bu məsələyə hüquqi qiymət verilməlidir. Maddənin məzmunundan göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Hazırki iş üzrə isə bağlanmış əqd mübahsə edilən əqdlərə deyil, əhəmiyyətsiz əqdlərə aiddir. Mülki Məcəllənin 354.1-ci maddəsi ilə bağlı isə qeyd olunmalıdır ki, həmin maddə ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Belə ki, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Konstitusiya Məhkəməsi Plenumunun həmin maddə ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərar). Göründüyü kimi, hazırki iş üzrə fərdi-müəyyən əşyaya dair bağlanmış əqd əhəmiyyətsiz əqd olmaqla Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlərin təsir dairəsinə düşmür. Həmçinin Mülki Məcəllənin 384.0.4-cü maddəsinə uyğun olaraq mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Eyni zamanda o da qeyd edilməlidir ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçıya hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə bildiriş göndərilməmiş və o, hərracın keçirilməsindən məlumatlı olmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı keçirilmiş hərraca dair məlumat əldə etmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə sorğu ilə müraciət etmiş,oradan hərraca dair hər hansı məlumat ala bilməmişdir (əmlaka dair hərracın həmin Mərkəz tərəfindən keçirilməməsi səbəbindən). Daha sonra Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq banka olan borcunun silinməsini xahiş etmiş və həmin məhkəmə prosesində maşının ucuz qiymətə satıldığını, bu səbəbdən banka borcu qaldığını öyrənmişdir. Hazırkı iddia isə xx.xx.2021-ci il tarixdə qaldırılmışdır. Məhkəmə son olaraq, iddia ərizəsinin dəlillərindən asılı olmadan avtomobilə dair bağlanmış müqavilələrin etibarlılığı məsələsinə münasibət bildirilməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi, “Renault Tondar” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracın qalibi tərəfindən digər şəxslərə özgəninkiləşdirilmişdir. Belə ki, avtomobil X12 tərəfindən X16, sonuncu tərəfindən isə X5. Məhkəmə xüsusi olaraq qeyd edir ki, hazırkı işdə xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri etibarsız hesab edilsə də, bu hal özü-özlüyündə həmin avtomobilə dair sonradan bağlanmış əqdlərin etibarsızlığını ehtiva etmir. Belə ki, məhkəmənin qənaətinə görə, iddiaçının pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxslərin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X3 şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarında da göstərildiyi kimi, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə bağlı “X19” MMC (hazırki Cavabdeh1 MMC) tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018ci il tarixli, 30 nömrəli protokol etibarsız hesab edilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, habelə 100 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, qiymətləndirmə xidmətinin göstərilməsi üçün isə 500 manat məbləğində pul cavabdehlərdən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC-nin QR 326 nömrəli, xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyi, “Renault Tondar” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə bağlı “X19” MMC (hazırki Cavabdeh1 MMC) tərəfindən keçirilmiş hərracın nəticələri, o cümlədən hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 30 nömrəli protokol etibarsız hesab edilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2ndən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri olan 500 (beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2ndən müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN **********, hesab: "xxxx" ASC-nin Sumqayıt şəhər filialı, Kod: 200253 VÖEN **********, h/h: AZ06AİİB********************, m/h: AZ37NABZ********************, S.W.İ.F.T. kod: AİİBAZ2X) köçürülsün. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2ndən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X11, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar